Qarabağ bölgəsi turizm mərkəzinə çevriləcək

Qarabağ bölgəsi turizm mərkəzinə çevriləcək

Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər son 17 ildə ölkəmizin qürur doğuran səhifələrini təşkil edir. 2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində respublikamız siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınıb. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanların həyat səviyyəsi dəyişib, əhalinin rifahı daha da yaxşılaşıb, həyatımızın bütün sahələri yeni, modern əsaslarla qurulub.

İnamla vurğulayaq ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında ölkədə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi də uğurlarımızın göstəricisidir. Dövlət proqramları ölkədə makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması kimi prioritetləri özündə ehtiva edir.

Görülən işlərlə bərabər olaraq dövlət başçısı tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Bir çox yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı dövlət başçısı son illər ərzində xeyli sayda sərəncamlar imzalayıb ki, bu da əhalinin rahatlığına xidmət edir. Bütün həyata keçirilən bu layihələr vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə turizmin inkişafına səbəb oldu. Koronavirus pandemiyasına qədər dünya qapılarının bir-birinin üzünə açıq olduğu zamanda ölkəmizə gələn turistlərin sayının gündən–günə artmasında ölkəmizin füsünkarlığı, dünya standartlarına cavab verən beşulduzlu otel və istirahət mərkəzlərinin istifadəyə verilməsi və s. ilə yanaşı, rahat gediş-gəlişin təminatı da rol oynamış oldu. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollar, dəmir yolları ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, bu istiqamətdə işlərinin həcmi ilbəil artır.

Azərbaycanın ən gözəl məkanları olan Qubanın Xınalıq kəndi, İsmayıllının Lahıc qəsəbəsi, cənub mirvarisi Lənkəran, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksi, Şəkidəki Kiş Alban məbədi, Şəki Xan sarayı, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astara və onlarla belə bölələrimizin turizmi ilə bağlı yüksək imic formalaşıb.

Son 17 il ərzində dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu.

Artıq işğaldan azad olan Azərbaycan torpaqlarında yeni həyat canlanır. Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılıb. Bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir.

Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malikdir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satıblar. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Şuşanın Cıdır düzünün də bu sırada adı var. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Nəzakət ƏLƏDDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə