"Zaman Azərbaycanın xeyrinə işləyir" DEPUTAT RƏY VERDİ

"Xankəndidə yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə "milli azadlıq hərakatlarının" ildönümünü qeyd ediblər. Separatçılar Xankəndidəki İntibah Meydanına yürüş ediblər. Yürüşdə iştirak edən yüzlərlə erməni əllərində qondarma "arsax" bayraqları və güllər tutublar. Yürüşün sonunda müharibədə həlak olan separatçıların məzarları ziyarət edilib. Xankəndində keçirilən yürüş azərbaycanlıların etirazı ilə qarşılanıb". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, Xankəndində keçirilən yürüşün Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanması anlaşılandır: "Məhz 33 il əvvəl, 1988-ci ildə fevral ayının 20-i Dağlıq Qarabağda separaratçılıq hərəkatı başlamış və on minlərlə gəncimizin şəhid olması, yaralanması, torpaqlarımızın işğalı, 700 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Düşünürəm ki, 44 günlük müharibədə məğlub olduqdan sonra ilk dəfə belə kütləvi tədbir keçirən separatçıların əsas məqsədi, öz geosiyasi varlıqlarını nümayiş etdirməkdir. Onlar bununla göstərmək istəyirlər ki, guya dövlət strukturları fəaliyyət göstərir və beynəlxalq birlik tərəfindən tanınma prosesi davam etdiriləcəkdir. Digər tərəfdən bu tipli tədbirlərin təşkil olunması, mövcud geosiyasi reallıqlarla birbaşa əlaqəlidir:

"Cənubi Qafqaz regionunda təsir imkanlarını saxlamaq istəyən qüvvələr ənənəvi siyasi təzyiq metodlarından istifadə etməkdən əl çəkmirlər. Həmişə olduğu kimi yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edirlər".

Deputat vurğulayıb ki, Rusiya sülhməramlılarının keşişinin həmin tədbirdə iştirakı isə, dini həmrəylikdən gələn bir məsələdir: "Bir ruhani olaraq yaşadığı yerdə müharibədə həlak olanları ziyarət etmişdir. Düşünürəm ki, bu o qədər də prinsipial məsələ deyil. Biz dövlət olaraq, Rusiya sülhməramlılardan qəti şəkildə 10 noyabr bəyannaməsi ilə razılaşdırılmış müddəaların icrasını tələb etməliyik. Onlar erməniləri, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəlmiş hərəkətlərdən çəkindirməlidirlər. Əks halda bölgədə sülhün təmin olunması çətin olacaq. Gələcəkdə Azərbaycan cəmiyyətini qıcıqlandıran tədbirlərin keçirilməməsi, Rusiya tərəfi ilə danışıqların mövzusu olmalı, onların vasitəsilə ermənilərə ciddi xəbərdarlıq edilməlidir ki, nizamlama prosesinə uyğun davranmalıdırlar. Əks halda, Prezident İlham Əliyevin təbiri ilə desək, "Dəmir yumruq" yerindədir.

Ordunun güclənməsi üçün daha çox maliyyə vəsaiti ayrılmışdır. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə döyüş təlimləri müntəzəm keçirilir, yeni müasir silahlar alınır. Bütün bunlarla yanaşı, düşünürəm ki, cəmiyyət olaraq soyuqqanlı olmalıyıq.Əsas məsələ tarixi qələbəni qazanmışıq. Ən kritik vəziyyətlərdən qalib çıxmağı bacaran dövlətiiz bütün prosesləri nəzarətində saxlayır və lazım olan addımları atır. Zaman Azərbaycanın xeyrinə işləyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...