Paşinyan yenə artistlik edir TƏHLİL

Paşinyan yenə artistlik edir TƏHLİL

Heç şübhəsiz ki, ordusunu “savadlı və konstruktiv” adlandıran Nikol Paşinyan və onun silahdaşları, yüksək rütbəli hərbçilər və dövlət məmurları, sözün əsl mənasında Ermənistan ordusunun başını yedilər. Sözün həqiqi mənasında Paşinyan və ortaqları, özlərinin axmaq və əsassız əmrləri ilə minlərlə erməni əsgərinin ölümünə səbəb oldular. Düşünülməmiş addımlar, ağılsız siyasət, səriştəsiz idarəetmə, naşılıq, işğalçılıq meyilləri və bütün uyğunsuzluqlar sayəsində erməni baş nazir öz xalqını, ardınca da özünü pis vəziyyətə, pis günə qoydu.

Xalqı ona görə pis günə qoydu ki, minlərlə əsgər anası mənasız yerə, özgə torpaqları uğrundakı döyüşlərə görə özladlarını itirdilər, özü də qüvvələr nisbəti bərabər olmayan, Azərbaycanın dəfələrlə üstün olduğu döyüşdə. Həm də aldadılaraq, yalançı qələbə vədləri verilərək insanların daha çox qırğına sürüklənməsinə vasitəçi, vəsilə oldular. Bir zaman itgilərinin fərqində olan xalq üçün də artıq gec idi, elə Nikol Paşinyan və onun komandası üçün də. Çünki, əldən gedən artıq getmişdi və başda canlı qüvvə olmaqla, hərbi texnika, silah-sursat, nəticədə, böyük vəsait itgilərinin fərqində olanlar üçün bunları geri qaytarmaq heç də ağlasığan deyildi. İndi Nikol Paşinyan nə xalqın yaralarını sağalda biləcək deyil, nə də dövlət büdcəsindən çox böyük həcmdə vəsait itgisini bərpa edəcək. Bunu görən, bunu dərk edən insanların isə meydanlara toplaşmaqları, baş nazirin istefası barədə tələbləri başadüşüləndir. Sanki, erməni toplumu öz qisasını almağa çalışır Paşinyandan və onun komandasından.

Heç Nikol Paşinyan üçün də mövcud şərait, daha doğrusu, özü-özünü sürüklədiyi bu vəziyyət ürəkaçan deyil. Cəmi ikicə il yarım bundan öncə kütlənin az qala çiynində daşınan Nikol indi bu kütlənin az qala ayaqları altında qalıb. İstənilən məqamda bu kütlə erməni baş nazirini ikicə il bundan öncə olduğu kimi, mühafizəsiz şəkildə küçədə yaxalasa inanın ki, siqaret kötüyü kimi əzib tullayar. Təsəvvür edək ki, spiker Mirzoyanın yerində Nikol özü olsaydı nələr olardı. Əgər bir buyruq qulu kimi Mirzoyandan bu kütlə elə məhz buna görə, onun buyruq qulu olması səbəbindən əl çəkmişdisə, çətin ki, Paşinyan beləcə yaxa qurtara bilərdi. Bunun dərk edən erməni baş nazirinin öz cangüdənlərinin, mühafizlərinin sayını artırması da əbəs yerə deyil. Çünki, sadalanan bu reallıqları hamıdan yaxşı dərk edən, bu azğın, idarəedilməz erməni əsillilərdən ibarət kütlənin nəyə, hansı vandallıqlara qadir olmasını bilən və bundan öz avanturası üçün istifadə də edən elə Paşinyan özü olub ki, indi də həmin kütlədən özü qorxur.

İki il yarım bundan qabaq kütləni aldadaraq meydanlara toplayan, onlara vədlər verən Nikol Paşinyan sonda bu kütləyə acılardan, milli faciədən başqa heç nə bəxş etmədi. Öz övladlarını özgə torpaqları uğrunda, axmaq bir işğalçılıq siyasəti uğrunda itirən analara xoş gün deyil, ah-nalə verdi bu avantürist. Vaxt keçdikcə öz hakimiyyəti dövründə heç bir nəticə ortaya qoya bilməyən, öz təmsil etdiyi xalqı daha rəzil duruma salan erməni baş nazir vəziyyətdən çıxmaq üçün 2050-ci ilə xöşbəxt gələcək vəd etməklə, yeni bi oyun qururdu, amma bu şəkildə vaxt qazanmaq manipulyasiyası da müharibə məğlubiyyətləri, itgiləri və ölkəsini daha acınacaqlı duruma sürükləməsi fonunda fiaskoya uğradı. Necı deyərlər, Nikol Paşinyan üçün divar qurtardı və onun cavab veermək məqamı çoxdan yetişib.

Bu gün də erməni baş nazir tamam başqa bir oyun oynamağa qalxıb öz xalqı ilə. Az qala 40 gündür ki, erməni xalqını ələ salan, qurbanlarına görə tükü də tərpənməyən, itgin düşənləri axtarmayan, cəsədlərin tapılıb sahiblərinə təhvil verilməsinə zərrə qədər əmək və diqqət sərf etməyən bir fırıldaqçı indi müharibədə ölənlərin guya ki, xatırəsini anmaq istəyinə düşüb. Bu adamın belə uzun müddətdən sonra ölənləri, itənləri xatırlaması həqiqətən də qurbanların yaxınlarını lağa qoymaqdır. Niyə Paşinyan bu gün qurbanların xatirəsini hörmət etməyə qərar verdi? İndi yadına düşdü, yoxsa xatırlaması üçün hansısa bir səbəb lazım idi?

Erməni cəmiyyətinin aqressiyasını, kəskin reaksiyasını başa düşmək ətin deyil. Hələ bir neçə gün bundan əvvəl ölən əsgər analarının dedikləri, Paşinyanın qəti şəkildə Yerablura buraxılmaması, bu yeri onun ayaq basdısı ilə murdarlamamaq kimi tələbləri ictimailəşdiriləndə belə hər məqam aydın idi. Ələlxüsus, erməni mətbuatı bu barədə yazanda da cəmiyyətin fikri açıq şəkildə ifadə olunurdu və bəlli idi ki, erməni baş naziri erməni əsgər anaları öz balalarının məzarı üstünə buraxmaq istəmirlər. Hətta bunu küfr sayırlar.

Maraqlıdır, erməni cəmiyyətinin belə bir antipatiyası fonunda Nikol Paşinyan daha bir səhnəcik qurmağı özünə və təmsil etdiyi xalqa rəva bilib. Bir sözlə, xalqının qan ağladığı bir zamanında Paşinyan artistlik edir. Erməni baş nazir indi də özü yürüş keçirmək qərarına gəlib və bu yürüşü bu gün keçirmək fikrindən onu kimsə daşındıra bilməyib. Ermənistan mətbuatı açıq şəkildə yazır və etiraf edir ki, xüsusi avtobuslarla insanlar Respublika Meydanına daşınıb və hətta meydanın arxasında saxlanılan avtobuslardakılara qərar, əmr verilməyənə qədər avtobusları tərk etməmələri tapşırığı verilib.

Bu gün erməni cəmiyyəti Nikol Paşinyanın heç bir addımını, hətta heç bir sözünü belə qəbul etmirsə, hesaba almırsa, əksinə, bu ölkədə baş nazirə olan antipatiya göz önündədirsə, hər gün istefa tələbi səsləndirilirsə, baş nazir hansı yürüşdən dəm vurur? Bir az daha açıq şəkildə ifadə etsək, Paşinyan yürüşə kimləri çıxarır? Görəsən, onunla yürüşə çıxmağa kimsə var bu erməni cəmiyyətində? Əlbəttə ki, könüllü olaraq yoxdur və ola da bilməz. Əksinə, indi bütün Ermənistan ictimaiyyəti şəxsən Paşinyanın əleyhinə köklənib və hamı bir nəfər kimi onun getməsini istəyir, tələb edir, onunla birgə yürüş etməyi yox. Belə olan halda sual oluna bilər ki, bəs bu yürüş nə məsələdir və kim olacaq axı bu yürüşdə?

Ermənistana məxsus mətbuat səhifələri bu məsələyə özü aydınlıq gətirir və etiraf edir ki, baş nazirlə birgə yürüşə heç də könüllülər qoşulmur. Əksinə, bu yürüşə insanlar ayrı-ayrı yerlərdən avtobuslarla gətirilir və məcbur edilir. Məsələn, bir sıra erməni mətbuat orqanlarının, xüsusən “mediareport” müxbirinin məlumatına əsasən bilidilir ki, Paşinyanın yürüşünə qatılanların qarşısında şərt qoyulub və onlar sadəcə məcbur edilib. Beləki, yürüşə məhz Dağlıq Qarabağdan qaçqın düşənlər qatılır və onlar da bunu sığınacaqları müqabilində etmək məcburiyyətindədirlər. Bildirilir ki, həmin insanlara, yəni Dağlıq Qarabağdan canlarını götürüb qaçan, İrəvana gələn insanlara yaşayış sığınacaqları verilib və bildirilib ki, yürüşə qoşulmasalar onlar sığınacaqlardan məhrum olmalı olacaqlar. Hətta, yürüşə qoşulmayanların bu günün sonuna qədər sığınacaqlardan çıxarılacağı da bildirilib. Bir sıra erməni mətbuat səhifələri yazırlar ki, Nikol Paşinyanın komandası bu gün səhər hər kəsə ayrı-ayrılıqda zəng edərək onlara yürüşə qoşulmaq tapşırığı veriblər və əks təqdirdə, yaşayış sığınacaqları ilə bağlı onlara qarşı sanksiyalar tətbiq ediləcəyi xatırladılıb. Bir sözlə, insanlar Nikolla yürüşə məcbur edilir və bunun üçün xüsusi zor, güc tətbiqi də həyata keçirilir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlardan da bəlli olur ki, birbaşa olaraq Paşinyanın anti-Ermənistan rejimi irili-xırdalı məmurlardan, nazirliklərdən və digər idarələrdən tutmuş məktəb və uşaq bağçalarına qədər bütün dövlət qurumlarının işçilərini yürüşə vadar edir. Xüsusilə, büdcə təşkilatlarının işçiləri yürüşə qoşulmağa məcbur edilir və əks halda hədələnir. Onlara qarşı informasiya terroru da tətbiq edilir. Belə məlumatlar erməni cəmiyyətində yetərincədir. Xüsusilə, insanların Paşinyanın mənfur yürüşündə iştirak etmək məcburiyyətində qaldıqları və onları işdən çıxarmaqla hədələdikləri barədə bir çox məlumatlar dolaşır.

Təbii ki, yürüşdə məqsəd bəllidir və Paşinyan kimi bir insan tək olmadığını, tək qalmadığını göstərmək, özünü reklam etmək istəyir. İstəyir göstərsin ki, onun da müdafiəsində dayanan insanlar, onun da tərəfində olan vətəndaşlar var. Məhz bununla da Nikol istefa verməkdən boyun qaçırmaq istəyir. Bir növ bu kimlərinsə ağzını yummaq, kimləri isə susdurmaq üçün olan bir səhnəcikdir. Bu səhnəciyi qurmaqla Paşinyan artistlik edir və kürsüsünü qorumaq üçün “ayının yüz oyunu bir armud üstündədir” misalındakı kimi, yüz oyundan çıxır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə