Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir FƏRMAN

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilir.

Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

Müəyyən edilir ki, xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir; xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə