Ən çətin sınaqlardan çıxan qardaşlıq birliyi – iki dövlət, bir millət - ŞƏRH

Prezident İlham Əliyev: "Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq"

Rəcəb Tayyib Ərdoğan: "İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik"

Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır.

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı bunun təsdiqidir

Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb. Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.

Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

Göründüyü kimim, bu danılmaz faktordur ki, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələri olan Azərbaycan ilə Türkiyə arasında əlaqələr nə dünənə, nə də bu gün olub. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır".

Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması, 44 günlük İkinci Vətən Müharibəsinin qələbəsindən sonra da bu qardaşlığın hər gün, hər an daha da möhkəm olmaqdadır. Ancaq bu qardaşlığa qısqanclıqla yanaşan bəzi dövlətlər bilməlidir ki, bu birlik iki qardaşın – Azərbaycan-Türkiyənin dəmir siyasət birliyidir!

Rəcəb Tayyib Ərdoğan: "Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: "Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik"

Bəli, hər bir vaxt belə olub, hər iki dövlət başçıları bu qardaşlığı, bu birliyi bütün sahələrdə göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında çıxışında bildirib: "Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: "Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik". Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə. "F-35" üçün addım atdıq, bizi təhdid etdiniz. ""S-400"ləri Rusiyaya geri göndərin" dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə! Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!".

Prezident İlham Əliyev: "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu"

Prezidenti İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günüdə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirib ki, bu iş bitsin, ərazi bötgvlüyü bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: "Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq".

"Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu",- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: "Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik".

Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.

Rəcəb Tayyib Ərdoğan: «Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: "İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir".

Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: "Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır".

Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

Qələbə Zəfərində – İki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan

Qeyd edək ki, hər zaman olduğu kimi, Azərbaycanın Qələbə Zəfərində də «Bir millət, iki dövlət», iki qardaş liderlər qələbə münasibətilə bir-birini təbrik etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib. Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Prezident İlham Əliyev: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq"

"Haber 7" Azərbaycan Prezidenti İlham Əliyevin "Fox News"-a müsahibəsini "Möhtəşəm dostluğumuz üçün qürur duyuruq" başlığı ilə manşetdə yer verib. Azərbaycan liderinə Türkiyəni haqsız suçlamalar qarşısında müdafiə etdiyinə görə təşəkkür edilib.

Türk saytı Prezident İlham Əliyevin amerikalı jurnalistin təxribatçı suallarına peşəkarlıqla cavab verdiyini bildirib: "Azərbaycanın haqlı mübarizəsini bir daha dünyaya eşitdirən Əliyev müxbirin təxribatçı suallarına verdiyi cavablarla gündəmə gəlib. Bölgədə aparılan əməliyyatlar ətrafında informasiya çirkabı yaratmağa çalışan "Fox News"un müxbiri Türkiyəni Azərbaycanla birgə əməliyyatlarda iştirak etməkdə ittiham etdi. Anti-Türkiyə fikirlərə keçid etməyə qoymayan Azərbaycan Prezidenti İlham Əliyev Amerika kanalına siyasət dərsi verdi. Azərbaycan lideri Türkiyənin Dğlıq Qarabağda problem yaratdığını deyən "Fox News" müxbirinin iddiasını kəskin şəkildə rədd etdi. Dedi ki, Türkiyə bizə siyasi dəstək verir, onlar bizim dostumuz və müttəfiqimizdir. Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".

Bəli, bu gün ikigüclü ölkənin lider rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Pezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR! Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə "Bir millət, iki dövlətdir!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...