Xocalı soyqırımı Pakistan mətbuatında - FOTOLAR

Pakistanın “İslamabad Post” ,“Daily Times” kimi geniş oxucu kütləsinə malik qəzetlərində, “Diplomatic News Agency”, “Daily Spokesman” xəbər agentliklərində və “Centreline” jurnalında, “Xocalı Soyqırımı – İyirminci əsrin faciəsi” və “Xocalı Soyqırımı – İnsanlığa qarşı cinayət” adlı məqalələr dərc olunub. SİA-nın verdiyi məlumata görə, materiallarda Xocalı soyqırımının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20-ci əsrdə Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olduğu bildirilib.

Müəlliflər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Sovet imperiyasının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlı dinc sakinləri gülləbaran etdiklərini qeyd ediblər.

Məqalələrdə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyduğu, 1275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 475 nəfərin şikəst olduğu, 8 ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi diqqətə çatdırılıb.

Yazılarda bu cinayətin Ermənistanın azərbaycanlılara qarşı təcavüzkar soyqırımı siyasətinin növbəti mərhələsi olduğu vurğulanaraq Xocalı faciəsinin Ermənistanın anti-Azərbaycan vandalizminin ilk nümunəsi olmadığı qeyd olunub və 1918-ci ildə Bakı, Quba, Şamaxı və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş qətliamların da ermənilərin etnik nifrətə əsaslanan vəhşiliklərinin bariz nümunəsi olduğu bildirilib.

Müəlliflər məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı Soyqırımının mahiyyətini ortaya qoyduğunu, Onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini və bu sənədin faciənin səbəblərini və cinayətkarları təsvir etdiyini qeyd ediblər.

Məqalələrdə bu soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğundan da bəhs olunub.

Sonda müəlliflər Xocalı soyqırımının Pakistanın da daxil olduğu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınaraq qınandığını bildiriblər.

https://dailytimes.com.pk/727878/khojaly-genocide-tragedy-of-20th-century/

https://islamabadpost.com.pk/khojaly-genocide-a-crime-against-humanity-2/

https://dailyspokesman.net/live/khojaly-genocide-tragedy-of-20th-century/

https://dnanews.com.pk/khojaly-genocide-crime-humanity/

https://centreline.com.pk/2021/02/24/khojaly-genocide-a-crime-against-humanity/

Bütün xəbərlər Facebook səhifəmizdə