“Bu təlimlər son dövrün ən böyük hərbi təlimlərindən biri olacaq” ÖZƏL-MÜNASİBƏT

"1-12 fevral tarixlərində Türkiyənin Qars vilayətində qardaş ölkənin silahlı qüvvələri ilə birgə ortaq hərbi təlimlər keçiriləcək. Bu təlimlər son dövrün ən böyük hərbi təlimlərindən biri olacaq. Bu barədə məlumat yayan Türkiyə Müdafiə nazirliyi - "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətimizə davam edəcəyik!" sözlərini məlumatda qeyd edib". Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində Azərbaycana mənəvi dəstək verən qardaş Türkiyə eyni zamanda, Zəfər Qələbəmizdən sonra da siyasi dəstəyini də davam etdirir: "Hərbi sahədə qardaş ölkələr arasında uzun illərdir ki, əməkdaşlıq yüksək səviyyədə aparılır. Fevralın ilk ongünlüyündə nəzərdə tutulan bu hərbi təlimlər ilk deyil. Ötən illərdə də birgə təlimlər keçirilmişdir. Ötən il Naxçıvanda birgə böyük hərbi təlimlər də bu sıradadır. Eyni zamanda, hərbi hava qüvvələrinin birgə təlimləri də müxtəlif bölgələrdə keçirilmişdi. Hər iki qardaş ölkə öz suveren hüquqlarından istifadə edərək birgə təlimlər həyata keçirir. Bu hərbi təlimlər heç bir dövlətə qarşı deyil sadəcə peşəkarlığın artırılmasına, müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Lakin hər dəfə bu cür hərbi təlimlərin keçirilməsi zamanı biz Ermənistanın və onun havadarlarının yersiz reaksiyalarını müşahidə edirik. Bu reaksiyalar, əslində, başa düşüləndi. Uzun illər havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistandan ayrı bir mövqe də gözləmək olmazdı. Ermənistan güclü Türkiyə ordusu Azərbaycanın birgə hərbi təlimlərindən xoflanırdı".

A.Xəlilov onu da bildirdi ki, Azərbaycanda aparılan hərbi islahatlar, müasir silahlanma, döyüş qabiliyyətinin daim artırılması onsuz da erməniləri narahat edirdi: "Təlimlərdə isə NATO üzvü olan Türkiyə ordusunun gücü və peşəkarlığının, təcrübəsinin Azərbaycan ordusu tərəfindən öyrənilməsi xüsusi olaraq erməniləri narahat edirdi. Bundan əlavə Türkiyə bu gün regionun ən güclü dövlətlərindən biri olaraq Azərbaycanın təbii strateji müttəfiqidir. Bütün bunlar Ermənistanın faşist ideologiyasına xidmət edən siyasi dairələrini narahat edirdi. Bu gün artıq Azərbaycan ordusu öz fateh Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı mənfur düşməndən azad edib. Havadarlarının dəstəyinə baxmayaraq ermənilər rüsvayçı məğlubiyyətə uğrayıb. İki qardaş ölkənin birgə təliminə ermənilərin verdiyi reaksiyanı bir neçə məqam ilə izah etmək olar. Başlıca məqam odur ki, erməni siyasilər xalqa və beynəlxalq aləmə car çəkirlər ki, guya Türkiyə Silahlı qüvvələri Azərbayca ordusu ilə birgə torpaqlarımızın azad olunmasında iştirak edib. Əslində isə, bütün dünyaya məlumdur ki, Türkiyə yalnız öz mənəvi dəstəyini göstərib. Torpaqlarımızı birmənalı şəkildə öz müzəffər ordumuz azad edib. Məhz buna görə də, ermənilər növbəti birgə təlimə qarşı hay küylü reaksiya verərək məğlubiyyətlərinə qarşı xalqa təsəlli verməyə çalışır, Beynəlxalq aləmdən guya təklənmiş obrazı yaratmaqla havadar axtarır. Ancaq ermənilərin bu hərəkətləri "suda boğulan insanın saman çöpündən yapışması" məsəlini xatırladır. Əslində, Azərbaycan ordusu özünə güvənərək torpaqlarımızı düşməndən azad etdi. Ermənilərin isə havadarlarının sayı-hesabı yoxdur. Sonda da elə yenə havadarı köməyinə gəldi... Allah şəhidlərimizə rəhmət eləsin! Tanrı iki qardaş ölkəni qorusun. Qarabağ Azərbaycandır!"

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...