Ermənilər “müstəqillikdən” imtina edib Rusyanın tərkibinə keçirlər? ANALİTİK

Ermənilər “müstəqillikdən” imtina edib Rusyanın tərkibinə keçirlər? ANALİTİK

Ölkə KİV-ləri həyəcan təbili çalırlar

Ermənistanda anti-Rusiya meyillərinin yenidən artması prosesi sürətlə davam edir və söz-söhbətlər bu dəfə Nikol Paşinyanın hakimiyyətə gəldiyi ərəfələrdə - Qərbin, daha dəqiq desək, Sorosun ona diktə etdiyi həmin tezis ətrafında getmir, söhbət.

Rusiya sülhməramlılarının əsas mövqelərinin yerləşdiyi Xankəndində baş verənlərdən gedir. SİA xəbər verir ki, artıq Ermənistanın aparıcı KİV-lərində sözügedən mövzu durmadan artır. Xüsusilə, “Çox sağ ol Rusiya” şüarının ermənilərin Qarabağdakı yaşadıqları ərazilərdə əsas mövzuya çevirlməsi bütövlükdə onların qeyri-müəyyən vəziyyətdə qalmalarını kifayət qədər sübut etməkdədir.

Bu arada Ermənistanın Armenianreport saytında sözügedən məsələ ilə bağlı işıq üzü görən analitik yazıda bir sıra ilginc məqamlara toxunulub. Məqalədəki bəzi maraqdoğurucu nüansları təhlil edərkən, bir daha isbat olunur ki, Ermənistan açıq-aydın şəkildə olan-qalan suverenliyini itirir.

Armenianreport: “Bəlkə həqiqətən də bizə müstəqillik lazım deyil?”

“Dəhşətlidir, ancaq həm Ermənistandakı, həm də “arsaxdakı” bir çox insanlar səmimiyyətlə qənaətə gəlirlər ki, artıq müstəqillik onlara lazım deyil və öz vətənlərini Rusiyanın əlinə verməyə hazırdırlar”, qeyd edilən məqalədə bildirilir ki, sayt olaraq (armenianreport) onlar dəfələrlə Ermənistanın müstəqilliyinə qarşı çıxış edən erməniləri sərt və aşağılayıcı şəkildə tənqid hədəfinə çeviriblər: “Xatırlayırıq ki, belə bir şərəfə Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan və kremlyönlü politoloq Sergey Kurqinyan nail olublar. Onlar bəyan ediblər ki, Ermənistana müstəqillik lazım deyil və bizim ölkə Rusiyanın tərkibində olduğu vaxt komfortlu, təhlükəsiz və toxluq olacaq. Kim düşünə bilərdi ki, bu gün mən ürək ağrısı ilə vətənpərvərliyi olmayan, Ermənistanın müstəqilliyinə hörmət göstərməyən insanları dəfələrlə tənqid etdiyim halda, indi onlarla razılaşmalıyam. Bəlkə həqiqətən də bizə müstəqillik lazım deyil?”.

Tevos Arşakyan: “Putinə yalvarırlar ki, o onların Azərbaycanın nəzarətində qalan ərazilərdəki övladlarının nəşlərini geri qaytarılmasına kömək etsin”

Saytın analitiki Tevos Arşakyan sözügedən yazısında davam edir: “Ətrafınıza baxın hörmətli həmvətənlər, siz nəyi görəcəksiniz? Hakimiyyətin, dövlət idarəçiliyinin iflic olmasını, apatiyanı və ictimaiyyətin başını itirməsini. Ancaq baş nazir Nikol Paşinyanın simasındakı hakimiyyət, hökumət və deputatlar ölkə qarşısında dayanan problemləri həll etmək gücündə deyillər və bu, hər kəsə aydındır. Baxın, dərdlərlə dolu olan insanlar Rusiyanın İrəvandakı səfirliyinə və Gümrüdəki konsulluğuna müraciət edirlər, Putinə yalvarırlar ki, o onların Azərbaycanın nəzarətində qalan ərazilərdəki övladlarının nəşlərini geri qaytarılmasına kömək etsin. Bu sizə qəribə gəlmirmi hörmətli oxucular? Əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılması üçün ermənilər İrəvandan deyil, Rusiyadan xahiş edirlər. Əgər bu və ya digər problemləri bizim yerimizə ruslar həll edirlərsə, onda aydın deyil, hökumət və dövlət nəyə lazımdır?”.

Məktəblərində “Çox sağ ol, Rusiya” bannerləri qurulur”

Əslində, həqiqətləri ehtiva edən bu analitik yazıda digər maraqlı məqamlara da toxunulur. Erməni müəllif davam edir: “Nə vaxtsa “Dağlıq Qarabağ Respublikası” (dırnaqlar bizimdir) adlandırılan yerdə işlər daha pisdir. Baxın, Stepanakertdəki (Xankəndidə), Mardakertdəki (Ağdərədə), Əsgərandakı məktəblərdəki ləvazimatlar Rusiya tərəfindən təmin olunur. Rusiya oraya dəftərlər, qələmlər, karandaşlar göndərir, məktəbləri təmir edir. Bəs onda “artsaxın” (Qarabağın) və Ermənistanın müvafiq müəssisələri nə ilə məşğuldurlar? Onlar iflic olublar və birbaşa üzərlərinə düşən vəzifələrinin öhdəsindən gələ bilmirlər. Nəticədə Stepanakertin (Xankəndinin) məktəblərində “Çox sağ ol, Rusiya” bannerləri qurulur”.

Müəllif şəhərlərdə və kəndlərdə infrastrukturların ruslar tərəfindən bərpa edildiyini yazır və eyni zamanda, insanların təhlükəsizliklərinin də rus ordusu tərəfindən təmin edildiyini bildirir. “Bunun qarşılığında “artsax” sakinlərində belə bir hiss yaranır ki, nə onların özləri, nə də Ermənistan heç nə edə bilmir, onlara yalnız Rusiya kömək edə bilər. Əgər bu cürdüsə, onda bizə dövlətçilik nəyə lazımdır ki, onda Rusiyanın tərkibinə doğru getmək lazımdır. Və mən rəngləri qatılaşdırmıram – Stepanakertin (Xankəndinin) sakinləri ilə danışın, çoxu artıq indidən xəyal edirlər ki, Rusiyanın tərkibinə daxil olsunlar. Ermənistanın deyil, Rusiyanın”, deyə qeyd edilən məqalədə bildirilir və o da yazılır ki, bununla ermənilər özlərinin “müstəqillik” maraqlarının olmadığını nümayiş etdirməkdədirlər.

“Qoy bizim yerimizə hər şeyi Rusiya həll etsin”

SİTAT: “Əlbəttə, müvafiq düşüncələr nə Ermənistanda, nə də “artsaxda” (Qarabağda) yeni deyil. Hələ Koçaryanın vaxtında insanlarda müstəqilliklə bağlı məyusluq yaranmışdı. Məhz onda Rusiyaya miqrasiya başlandı və həmin vaxt vətəndaşlarda sabaha olan özünəinamsızlıq yarandı. 2018-ci ildə isə Paşinyan hakimiyyətə gəldi. Ancaq o da hər şeyi uduzan, reytinqini itirən populist çıxdı. Və bu gün xalqın apatiyası, müstəqil ölkədə normal həyatına dönməsinə inanmaması bu populizmin nəticəsidir. Əgər yaxın vaxtlarda vəziyyət yaxşılığa doğru dəyişməsə, əgər hakimiyyətə milli orientasiyalı hökumət gəlməsə, onda biz çox yəqin ki, müstəqilliyin lazımsızlığı barədə düşünməyə başlayacağıq. Qoy bizim yerimizə hər şeyi Rusiya həll etsin”.

Beləliklə, göründüyü kimi, həqiqətən də Ermənistanda hökm sürən çar-naçarlıq, başıpozuqluq reallığı həmin ölkənin nəinki müstəqil olmadığını, həm də dövlətçilik funksiyalarının itirildiyini açıq-aydın göstərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə