“Komsomolskaya Pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub

Rusiyanın "Komsomolskaya Pravda" qəzetində Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə "Azərbaycan Hüzn gününü qeyd edir" adlı məqalə dərc olunub. SİA xəbər verir ki, Qara Yanvar hadisələrinə həsr olunmuş məqalədə qeyd edilir: 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi tarixə düşüb. O faciəli gecə, 31 il bundan əvvəl ölkəmizin və xalqımızın azadlığını, şərəfini və ləyaqətini hər şeydən üstün tutan igid Azərbaycan övladları Vətən uğrunda canlarından keçiblər. Məqalədə deyilir ki, o gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı bəşəriyyət tarixinə insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur. "Faciəli 20 Yanvar hadisələrinin ertəsi günü ümummilli lider Heydər Əliyev ailə üzvlərinin müşayiəti ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. Həmin tədbirdə o Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüz aktını dinc əhaliyə qarşı qırğın və cinayət adlandıraraq kəskin şəkildə pislədi", - deyə məqalədə vurğulanır. Materialda xüsusilə qeyd olunur ki, Azərbaycan xalqı növbəti dəfə azadlıq arzusunu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldiyi zaman həyata keçirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...