“Qara pantera”, ALTAY, "Qızıl qartal" Azərbaycana gələ bilərmi? ANALİTİK+FOTOLAR
Dünyanın silah bazarında oyunçular dəyişir
Azərbaycanın Qarabağda 44 günə həyata keçirdiyi və şərəf tarixinə Vətən müharibəsi adı ilə yazdığı qələbəsində istifadə edilən ən müasir hərbi texnologiyalar və digər texniki təchizatlar, tətbiq olunan silahlar sübut etdi ki, artıq yeni və qlobal dünyanın hərb arealında yeni tələbatlar yaranır və bu tələbatların realizəsini ilk olaraq ölkəmiz həyata keçirərək, cəbhədə əməli şəkildə nümayiş etdirdi. Artıq dünyanın aparıcı hərbi ekspert və mütəxəssisləri də etiraf edirlər ki, Azərbaycan Silahlı Qüvvələri yalnız canlı qüvvəsinin şücaət və qəhrəmanlıqları ilə deyil, həm də onlara məxsus olan ən müasir silah və sursatlardan peşəkarcasına istifadə etməklə, qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirdi, zəfər qazandı. Lakin söz yox ki, həmin proses – yeni hərbi sistemlərin əldə edilməsi və Azərbaycanın silah və hərbi texniki arsenalına qatılması davam etmək qüdrətindədir. Daha dəqiq desək, Azərbaycanın güclü hərbi sənayesi ilə yanaşı, xarici ölkələrin istehsal etdikləri müasir texnikaların da cəlb edilməsi marağı reallaşdırılacaq.
Norveç sifariş verib, Oman isə astronomik məbləğə - 885 milyon dollara 76 ədəd “Qara pantera” almağa hazır olduğunu bəyan edib
Bu arada Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenqauerin sözügedən mövzuda verdiyi şərhi maraq doğurmaya bilməzdi. Onun sözlərinə görə, artıq Azərbaycan Cənubi Koreyadan 100 müasir K2 tanklarını əldə etmək istəyindədir. Bu tank hərbi mütəxəssislər tərəfindən “Qara pantera” adlandırılır və döyüş şəraitində bir çox ultramüasir imkanları, üstünlükləri ilə seçilir. Məhz bu tələbatı nəzərə alan Cənubi Koreyanın Hyundai Rotem şirkəti Polşa hökuməti ilə 2023-cü ilədək 800 ədəd K2 Blak Panthet tankını istehsal etmək razılaşmasını əldə edib.
Qeyd olunur ki, Cənubi Koreyanın K2 PL tankının Polşa versiyası Varşavanın konkretləşmiş tələbatı əsasında təchiz edilib. Belə ki, polşalı hərbçilər arzu ediblər ki, tank Mərkəzi Avropadakı hərbi teatr fəaliyyəti mühitinə uyğun olmalı, həmçinin hərbi maşının komanda və idarəetmə sisteminə məhz Polşa istehsalı olan avadanlıqlar inteqrasiya edilməlidir.
Bu da son deyil. Məsələ ondadır ki, polşalı hərbi mütəxəssislərin təkliflərindən sonra Norveç və Oman da “Qara pantera” tankını əldə etmək üçün müraciətlər ediblər. Əvvəlcə Oslo bəyan etdi ki, “Qara pantera” ilə yaxından maraqlanır, ardınca isə Oman astronomik məbləğə - 885 milyon dollara 76 ədəd “Qara pantera” almağa hazır olduğunu bəyan edərək, yeni tankların Britaniyanın “Çellencer-2” və Amerikanın M60 tankları ilə əvəzlənəcəyini bildirdi. Nəticədə Cənubi Koreya KİV-ləri tələskənliklə bəyan etdilər ki, “Qara pantera”nın səhra versiyası artıq Oman sultanlığının səhrasında sınaqdan keçirilib və mühitin tələb etdiyi sınaqlardan uğurla çıxıb. Alıcıya tankın rəng qamması, maskirovka çalarları və dizaynının xarici görünüşü də müsbət təsir bağışlayıb.
Cənubi Koreyanın KA-50 – Qızıl qartal hərbi-təlim təyyarəsi ABŞ-ın F-15 qırıcısına necə meydan oxudu?
Bu isə Cənubi Koreya hərbi sənayesinin beynəlxalq silah bazarındakı yeganə uğurları deyil. Mələlən, 155 mm-lik K9 Thunder artilleriya qurğusu Hindistanın, Norveçin, Finlyandiyanın və Estoniyanın arsenalına daxil edilib.
Maraqlı hadisə ikiyerlik səsdənsürətli hərbi-təlim təyyarəsi olan KA-50 Golden Eagle (Zızıl qartal) ilə baş verib. Məlum olub ki, Seul kommersantları əvvəlcə onu KAI kimi təqdim ediblər və birmənalı olaraq təlim təyyarəsi kimi göstəriblər, lakin bu təyyarə hərbi məqsədləri də yerinə yetirmək qabiliyyətinə də malikimiş. Həmçinin, “Qızıl qartal” reallıqda Amerikanın F-15 Eagle (Qartal) qırıcısına alternativlik təşkil edir, qiymətdə də ondan ucuzdur.
Beləliklə, İraq və Filippin hərəsinə 16 ədəd “Qızıl qartal” təyyarəsi əldə edərək, onları təlimçi pilotlara təhvil veriblər və sonradan məlum olub ki, KAI T-50 yüksək hərbi əməliyyatlar həyata keçirmək qabiliyyətinə malikdir, həmçinin istifadəsi müddətində az xərclər tələb edir.
Artıq İraq hərbçiləri “Qızıl qartal”larla İŞİD silahlılarına hücum etməyə başlayıblar. Filippinin prezidenti Rodriqo Duerte isə “Qızıl qartal”ların əldə edilməsinə şəxsən nəzarət edir. Çünki o 2017-ci ildə Maravi şəhərində bu təyyarənin cihadçı silahlılara qarşı apardığı əməliyyatları izləyib. Nəticədə təlim təyyarəsi kimi istehsala başlayan “Qızıl qartal” artıq F-15-lərə sözün əsl mənasında meydan oxumağa başlayıb.
“Kifayət qədər kütləvi sənaye inkişafı keçən Cənubi Koreya Avropa və ABŞ-ın silah və texnologiyalarına rəqiblik etməyə başlayıb”. Bunu isə Stokholmun dünya problemləri araşdırmaları institunun baş elmi mütəxəssisi Saymon bildirib.
Türkiyənin ALTAY tankları silah embarqosunun yaratdığı bütün çətinlikləri aşaraq döyüşlərə hazırdır!
Lakin dünyanın silah istehsalı texnologiyalarında Cənubi Koreya deyil, həmçinin Türkiyə hərbi sənayesi də öz sözünü deməkdə davam edir. Özü də Cənubi Koreya ilə birgə əməkdaşlıq sahəsində daha uğurlu nəticələr əldə edilib. Məsələn, 2008-ci ildə Cənubi Koreya və Türkiyə arasında bir sıra hökumətlərarası razılaşmalar əldə olunub. Onların arasında “Qara panter” tankının türklərin kifayət qədər perspektivli ALTAY tankı ilə texnoloji imkanlar baxımından mübadilə bazasının təşkilini göstərmək olar. Qardaş ölkəNin ALTAY tankı ordu generalı Fahrettin Altayın (1880-1974) xatirəsinə adlandırılıb. General 1919-1923-cü illərdə Türkiyənin müstəqilliyi uğrunda gedən müharibədə 5-ci süvari korpusuna rəhbərlik edib.
ALTAY tankı 2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəftərxanasında 2020-ci ilin hərbi texnikaları nümunələri sırasına daxil edilib.
2019-cu ildə tankın istehsalı ilə məşğul olan Türkiyə-Qətər BMC şirkətinin baş müəssisə aksioneri Ethem Sancak bildirmişdi ki, ALTAY silahlanmaya 24 ay ərzində qəbul olunacaq.
Lakin Qərb bu proqramın pozulması üçün hər şey etdi. Türkiyə tərəfi ALTAY-ı Almaniyanın MTU mühərriki və RENK tranmissiyası ilə təchiz etməyi planlayırdı. Ancaq Türkiyəyə qarşı son iki ildə tətbiq edilən silah embarqosu almaniyalı istehsalçılarla danışıqların qarşısını aldı. Türkiyə analoji problemi Fransa ilə də yaşadı. Belə ki, ALTAY tankının zirehini fransızlar təchiz etməli idilər.
Dünyada səs salan həmin ölkələrin hərbi texnologiyalarının, silahlarının gələcəkdə Azərbaycanda da mövcud olması faktı reallaşa bilər
Noyabrın sonunda məlum oldu ki, Türkiyə-Qətər BMC şirkəti layihənin icrasının dayanmaması və tankın tələb edilən təchizatlarını təmin etmək üçün Cənubi Koreyanın Hyundai Rotem şirkətinə müraciət ünvanlayıb. Belə ki, BMC müdafiə texnologiyaları sahəsində məhz Hyundai Rotem üzərindən iki Cənubi Koreya konsernlərinə: mühərrik istehsalçıları olan Doosan və S&T Dynamics şirkətlərinə müraciət edib.
Qeyd edək ki, ALTAY tankı sınaq zamanı yüksək göstəriciliyə sahib oldu. Belə ki, hərbi maşın 4000 km məsafəni qət etmək qabiliyyətindədir. Bütün bunlar isə göstərir ki, dünyanın silah monopoliyasında illərdir qalmaqda davam edən bazarlar artıq öz yerlərini Cənubi Koreya, Türkiyə kimi ölkələrə verə bilərlər.
Digər tərəfdən isə bu ərəfələrdə Azərbaycanın silahlanması üçün yeni imkanlar da açılmaqdadır. Nəzərə alarsaq ki, Türkiyə ilə qardaşlıq və hərbi əməkdaşlıq mühiti ən yüksək səviyyədədir və eyni zamanda, Azərbaycanın Cənubi Koreya ilə də bir sıra mühüm sahələrdə əməkdaşlıq imkanları müsbət məcrada davam edir, bu zaman dünyada səs salan həmin ölkələrin hərbi texnologiyalarının, silahlarının gələcəkdə Azərbaycanda da mövcud olması faktı reallaşa bilər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB