Qarabağa qanunsuz səfərlər, "dqr"in "təhlükəsizlik şurasının iclası", "hərbi xidmətə çağırış"
Artıq kifayət qədər bəllidir ki, ikinci Qarabağ savaşında – Vətən müharibəsində əldə edilən qələbəmizin ardınca imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarına əməl olunmur və bəyanatın müddəalarını pozan da, məhz erməni tərəfidir, bu məsələ ətrafında kifayət qədər faktlar var və həmin faktlar demək olar ki, hər gün dəyişir, yenilənir. Lakin daha bir amil budur ki, baş verən pozuntulara, hətta əldə edilmiş razılaşmaya rəğmən, yəni atəşkəs rejiminə sülhməramlı qismində nəzarət mexanizmini həyata keçirən Rusiya tərəfi də seyrci olaraq qalmaqdadır. Noyabrın 10-dan üzü bu yana istər Ermənistandakı hakim və s. siyasi dairə nümayəndələrinin, istərsə də xarici jurnalistlərin, eləcə də digər müxtəlif istiqamətli təşkilat və qurum təmsilçilərinin dəfələrlə səfərləri olub və həmin səfərlərin heç biri Azərbaycanla razılaşdırılmayıb!
Anna Naqdalyan: "Fransadan olan nümayəndə heyəti Ermənistan XİN tərəfindən akkreditə olunaraq "artsaxı" ziyarət edib"
Ötən gün isə belə bir məlumat yayılmışdı ki, Fransadan olan bir qrup jurnalist İrəvanda akkreditə olunaraq, oradan Xankəndinə getməyi planlaşdırıblar və Laçın dəhlizində buraxılış məntəqəsi quran Rusiya sülhməramlıları həmin jurnalistləri əraziyə buraxmayaraq bildiriblər ki, onlar Bakıdan icazə almalı, yalnız ondan sonra Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə keçməlidirlər. Bəri başdan qeyd edib ki, həmin məlumatı Ermənistanın Vatikandakı sabiq səfiri olmuş Mikael Minasyan teleqram və s. sosial şəbəkə səhifələrində paylaşmışdı. Lakin...
Lakin sonradan bəlli oldu ki, Minsanyan yalan danışıb və yenə də digər erməni teleqram kanalı olan "Mısli armyanina" (Erməninin düşüncələri – R.R.) "Minasyanın növbəti yalanı" başlıqlı informasiya paylaşıb və bu informasiyada deyilib. SİTAT: "Fransadan olan nümayəndə heyəti Ermənistan XİN tərəfindən akkreditə olunaraq "artsaxı" ziyarət edib. Səfər haqqında XİN-nin mətbuat katibi Anna Naqdalyan məlumat verib. Təbii ki, heç kim icazə üçün Bakıdan heç nə soruşmayıb...". Bax, belə...
Uduzan tərəf bizə meydan oxuyur?
Təkcə bu informasiyanın özü – yəni fransalı jurnalistlərin Bakının icazəsi olmadan Qarabağa səfər etmələri artıq imzalanmış sənədin üzərindən çalın-çarpaz xətlər çəkir və əslində, bu addım həm erməni təxribatı, həm də sözün əsl mənasında uduzan tərəfin bizə meydan oxuması anlamını daşıyır. Bizim XİN isə nədənsə (?-R.R.) susmağa üstünlük verir və susqunluğu ilə yanaşı hər kəsi narahat edən, nigarançılıqda saxlayan, sözün əsl mənasında ürək bulandıran bu kimi olaylara əvvəllər olduğu kimi, sərt, kəskin münasibət bildirmir? Niyə əcəba? Təəssüf ki, bu barədə də məlumatsızıq. Ancaq gəlin görək, təxribatlar yalnız bu kimi səfərlərlə yekunlaşırmı? Yenə də xeyr...
Yerevan today: "Gündəmdə - "artsaxın" təhlükəsizliyinin təmin edilməsi məsələlərindən tutmuş "respublikanın" nəzarəti altında olmayan regionlarının və sakinlərinin problemlərinədək olan müharibəsonrası reallıqları olub"
Ötən gün quldur "dqr" rejiminin saxta "prezidenti" Araik Arutunyanın "sədrliyi" ilə "təhlükəsizlik şurasının" iclası keçirilib. SİA xəbər verir ki, bu barədə yerevan today yazır. Məlumatda bildirilir ki, gündəmdə - "artsaxın" təhlükəsizliyinin təmin edilməsi məsələlərindən tutmuş "respublikanın" nəzarəti altında olmayan regionlarının (?!-R.R.) və sakinlərinin problemlərinədək olan müharibəsonrası reallıqları olub. SİTAT: "Məruzə ilə "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan, "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan, "şəhərsalma naziri" Aram Sarkisyan çıxış ediblər".
Bu da son deyil! Adıçəkilən erməni informasiya agentliyi növbəti xəbərində yazır ki:
"Dqr"in "müdafiə ordusunda" qış çağırışlarına start verilib"
Qarabağda "müdafiə ordusuna" qış çağırışları start götürülüb. Erməni agentliyi isə bu məlumatı "artsaxın müdafiə nazirliyinə" (?!-R.R.) istinad edərək yazıb. Üstəlik, informasiyada bildirilir ki, "çağırış komissiyasının" üzvləri prosesin şəffaf aparılmasını izləyir, püşkatmalar videoya yazılır və s. Tamamilə imzalanmış üçtərəfli bəyanata zidd bir fakt – erməni silahlıları tərksilah olunmaları yerinə,"ordu" qururlar və bilavasitə Rusiya sülhməramlılarının gözləri önündə və birbaşa Azərbaycanın suveren torpaqlarında!!!
Maraqlı və düşündürücüdür ki, məgər bizim XİN bu faktların hər birinə kəskin reaksiya vermək üçün nə qədər gözləməlidir? Axı müharibə zamanı diplomatiyamız sözün əsl mənasında diplomatik sahədə əsl şücaət nümayiş etdirdi, erməni vəhşiliyinin reallıqlarını tam çılpaqlığı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı, ədalətli savaşımız ətrafında dəqiq, müfəssəl və uğurlu fəaliyyətlərinə imza atdı, bəs indi?
Hələlik isə çoxsaylı suallarımız cavabsız qalmaqdadır və ümid edirik ki, həmin suallara cavablar da veriləcək, istər diplomatik, istərsə də Qarabağ cəbhəsində...
Yaxud, məsələ yalnız onunla başa çatmır ki, Rusiya sülhməramlıları bizim (!!!) ərazilərimizdə bizim (!!!) tikinti materiallarımızı "təhlükəsizliyi təmin etmək" adı altında yenə də bizim (!!!) nəzarətimiz altında olan digər ərazilərimizə aparılmasını hərbi kolonları ilə müşaiyət edir.
Və ya məsələ yalnız onda deyil ki, Rusiya sülhməramlılarının kontingenti gün ərzində qeydiyyatları təyin olunmamış erməniləri birucdan Xankəndinə daşımaqla "atəşkəsi təmin edir", xeyr, bu növbəti təxribatlara, müharibəyə sövqə tərəf atılan kiçik addımlardır və böyük təhlükələrə doğru inkişaf edir və bunu bilənlər də yaxşı bilir, anlayır.
İndi bir sual bizləri gecə-gündüz rahat buraxmır ki: Xankəndində təxribatlar tam sürəti ilə davam edərkən biz susaq, yoxsa baş verən reallıqları yazmağa davam edək? Çünki bu da bizim jurnalistlik, vətəndaşlıq borcumuzdur və narahatlıq yaradan, problemlər doğuran bir sıra məsələləri diqqətə çatdırmaq, məhz peşə fəaliyyətimizdən irəli gələn haldır. Hələlik isə çoxsaylı suallarımız cavabsız qalmaqdadır və ümid edirik ki, həmin suallara cavablar da veriləcək, istər diplomatik, istərsə də Qarabağ cəbhəsində...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB