“Müdafiə Nazirliyi Paşinyanın sözlərini şərh etmədi” Rusiya mətbuatı yazır

Ermənistan Müdafiə Nazirliyi baş nazir Nikol Paşinyanın "partlamamış" İskəndər taktiki raketləri ilə bağlı açıqlamalarını şərh etməyib. SİA xəbər verir ki, Sputnik Ermənistanın bu barədə məlumatını Rusiyaya məxsus RİA Novosti Agentliyi yayımlayıb.
Agentliyin yayımladığı məlumatda o da qeyd olunur ki, bir qədər əvvəl Paşinyan 1in.am-a verdiyi müsahibəsində Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı İskəndər taktiki komplekslərinin “partlamamış” raketləri barədə danışmışdı. O, keçmiş prezident Serj Sarkisyanın erməni hərbçilərinin döyüş əməliyyatlarının başlanğıcında İskəndərdən istifadə edə biləcəyinə dair sözlərinə belə reaksiya verib.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorg Altunyan isə, "Ermənistan baş nazirinin açıqlamalarını şərh edə bilməzlər", deyə Sputnik Ermənistana bildirib.
Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akobyan Dağlıq Qarabağda münaqişənin böyüməsi zamanı İskəndər əməliyyat-taktiki raket sistemindən istifadə edildiyini bildirmişdi.
Onu da qeyd edək ki, Dağlıq Qarabağda uzunmüddətli münaqişənin Ermənistan tərəfinin danışıqlara məhəl qoymamasının, saymazlığının, yenidən terrorçuluq, separatçılıq, işğalçılıq meyillərinin nəticəsi olaraq, 2020-ci il sentyabr ayının sonunda müharibə başladı və 44 günlük müharibənin məntiqi sonluğu olaraq Ermənistan tərəfi böyük itkilər verərək məğlub oldu. Bundan sonra 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın qaçılmaz olduğunu, çıxılmaz vəziyyətdə qaldığını Ermənistan tərəfi başa düşdü və Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəldilər. Bunun da ardınca Azərbaycana məxsus olan ərazilər qeyd-şərtsiz, döyüş və itkilər olmadan Ermənistan tərəfindən boşaldıldı, əzəli və əbədi sahibinə, Azərbaycana qaytarıldı. Diqqətə çatdıraq ki, bu razılaşmaların ardınca bölgəyə rus sülhməramlıları da yerləşdirildi ki, onlar da vəziyyətə nəzarət edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə