Müsahibimiz Milli Məclisin deputatı Azər Badamovdur
- Azər müəllim, Ermənistan zenit-raket kompleksini Xankəndindən çıxarmağa başladığı bildirilir. Bu fakt Rusiya Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına cavab olaraq atıldığını demək olar?
- Ermənistanın Xankəndindən zenit-raket komplekslərini çıxarması gözləniləndir. Çünki, Qarabağ torpaqları Azərbaycanın əraziləridir. Torpaqlarımızda icazəmiz olmadan heç bir xarici ölkənin hərbi texnikası və canlı qüvvəsi olmamalıdır. Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə erməni hərbiçiləri qalmamalıdır. Bu ərazilərdən nəinki hava hücumundan müdafiə sistemlərini, həm də erməni silahlılarını da çıxarmalıdırlar. Monitorinq Mərkəzi yaradılana qədər bu ərazilərdə demək olar ki, nəzarətimiz yox idi. Türkiyənin Monitorinq Mərkəzində fəaliyyətə başlanmasından sonra bu ərazilərdə nə baş verdiyini müşahidə etmək imkanı olur. 10 noyabrda imzalanmış üçtərəfli razılaşmaya əsasən ermənilərin canlı qüvvəsi və hərbi texnikaları Rusiya sülhməramlıların gəlişi ilə paralel ölkəmizi tərk etməlidirlər. Çox təəssüf ki, bu baş vermədi. İndi isə Monitorinq Mərkəzi ərazilərimizdə ağır texnikaları müşahidə edir və qarşı tərəfə bunun yol verilməzliyi çatdırılır. Düşünürəm ki, əgər bu gün hava hücumundan müdafiə sistemləri Xankəndindən çıxarılırsa, bu, Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin təsiri sayəsində baş verir.
- Zenit-raket kompleksləri əslində Ermənistanın deyil, Rusiyanındır. Bu yayılan məlumatlar nə dərəcədə düzdür?
- "Zenit-raket kompleksləri Rusiyanındır" düşüncəsi ilə razı deyiləm. Rusiyanın yox, Rusiya istehsalıdır, ifadəsi daha doğru olar. Çünki, ermənilərin silah-sursat almağa iqtisadi imkanları yoxdur. Onların əlində nə silahları ya güzəştli şərtlərlə, ya da pulsuz Rusiya verir. Əks halda 44 günlük Vətən müharibəsindən sonra erməninin əlində heç bir silahı qalmazdı. Görünən odur ki, bu gün ermənilər revanşist bəyanatlarla çıxışlar edirlərsə, onların arxasında yenə havadarları dayanmışdır. Çünki, Vətən müharibəsində düçar olunduğu məğlubiyyətindən sonra ermənilər uzun müddət heç dərindən nəfəs də ala bilməzdilər. Bu gün onlara süni nəfəs verən yenə havadarları və regionda sabitliyin olmamasına maraqlı tərəflərdir. Bütün bunlara baxmayaraq Azərbaycan öz ordusunu daha da müasirləşdirir, gücləndirir. Həm də Türkiyə bəyan edir ki, lazım olan vaxtı lazımlı şəkildə hər zaman Azərbaycanın yanındadır. Türkiyənin yanımızda olması qürurvericidir.
- Xocalı və Xocalı ətrafı kənd və qəsəbələrin yaxın günlərdə Azərbaycana təhvil verəcəyi bildirilir. Bu məlumatla bağlı nə deyə bilərsiniz?
- Nəinki, Xocalı və Xocalı ətrafı kənd və qəsəbələri, hətta ermənilərin nəzarətindəki bütün ərazilərimiz Azərbaycana qayıtmalıdır. Əgər erməni mətbuatında belə fikirləri səsləndirirlərsə, bu onların insanları bu prosesə hazırlanmağından irəli gəldiyini düşünürəm. Azərbaycanın müzəffər ordusu döyüş meydanında öz sözünü demişdir. İndi hamı bilir ki, Dağlıq Qarabağın statusu mövzusu gündəmdən çıxmışdır. Bu ərazilərdə yaşayan ermənilər cəzaçəkmə müəssisələrindəki məhbuslar kimidirlər. Onları Azərbaycana güclə qaytarıblar. Qayıdanlar düşünürlər ki, dəyər-dəyməzə əmlaklarını satıb tez bir zamanda bir dəfəlik ərazilərimizi tərk etsinlər. Qarabağa qayıtmış ermənilərin yaşayışı acınacaqlıdır. Bu gün onlar ancaq Rusiyanın humanitar yardımları ilə yaşayırlar. Onların heç bir gəlir mənbəyi yoxdur. Azərbaycan ərazilərini işğaldan azad edildikdən sonra onların gedib işləmək imkanları tam məhdudlaşmışdır. Perspektivdə də onların Azərbaycanın vətəndaşlığını alıb bizimlə birgə yaşamaqdan ayrı yolu da yoxdur. Kimlər öz başına çarə edə biləcəklər rədd olub gedəcəklər. Kimlərinsə getməyə yerləri və imkanları yoxdursa, onlar qalıb bizim vətəndaşlığını alıb yaşamaqlarına davam edəcəklər. Rusiya sülhməramlıları da torpaqlarımızda əbədi qalmayacaqlar. Onların da ərazilərimizdə olma müddətləri razılaşdırılmışdır. Gec-tez bütün xarici hərbiçilər ölkəmizi tərk edəcəklər. Dağlıq Qarabağın gələcək taleyi ancaq Azərbaycanla bir yerdə olmaqdır.
- Maraqlıdır ki, Rusiya Türkiyə birgə Monitorinq Mərkəzi fəaliyyətə başladıqdan sonra Qazax istiqamətində atəşkəs pozuldu. Bu atəşkəsin pozulması da maraqlı tərəflərin olduğunu düşünmək olar?
- Belə düşünmürəm. Ona görə ki, atəşkəsin pozulması Qarabağdan kənarda, Qazax ərazisində baş vermişdir. Bütün maraqlı tərəflər bilirlər ki, işğaldan azad olunmuş ərazilərdən kənarda silahlı toqquşma baş verərsə, buna sülhməramlılar cavabdeh deyil. Həm də bilirlər ki, hər bir təxribatın qarşısı silahlı qüvvələrimiz tərəfindən ciddi şəkildə alınır. Baş vermiş təxribatı isə Ermənistandakı xaoslu vəziyyəti ilə əlaqələndirərdim. Erməni müxalifəti müxtəlif yollarla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Erməni müxalifəti gündəlik meydan hərəkatları keçirirlər. Görürlər ki, bir nəticəyə nail oluna bilmirlər, ona görə də Azərbaycanla sərhəddə təxribata əl atırlar ki, yeni münaqişə ocağını yaratsınlar. Çünki, erməni ordusunda da özbaşınalıqdır. Bütün silahlı hərbi birləşmələri Paşinyanın nəzarətində deyillər. Müxalifətin güclənməsini və Paşinyanın deviriləcəyini düşünərək, onlara dəstək verənlər erməni ordusunda çoxdur. Düşünürəm ki, baş verən təxribat da məhz onların əli ilə olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB