Dünyada 100 milyon doza vaksin tətbiq olunub

Dünyada 100 milyon doza vaksin tətbiq olunub

Hesabata görə, dekabr ayının əvvəlindən ilk kütləvi peyvənd kampaniyalarının başlamasından iki ay keçməmiş dünya miqyasında 100 milyon dozadan çox Covid-19 peyvəndi tətbiq edilib. SİA xəbər verir ki, bu barədə Fransaya məxsus "Le Fiqaro" nəşri rəsmi mənbələrin hesablamalarına və hesabatlarına istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rəsmi mənbələrdən verdiyi informasiyalara görə ən azı 77 ölkədə 101 317 005 peyvənd inyeksiyası həyata keçirilib.
Həmçinin diqqətə çatdırılır ki, İsrail bu prosesdə ən qabaqcıl ölkədir. Bu günə qədər əhalinin üçdə birindən çoxu, 37 %-i ən azı bir peyvənd alıb, hər beş israillidən biri, yəni, təqribən 21 %-i peyvənd prosesini tamamladıqdan sonra ikinci bir doza da qəbul edib.
Orta gəlirli Çin və Hindistan kimi nəhəng ölkələrə gəldikdə, onlar müvafiq olaraq 24 milyon və 4 milyon doza tətbiq ediblər, lakin əhalisinə nisbətdə digərlərindən geridə qaldılar.
Xatırladılır ki, hazırda dünyada dövriyyədə olan yeddi peyvənd var. Şimali Amerika, Avropa, İsrail və Körfəz ölkələri daha çox ABŞ və Almaniya tərəfindən hazırlanan Pfizer-BioNTech peyvəndləri seçiblər, İngiltərədəki AstraZeneca-Oxford peyvəndləri isə yaxın zamanlarda təsdiqləndikdən sonra Avropa ölkələrinə gələcək. Hindistan yerli olaraq hazırlanmış Bharat Biotech peyvəndindən istifadə edir.
Rusiyanın "Gamaleya" mərkəzinin Sputnik V peyvəndi isə yalnız Rusiyada deyil, Argentina, Belarusiya, Serbiya və Əlcəzairdə də tətbiq olunur.
Çin peyvəndlərinə gəldikdə, Çinlə yanaşı olaraq Sinofarm peyvəndi, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Seyşel, Misir, Laos və Serbiyada, Sinovac peyvəndi isə İndoneziya, Braziliya və Türkiyədə istifadə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə