Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasını ilə nəticələndi. Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza ayaq basırıq. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Artıq bu gün tarixiləşdi.
"GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR"
Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər gənclərdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Məlumdur ki, ölkəmizdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib. Ulu Öndər Heydər Əliyev hər zaman "Gənclər bizim gələcəyimizdir" ifadəsini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirərək dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm vermişdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.
"MƏN ÇOX ŞADAM Kİ, SON İLLƏR ƏRZİNDƏ AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"
Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərimiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, on yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".
Bəli, Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlandı. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşuldu. Budur bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Azərbaycanın işğaldan azad olunan yerlərinə sancılıb.
VƏTƏN OĞLU, AZƏRBAYCAN SƏNİ HEÇ VAXT UNUTMAYACAQ!
İşğal altında olan torpaqlarımızın işğaldan azad olunmasında şəhid olan gənclərimiz, eləcə də qazilərimiz Vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında fəal şəkildə iştirak etdilər. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldular. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir Azərbaycan gəncinin ən böyük arzusu idi. Buna nail oldular: Qarabağ Azərbaycanındır!
Gənclərin rəşadəti sayəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarını dünya ictimaiyyətin diqqətinə çatdırdı.
Torpaq uğrunda şəhid olan Azərbaycanın igid oğullarının qəlbimizdə abidələri ucalıb. Vətən savaşında şücaət göstərərk düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Ruhun şad olsun igid vətən oğlu, Azərbaycan səni heç vaxt unutmayacaq. İgidlik göstərmiş vətən övladları, gəncləri dövlət başçısının sərəncamı ilə yüksək adlara, mükafatlara layiq görüldülər. Bu onlara qarşı bir ehtiramdır, diqqətdir. "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və s. medallarla təltif olundular. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına, gənclərimizə olan diqqətinin, qayğısının təzahürüdür.
Bu gün hər bir gəncin üzərində böyük məsuliyyət var. Hər bir gənc Azərbaycanın inkişafı, onun yüksəlməsi uğrunda daha da əzmlə çalışmalı, töhfələrini verməlidirlər. Qarabağın yenidən qurulmasında Azərbaycan gənclərinin rolu böyük olacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB