20 Yanvar faciəsinə həsr olunmuş videokonfrans - FOTOLAR

19 Yanvar 2021-ci il tarixdə YAP Nərimanov rayon Təşkilatı və Gənclər Birliyinin 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans formatında görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə ilk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan təşkilat sədri Təmraz Tağıyev çıxışında vurğulayıb ki, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin qanlı aksiyası böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: "Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi".

T.Tağıyev bildirib ki, məğrur xalqımızın azadlıq uğrunda mübarizəsinin davamı olaraq 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun gücü sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığa qovuşması ilə şəhidlərimizin qanı yerdə qalmadı.

YAP Nərimanov rayon Gənclər Birliyinin sədri, Təşkilatın baş məsləhətçisi Nərminə Yunusova çıxış edərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib və 31 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs edib. N.Yunusova bildirib ki, Moskvada xalqın faciəsini dünyaya çatdıran Ümummilli Liderin Azərbaycan hakimiyyətinə yenidən dönüşü və onun layiqli davamçısı İlham Əliyevin apardıqları uğurlu siyasət öz sözünü dedi və 2020-ci ilin 27 sentyabrında işğal altında olan torpaqlarımızı 44 günə mənfur düşməndən azad etdik. Şəhidlərimizin qanı, xalqımızın birliyi ilə bu zəfərlərə nail olduq.

N.Yunusova vurğulayıb ki, Azərbaycan gəncliyi bu əbədi birliyi qorumaq və sonrakı nəsillərə ötürməyi sonsuzadək özünə əsas borc, əsas missiya bilir.

Sonra YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavinləri Vüsal Əliyev, Tamerlan Əkbərov, Faiq Məmmədli və fəal gənclər çıxış edərək 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edildiyini söyləyiblər. Həmçinin bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan müstəqillik tarixinin başlama nöqtəsi sayılır. Belə ki, bu dövrdən sonra xalqımızda milli mənlik şüuru, müstəqillik ruhu daha da çoxalıb. 20 Yanvar şəhidləri tək ölkəmiz üçün müstəqillik qazanmayıblar, onlar, həmçinin, Azərbaycan xalqı və ən əsası gənclik üçün bir nümunə rolu oynayıblar. Gəncliyimiz bir insanın müstəqillik üçün canından keçməsinin nə dərəcədə şərəfli bir iş olduğunu 20 Yanvar şəhidlərinin timsalında görüb. Burada Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə "20 Yanvar şəhidi" adının təsis edilməsi barəsində Fərmanını xüsusi qeyd etmək lazımdır. Ümummilli lider bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş hər bir insan xalqımız, millətimiz, dövlətimiz üçün ən yüksəklərdədir. Təbiidir ki, bu da Azərbaycan gəncliyində bir stimul formalaşdırır. Gənclərimiz başa düşürlər ki, onların ən əsas məqsədi dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasıdır. Bu yolda hər bir gənc Ali Baş Komandanın yanındadır.

Sonda təşkilat sədri T.Tağıyev gənclərə yüksək vətənpərvərlik ruhunu əks etdirən çıxışlara görə təşəkkürünü bildirib və Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...