Paşinyanın Şuşa barədə etirafları

Dağlıq Qarabağdakı müharibəni kiçik bir torpaq sahəsi təhvil verilməsi ilə dayandırmaq mümkün deyildi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bizim əslində, müharibəni daha kiçik ərazi itkiləri ilə dayandırmaq imkanımız yox idi", deyə Paşinyan etiraf edib.
Məlumatda qeyd olunur ki, “Çiçəklənən Ermənistan” Partiyasından olan müxalifətçi millət vəkili Naira Zöhrabyan baş nazirdən Rusiya Prezidenti Vladimir Putinin "Şuşa üzərində nəzarəti qoruyarkən müharibəni erməni tərəfi üçün daha əlverişli şərtlərlə sona çatdırma ehtimalı olduğu" barədə soruşub. Nikol paşinyan isə cavabında daha əvvəl də müsahibələrində bu məsələlərə ətraflı toxunduğunu xatırladıb.

Danışıqlar prosesinin bütün dövrü ərzində belə, həll yolu istiqamətində “azərbaycanlı qaçqınların Şuşaya qayıtmasının qarşısını alan” bircə seçim belə yox idi”, deyə baş nazir qeyd edib.

Baş nazir xatırladıb ki, Şuşada münaqişədən əvvəl də azərbaycanlı əhali 90%-dən çox olub.

"Əhalisinin 90%-dən çoxunun azərbaycanlılar olan Şuşa şəhərinin də erməni statusu almasını söyləmək istəyirsinizmi?"deyə Paşinyan fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə