Serj Sarqsyanın Aprel məğlubiyyəti: 44 günlük zəfər yolunun başlanğıc nöqtəsi ANALİTİK

Serj Sarqsyanın Aprel məğlubiyyəti: 44 günlük zəfər yolunun başlanğıc nöqtəsi ANALİTİK

Ermənistan TŞ-nın katibi: “Əgər Azərbaycan hərbi əməliyyatları saxladısa, demək, Sarqsyanın verdiyi sözləri qarşı tərəfi qane edib”

2016-cı ilin Aprel müharibəsində Azərbaycan Ordusunun Ermənistanın silahlı təxribatlarına qarşı başlatdığı əks-hücum əməliyyatları zamanı əldə etdiyi zəfərinin ardınca Ermənistanda baş verən proseslər nəticə etibarı ilə hakimiyyətin dəyişilməsinə gətirib-çıxardı. Ermənistanın o zamakı Serj Sarqsyan iqtidarı dördgünlük Aprel müharibəsində aldıqları ağır və sarsıdıcı məğlubiyyətlərini ört-basdır etməkdən ötrü müxtəlif bəhanələr gətirsələr də, xalq onların yalanlarına inanmadı və sonradan Nikol Paşinyanın müxalifət lideri olaraq məxməri inqilab vasitəsi ilə hakimiyyəti devirməsi səbəbi də dördgünlük müharibənin gətirdiyi nəticələrlə bağlanılmaqdadır.

O da əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Ermənistan ordusunun məğlubiyyətin əsas baiskarları illər boyunca işğalçılıq siyasətindən əl çəkməyən ölkənin və bu ölkənin əvvəlki iqtidarlarının – Robert Koçaryan-Serj Sarqsyan hakimiyyətlərinin üzərinə düşür. Bu siyasəti davam etdirmək niyyətində olan Nikol Paşinyan isə bu arzusuna nail ola bilməyib və aşkar nəticə göz önündədir!

Armen Qriqoryan bildirib ki, Serj Sarqsyan müharibənin dayandırılması üçün vədlər verdi və...

“2016-cı ilin aprel müharibəsi o zamankı prezident Serj Sarqsyanın verdiyi sözündən sonra dayandırılıb”. SİA xəbər verir ki, bunu “Radio Azatyutyun”a Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, müharibənin dayandırılması üçün məhz Azərbaycan tərəfinin maraqlarını təmin edən qrafikin realizəsindən sonra müharibə dayandırıldı.

“Aprel müharibəsi erməni tərəfinin verdiyi söz səbəbindən dayandı. Yeri gəlmişkən, həmin verilən sözdən sonrakı o qəbul olunmuş qrafiki ehtiva edirdi və bu qrafik yay boyunca təyin edilmiş müəyyən zamana hesablanmışdı. Yayda “Sasna srer” hadisəsi (İrəvanda yerləşən post-patrul polis alayının silahlı qruplaşma tərəfindən ələ keçirilməsi) baş verdi və Serj Sarqsyan bundan istifadə edərək, verdiyi sözünü 2017-ci ilin aprelinə, sonra isə hakimiyyətin tranzitinə qədər təxirə saldı”, deyə Qriqoryan bildirib və sabiq prezidenti bir sıra ittihamlarda suçlayaraq, Ermənistanın düşdüyü mövcud ağır vəziyyətin səbəbkarı kimi təqdim edib.

“Mən açıq bəyan edirəm ki, məhz onun verdiyi vədlərdən, yaradılan dalanlardan sonra biz ciddi problemlərlə üz-üzə qaldıq”

SİTAT: “Lakin bu adam çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir mühit yaratdı - o postunu tərk edir və sonra da gəlib-deyir ki, “mən imzalamağa, hər hansı addımlar atmağa hazır idim”. Bununla yanaşı, mən açıq bəyan edirəm ki, məhz onun verdiyi vədlərdən, yaradılan dalanlardan sonra biz ciddi problemlərlə üz-üzə qaldıq”.

Serj Sarqsyanın Aprel müharibəsindən sonra hansı vədləri verməsi sualını cavablandıran Ermənistanın təhlükəsizlik şurasının katibi deyib: “Yəqin ki, bu haqda daha dəqqiq sözü Serj Sarqsyan deyə bilər, ancaq aprel müharibəsi dayandırıldı və bundan sonra razılaşmalar əsasında qrafik müəyyən olundu ki, onlar icra edilməli idi”.

Jurnalistin “Ərazilərin qaytarılması vədləri var idimi?” sualını cavablandıran Armen Qriqoryan bu suala da Sarqsyanın daha ətraflı cavab verəcəyini deyib.

Razılaşmaların Azərbaycanı qane edib-etmədiyini də soruşan jurnalistə cavab verən Qriqoryan bildirib: “Əgər Azərbaycan hərbi əməliyyatları saxladısa, demək, onun (Sarqsyanın) verdiyi sözləri qarşı tərəfi qane edib”.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkə KİV-nə verdiyi müsahibəsi zamanı özünü təmizə çıxarmaq niyyəti ilə Aprel müharibəsində aldıqları məğlubiyyətin günahlarını boynunda atmağa çalışıb, ikinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətin məsuliyyətinin isə Nikol Paşinyanın üzərində olduğunu bildirib. Lakin o, bir tərəfdən hakimiyyəti zamanı silah-sursatlar aldığını bildirsə də, həmin silah-sursatların, hərbi texnikaların yararsız olması da sonuncu müharibədə öz təsdiqini tapıb. Həmçinin, Sarqsyanın "çulunu sudan quru çıxarmaq" cəhdinin nəticəsiz qaldığını da belə izah etmək olar ki, əslində, 2016-cı ilin Aprel məğlubiyyəti 2020-ci ildə qazandığımız şanlı qələbənin başlanğıc nöqtəsi kimi tarixə düşüb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə