"Biz onları hərbi əsir statusunda görmürük" ÖZƏL-MÜNASİBƏT

“Hesab edirəm ki, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələri yüksək qiymətləndirilməlidir". Bunu SİA-ya siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

"Moskva görüşünün ümumi nəticələrini qiymətləndirərkən biz tərəflərin maraqlarının nədən ibarət olması, onların qarşıya hansı məqsədləri qoyması və bu məqsədlərə nə dərəcədə çata bilməsini təhlil etməliyik. Bu suallara cavab verdiyimiz zaman artıq mənzərə tam şəkildə gözümüzün qarşısında canlanır. Açığı desək, Dağlıq Qarabağ münaqişəsi 30 ildir beynəlxalq güclərin də maraqları çərçivəsində olan və hər zaman uzanması üçün səy göstərdikləri çox çətin, Azərbaycanımız üçün ağrılı olan bir münaqişə olub. Bu münaqişənin həlli istiqaməti də mərhələli şəkildə gedəcək. Yəni bunu bir günün, bir ayın içində tamamən maksimalist yanaşma sərgiləməklə həll etmək bir qədər çətin olacaq. Hətta sentyabrın 27-dən bu günə kimi olan prosesləri mərhələlərə də bölmək olar.

Gəlin baxaq, Ermənistan trəəfinin Moskva görüşündə qarşısında qoyduğu hədəflər nələr idi? Birincisi, əsirlərin mübadiləsi məsələsi idi. Paşinyan da məhz ora bu məqsədlə gəlmişdi. Amma buna nail ola bilmədi və çox ciddi tənqid hədəfinə çevrildi. Haqlı olaraq biz onları artıq hərbi əsir kimi deyil terrorçu kimi həbs etmişik və saxlayırıq. Ümumiyyətlə burada tərəflərin hər biri həm də daxili auditoriyaya hesablanmış müəyyən addımlar atmaq məcburiyyətində qalırlar. O cümlədən də Ermənistanın buna çox ehtiyacı var. Paşinyan maksimum dərəcədə öz mövqelərini möhkəmlətməyə və daxili auditoriyanı sakitləşdirməyə çalışır. Daxili auditoriyadan onun qarşısına tələb qoyulur ki, əsirlər geri qaytarılsın. Beləcə bu məsələ həll edilməmiş qalır. Çünki biz artıq haqlı olaraq onları hərbi əsir statusunda görmürük”-deyə, V.Zifəroğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə