Şəhidlərimizin xatirəsini hər zaman uca tuturuq - MÖVQE ÖZƏL

"1987-ci ildən başlayan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası 1990-cı il​ yanvar faciəsi ilə nəticələndi. Yüksələn xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən səhər saat 6 radələrinə qədər Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlar həyata keçirdi. 70 illik imperiya zülmündən sıyrılıb öz azadlığına doğru addımlayan xalqımızın azadlıq arzusunu boğmaq üçün əli silahsız, dinc əhalimiz güllə yağışına tutuldu. Ermənilərin diqtəsi ilə oturub-duran Qorbaçovun xeyir-duasından sonra vəhşi daşnak sürüsü xalqımıza qarşı belə bir amansız divan tutdu. Buna baxmayaraq, 1990-cı ilin 20 Yanvar hadisəsi faciə olmaqla yanaşı, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi, xalqımızın isə mübarizə əzminin aynası idi. Bu tarix, eyni zamanda, xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Faciə nəticəsində Azərbaycan xalqı bir yumruq kimi birləşməyə müvəffəq oldu. 20 yanvar bizim milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Məhz bu hadisədən sonra biz özümüzü millət olaraq tanıdıq və dərk etdik". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi. 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin təşəbbüsü ilə elə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Belə bir tarixi çətinliklər fonunda, Sovet İmperiyasının hələ tam süqut etmədiyi zamanda Heydər Əliyevin bu cür qətiyyətli mövqe nümayiş etdirməsi onun ümummilli maraqlara nə qədər önəm verdiyini, xalqın ağrı-acısına həssas yanaşdığını bir daha sübut etmiş oldu".

Politoloq bildirib ki, 2020-ci il 10 dekabr Zəfər Paradının keçirildiyi gün Azərbaycan xalqının ən ağır günlərinə şahidlik edən Azadlıq meydanımızda ən müasir hərbi texnikamız və qeyrətli Azərbaycan oğullarımızın məğrur və dik yürüyüşü bütün dünyanı lərzəyə saldı: "30 il ərzində tarixi dədə-baba torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin bütün qanunsuz əməllərinin əksinə olaraq ölkə başçımız cənab İlham Əliyev haqq savaşı yürüdərək, eyni zamanda beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərərək, qərəzli qüvvələrə də dərs keçərək Azərbaycanı tam və bütöv etdi. “Bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” deyən cənab Prezident İlham Əliyev hər çıxışında göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir".

Ş.Həsənova vurğulayıb ki, Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi: "Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı işğal etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Köçəryana və Sarkisyana, onların himayədarlarına da dərs verdi, onların ordusunu məhv etdi. Cani Köçəryan, Sarkisyan, erməni terrorçuları tarixboyu lənətlənəcək, onların adları hərbi cinayətkar kimi xatırlanacaq. Prezident İlham Əliyev hər zaman Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı isə məğlubedilməz və qürurlu xalq kimi tanınacaq. Azərbaycana qəəbə sevincini bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını aldı. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən ulu öndərin Heydər Əliyevin, şəhidlik mərtəbəsinə ucalan bütün əsgər və zabitlərimizin, günahsız insanların da ruhu şaddır. 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də​ Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini​ göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu​ epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi,​ dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində önəmli hadisə​ oldu".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə