"Azərbaycan ictimaiyyətinin Rusiyada baş tutan görüşdən gözləntisi böyükdür. Məlumdur ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri tam mənada Ermənistan tərəfindən həyata keçirilmir. Əlbəttə, Ermənistan tərəfinin bu pozucu fəaliyyətləri Azərbaycan tərəfindən qəbul edilə bilməz. Çünki anlaşmanın əldə edilməsinə baxmayaraq, indiyədək Ermənistan ordusunun Dağlıq Qarabağın bir hissəsindəki tör-töküntüləri bölgədən çıxarılmayıb. Həmin ünsürlər Azərbaycanın ərazi bütövlüyünü təhdid edirlər, Azərbaycan ordusu üçün müəyyən təhlükə mənbəyidirlər, açıq desək, terrorizmə rəvac verirlər. Yəni Ermənistanın üçtərəfli anlaşmaya riayət etmədiyi göz qabağındadır". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin sözlərinə görə, eyni zamanda, Laçın dəhlizi ilə bağlı mövcud durum Azərbaycan dövlətini razı sala bilməz: "Dəhliz hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Bu günlərdə Azərbaycan Prezidentinin özü də yüksək səviyyədə bəyan etdi ki, Rusiya sülhməramlılarının mövqeyi heç də bütün hallarda sülhməramlıların beynəlxalq hüquqla müəyyən edilmiş statusuna uyğun deyil. Təəssüf olsun ki, Rusiyanın siyasi elitasının, konkret olaraq Putinin bəyanatlarından və çağırışlarından fərqli olaraq, sülhməramlılar mövqe nümayiş etdirirlər. Halbuki beynəlxalq hüquqa görə, sülhməramlılar ya sülhü qorumalı, onu təmin etməli, ya da sülhə məcbur etməlidirlər. Amma biz Rusiya sülhməramlılarının timsalında bunları görmürük, əksər hallarda Ermənistanın xeyrinə tərəf tutduğunu müşahidə edirik. Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa humanitar yardım adı altında mənşəyi bizə məlum olmayan silah-sursat daşınır. Bu, əldə edilmiş razılaşmaların ziddinə olan bir addımdır. Rusiya sülhməramlılarının separatçı rejimlə münasibətləri də xoşagələn deyil. Sülhməramlıların komandanının (general Rüstəm Muradov) separatçıların başçısı Araik Arutyunyanla səmimi görüşü, görüş masasına qondarma "bayrağın" qoyulması göstərir ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş missiyanın öhdəsindən gələ bilmir".
Politoloq bildirib ki, Azərbaycan Prezidenti Moskva görüşü ərəfəsində bir daha vurğuladı ki, Dağlıq Qarabağın erməni icmasına əlahiddə statusun verilməsindən söhbət gedə bilməz: "Əgər onlara bir status veriləcəksə, bu, Azərbaycan daxilində muxtariyyət statusu ola bilər. Eyni zamanda, gözləntimiz budur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddialarından açıq şəkildə imtina etməlidir. Çünki Ermənistan bu anlaşmaya imza atıbsa, bununla münaqişədə tərəf olduğunu qəbul edir. Buna görə də, Ermənistan Azərbaycana olan torpaq iddialarından imtina etməli, bundan sonra Azərbaycanla sülh və təhlükəsizlik içində yaşayacağına dair üzərinə öhdəlik götürməli və bu istiqamətdə konkret addımlar atmalıdır. Ermənistan bu öhdəlikləri yerinə yetirərsə, iki ölkə arasında nəqliyyat xətlərinin açılması, iqtisadi-ticarət əlaqələrinin bərpası və genişləndirilməsi, o cümlədən Ermənistanın bölgədəki geosiyasi və geoiqtisadi layihələrdə iştirakına yerin ayrılması məsələlərinə baxıla bilər".
E.Manafov vurğulayıb ki, ümid edək ki, Ermənistan rəhbərliyi və ölkədəki bütün siyasi qüvvələr Ermənistanın gələcək inkişafını nəzərə alaraq, bu yöndə müvafiq qərarlar qəbul edəcəklər: "Amma düşünürəm ki, Ermənistan tərəfi yenə də Moskvada əldə ediləcək anlaşmaları yerinə yetirməməyə çalışacaq. Çünki Paşinyan hazırda Ermənistan müxalifətinin ciddi təzyiqi və demarşı altındadır. İstisna etmirəm ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra bu addımları atsa, Qərbə qaçmalı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB