"Prezident sülhün və əməkdaşlığın banisidir"

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Belə bir söz var, deyərlər ki, ən böyük mədəniyyətlər böyük müharibələrdən sonra yaranır. Düşünürəm ki, sadəcə mədəniyyətlər yox, ən böyük əlaqələr və əməkdaşlıqlar da böyük müharibələrdən sonra yaranır. Xatırlayırsınızsa, müharibənin ən qaynar fazası idi, cənab Prezident dedi ki, müharibə bitəcək, sonra hamı əməkdaşlıq üçün bizə müraciət edəcək. Əslində bu qalib və müzəffər ordunun Ali Baş Komandanının düşmənə yardım etməyə meyilli ölkələrə ciddi xəbərdarlığı idi. Bu gün müharibə bitib. Biz regionda yeni reallıqlar yaratmaqla yeni əməkdaşlıqlarda diqtə edən tərəfik. Yalnız neft - qaz ixrac edən dövlət kimi deyil, tranzit yollara nəzarət edən, ordu quruculuğu sahəsində ciddi təcrübəsi olan, Avropanın enerji təminatını həyata keçirən bir dövlət kimi dünya xalqlarının etimadını qazanmışıq.

21 yanvar 2021-ci il tarixdə Azərbaycan və Türkmənistan Respublikaları arasında imzalanmış "Dostluq" yatağının işlənməsi üzrə memorandum həm ölkəmizin, həm də regionun tarixində böyük hadisədir. Məsələnin bir neçə aspekti vardır. İlk olaraq məsələyə milli - mənəvi nöqteyi nəzərdən baxmağı təklif edirəm. İmzalama mərasiminin açılışında hər iki dövlət başçısının öz ana dilində salamlaşmasını yadınıza salmaq istərdim. Eyni söykökünə sahib olan iki dövlət başçısı heç bir tərcüməçi olmadan bir-birilərini yaxşı anlamaqdadırlar. Azərbaycan indi Türkiyə ilə bütün türk dünyası arasında mənəvi, siyasi və iqtisadi körpü rolunu oynamaqdadır. Türklərin Ata yurdu olan Orta Asiya ilə Kiçik Asiya arasında Qafqaz regionu artıq çox böyük əhəmiyyətə malikdir. Türkiyədən Naxçıvana, Zəngəzura, Qarabağa, Bakıya və Xəzər dənizi vasitəsi ilə bütün Orta Asiyaya, Çinə açılan yollar yalnız iqtisadi birliyimizi deyil, söykökü birliyimizi də özündə ehtiva etməkdədir. Aralıq dənizindən Böyük Çin səddinə qədər harada türk dilli xalqlar yaşayırsa, artıq o əraziyə gedən yollar ölkəmizdən keçəcəkdir. Bu hər bir türkün ürəyində bəslədiyi böyük Turanın reallaşmasıdır. Bu həm milli, həm etnik, həm də dini birliyimizin coğrafi olaraq ifadəsidir. Qardaş Türkiyə üçün də türk-islam birliyinin əsasında bu coğrafi amil dayanmaqdadır. “Dostluq” yatağının işlənməsinə dair memorandum Turan birliyinin töhfələrindəndir.

Xəzər dənizinin dövlətimizin Türkmənistanla sərhəddində yerləşən bizim tərəfimizdən “Kəpəz”, onlar tərəfindən isə “Sərdar” adlandırılan indiki “Dostluq” yatağı 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir. Hesablamalara görə yatağın 50 milyon ton neft, 30 milyard kub qaz rezervi vardır. Bunlar çox ciddi rəqəmlərdir. Məhz ehtiyatların bu qədər böyük həcmli olması Sovetlər birliyi dağıldıqdan sonra Xəzər dənizinin statusunun müəyyən edilməsində ciddi problemlər yaradırdı. Bu iqtisadi amil Azərbaycanla Türkmənistan arasında siyasi münasibətlərə də mənfi təsir etməkdə idi. Xəzər dənizinin statusu məsələsi və hövzə dövlətlərin onun mineral sərvətlərindən istifadə etməsi ilə bağlı bugün artıq heç bir mübahisəli amil qalmamışdır. Lakin nəzərə alsaq ki, 1994-cü ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin birbaşa iştirakı ilə həyata keçirilən neft strategiyamız olmasa idi, biz bu uğurlara nail ola bilməzdik. İqtisadi problem dənizdə qonşu olan iki qardaş xalq arasında siyasi konfliktlərə gətirib çıxara bilərdi. Lakin biz 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiyanın imzalanması və artıq cari memorandumla birlikdə bütün siyasi, iqtisadi təhlükələri Xəzər dənizi hövzəsində zərərsizləşdirmiş olduq.

Azərbaycan öz qazının Avropaya “Tap”, “Tanap” vasitəsi ilə çıxarılmasını təmin etmişdir. Əlbəttə, indi regionda olan bütün neft-qaz ixrac edən dövlətlər Azərbaycanın milyardlarla dollar və siyasi iradə hesabına inşa etdirdiyi bu ixrac boru kəmərləri vasitəsi ilə öz qazını Avropaya göndərməkdə maraqlıdır. Regionda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ konfliktinin bitməsi və ilıq siyasi mühit yaradılması əlbəttə, bizimlə əməkdaşlıq etmək istəyən, bizim layihələrə qoşulmaq arzusunda olan dövlətlərin sayını artırmaqdadır. Yalnız enerji layihələri deyil, indi ən az enerji layihələri qədər böyük əhəmiyyətə malik nəqliyyat layihələri də vardır ki, ölkəmizin və qonşularımızın böyük mənfəət əldə etməsinə səbəb olacaqdır. İndi artıq Çindən gələn bütün malların Azərbaycan Respublikası ərazisindən Zəngəzur vasitəsi ilə Türkiyəyə çıxışı təmin olunacaqdır. Bu ən qısa və ən rentabelli yol hesab olunur. Türkmənistan da bu nəqliyyat yollarının bir hissəsinə çevirilməkdə maraqlıdır.

Cənab Prezidentin regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisi kimi irəli sürdüyü və həyata keçirilən hər bir layihə eyni zamanda da təhlükəsizliyimizi qarantlaşdıran amillərdəndir. Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizdən keçən beynəlxalq layihələrə yönəlmiş sərsəm və təcavüzkar açıqlamaları xarici partnyorlarımız tərəfindən ciddi reaksiya ilə qarşılanmışdır. Ermənistan heç bir boru xəttinə zərər yetirə bilməmişdir. Bu birmənalıdır. Mən onu da xatırlayıram ki, müharibə vaxtı cənab Prezident Rusiyadan qalxan silahla dolu hərbi yük təyyarələrinin Türkmənistan üzərindən İrana, oradan da Ermənistana getdiyini xüsusi qeyd etmişdir. Hesab edirəm ki, “Dostluq” yatağı bu kimi amilləri də aradan birdəfəlik qaldıracaqdır. Biz öz soykökü ortaq olan qardaşlarımızla ancaq əməkdaşlıq və qarşılıqlı mənfəət əldə etmək haqqında məsələləri müzakirə edəcəyik. Bu kimi əməkdaşlıqlar ölkəmizin regionda və dünyada siyasi varlığını gücləndirməklə təhlükəsizliyini təmin edəcəkdir.

"Dostluq" yatağının işlənməsi üzrə memorandum eyni zamanda Xəzər dənizinin dibi ilə kabellərin çəkilməsinə və strateji informativ resursların Azəbaycanın əlində cəmləşməsinə xidmət edən növbəti uğurun əldə olunması deməkdir. Müasir dövrün ən vacib “silahı” elə informasiyanın özüdür. Azərbaycan regionda belə bir strateji mövqeyə malik olmaqla gücünü, qüdrətini daha da şaxələndirəcəkdir. Azərbaycanı bir dünya brendinə çevirən, sözümüzü imzamız qədər etibarlı edən və bizi dünyanın ən hörmət edilən dövlətləri sırasına yüksəldən cənab Prezident İlham Əliyevin bu memorandumun imzalanmasında da müstəsna xidmətləri vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə