"Azərbaycanın beynəlxalq rolu və nüfuzu getdikcə artmaqdadır" Əli Hüseynli

""Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanlı həmkarı Qurbanqulu Berdımuxamedov arasında keçirilmiş görüşün nəticəsi olaraq bu il yanvarın 21-də Aşqabadda imzalanmış "Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" tarixi, iqtisadi və siyasi əhəmiyyətinə görə beynəlxalq miqyasda diqqət çəkən mühüm hadisədir". SİA-nın verdiyi məlumata görə, bu fikri Milli Məclisin deputatı Əli Hüseynli deyib.

"Məlum olduğu kimi, böyük karbohidrogen ehtiyatına malik bizim "Kəpəz", Türkmənistan tərəfinin isə "Sərdar" adlandırdığı bu yataq hələ ötən əsrin 80-ci illərində neftçilərimiz tərəfindən kəşf edilmişdi. Sovetlər Birliyinin dağılmasından sonra Xəzərin Azərbaycanla Türkmənistan arasında dəniz dibinin ortaq hissəsində yerləşməsi səbəbindən yaranmış mübahisəyə görə burada istismarla bağlı işlər dayandırılmışdı. Son dövrlər ölkələrimiz arasında inkişaf etməkdə olan qarşılıqlı siyasi və iqtisadi münasibətlər digər istiqamətlərdə olduğu kimi bu məsələnin də həlli üçün münasib şərait yaratmışdır.

Yeni yatağın məhz "Dostluq" adlandırılması eyni soykökə malik dost ölkələr kimi Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsini əks etdirən simvoldur. Düşünürəm ki, Türkmənistan və Azərbaycan yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqe sərgiləyən ölkələr kimi Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına təkan verəcəkdir.

Təbii ki, tranzit daşınmalar hər bir ölkənin iqtisadiyyatı üçün əlavə gəlir olmaqdan savayı həm də buna bağlı olan ölkələr arasında etibarlı münasibətləri özündə ehtiva edir. Bu baxımdan karbohidrogen resurslarının birgə istismarı həm də bölgənin inkişafına təsir göstərə biləcək transmilli layihə kimi türkdilli dövlətlər arasında əməkdaşlığa sanballı töhfədir.

Ən əhəmiyyətli məsələlərdən biri də odur ki, yatağın işlənməsi Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) Qaz Boru Xətlərinin rentabilliyini təmin edə biləcək amillər sırasındadır. Belə ki, Türkiyə ilə yanaşı İtaliya, Yunanıstan və digər Avropa ölkələri bu anlaşmadan faydalana biləcəklərinin fərqindədirlər. Nəzərə almaq lazımdır ki, bu layihələrin uğulu nəticələri pay bölgüsündə iştirak edən tərəflər arasında qarşılıqlı inam və etibarın möhkəmlənməsinə ciddi təsir göstərən faktordur və bunun da siyasi çəkisi son dərəcə yüksəkdir. Başqa sözlə, bu istiqamətdə əldə olunmuş nailiyyətlər birbaşa Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini şərtləndirir.

12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış "Xəzər dənizin hüquqi statusu haqqında" Konvensiyanın müddəalarına riayət olunması və Xəzər dənizində yeni formatda əməkdaşlığın təkmilləşdirilməsi, Xəzərin hüquqi statusu məsələsində mübahisəli məqamların həllini tapması baxımından "Dostluq" yatağı ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması kifayət qədər ciddi əhəmiyyətə malikdir"-deyə, deputat fikrini tamamlayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...