ABŞ maliyyə sistemi "düşmənçiliyin mənbəyi" adlandırıldı Ryabkov tərəfindən

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov ABŞ maliyyə sistemini "düşmənçilik fəaliyyətinin zəhərli mənbəyi" adlandırıb və ondan uzaqlaşmaq çağırışı edib. SİA xəbər verir ki, nazir müavini “Bloomberg”-ə verdiyi müsahibəsində, bütün əməliyyatlarda dolların rolunu azaltmaq lazım olduğuna işarə edib.
"Daimi düşmənçilik fəaliyyətlərinin bu zəhərli mənbəyindən asılılığımızı aradan qaldırmaq üçün özümüzü ABŞ-ın maliyyə və iqtisadi sistemindən kənarlaşdırmalıyıq", deyə Ryabkov bildirib.
O, bu cür tədbirlərin ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyəti ilə əlaqəli olduğunu qeyd edib. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini əlavə edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər gərgindir və gərginlik ancaq böyüməkdədir. Onun fikrincə, hətta uzun müddət yaxşılaşma gözlənilmir.
Xatırladaq ki, bir qədər əvvəl rus senator Aleksey Puşkov Qərbin niyə anti-Rusiya sanksiyalarından imtina edə bilməyəcəyini izah etmişdi. Bəlli olur ki, Rusiya rəsmiləri də artıq Qərbin sanksiyalarını və əks mövqeyini etiraf edir. Bu isə ondan xəbər verir ki, artıq bundan əvvəlkindən fərqli olaraq, Qərb Rusiyaya qarşı açıq şəkildə fəaliyyətə başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə