Ulu Öndər Heydər Əliyev - müasir Azərbaycanın qurucusu - MÖVQE ÖZƏL
"Böyük şəxsiyyətlər təsadüfi surətdə deyil, tarixi zərurət səbəbindən ortaya çıxır. Bəlkə də, bu zərurət 1923-cü il mayın 10-da Naxçıvanda fəhlə ailəsində doğulan, özündə 15 respublikanı birləşdirən SSRİ kimi fövqəlbəşər dövlətin ən güclü siyasi fiqurlarından biri, müəyyən zaman ərzində isə demək olar ki, birincisi, parçalanmış Azərbaycanı birləşdirə bilən böyük lider, qlobal siyasi personaj Heydər Əliyev şəxsiyyətinin formalaşmasına gətirib çıxarır. Uşaq yaşlarından olduğu hər yerdə fərqlənən bir gənc 18 yaşında artıq Naxçıvan MSSR Xalq Daxili İşlər komissarlığında fərqləndikdən sonra, Təhlükəsizlik orqanlarında böyük nüfuz qazandıqdan sonra Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdir. Təkcə “Axito" əməliyyatı kifayətdir ki, Heydər Əliyevin peşəkarlığı hər kəsi heyrətə gətirsin. Ən güclü yapon agentini deşifrə edib və heç kimin ağlına gəlməyəcək tərzdə ondan SSRİ-nin xeyrinə istifadə etməklə, Təhlükəsizlik orqanları tarixində bir ilkə imza atmışdır. Sonralar Azərbaycanda bu qurumun rəhbəri kimi Təhlükəsizlik orqanlarında rəhbər vəzifələrə öz xalqının nümayəndələrini gətirməklə, Heydər Əliyev elə çətin bir şəraitdə öz millətinin nümayəndələrinə dəstək olmağı bacarırdı". Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universiteti Tarix fakültəsi III kurs tələbəsi, YAP Yasamal Rayon Təşkilatının üzvü Əli Babazadə deyib.
Onun sözlərinə görə, siyasətdə Heydər Əliyev fərqi ondan ibarət idi ki, o, Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda öz siyasi nüfuzu və səsvermə yolu ilə birinci katib seçilib: "Bu nüfuzu təsdiq etməyəcək güc isə SSRİ daxilində yox idi. Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi elə bir dövrə təsadüf edirdi ki, Respublikada rüşvətxorluq, korrupsiya, aşağı sənaye istehsalı və s. hallar ciddi böhrana səbəb olmuşdur. Qısası respublikamız inkişaf göstəricilərinə görə sonuncu yerdə idi. Ümumilli lider ilk olaraq, bütün bunlara qarşı barışmaz mübarizə aparmış, ölkənin sosial –iqtisadi və mədəni həyatında dönüş yaratmağı bacarmışdı. Yəni tənəzzüldən tərəqqiyə böyük bir dönüş. İllərin problemləri ilk dəfə müzakirəyə çıxarıldı. Ətrafına isə özü kimi mütərəqqi düşünən idarəçiləri topladı. Həmin illərdə təkcə Azərbaycana rəhbərlik etmirdi, eyni zamanda 15 respublika üçün qanunlar hazırlayan komissiyanın ən nüfuzlu üzvü idi. Yəni təxminən 300 milyon SSRİ əhalisi bu qanunlarla yaşamalı idi. SSRİ–nin yeni konstitusiyasını qəbul edən Ali Sovetin növbədənkənar 1977-ci il oktyabr sessiyasında da məhz Heydər Əliyev çıxış etmişdir. Bununla bərabər, belə böyük dövlətin diplomatik danışıqlarında dəfələrlə nümayəndə heyətlərinin sədri və üzvü kimi dünyada söz sahiblərindən biri idi. Ümumilikdə ulu öndərin ölkəmizə birinci rəhbərliyi dövrü yeni siyasi-ictimai proseslərə yol açdı. 1982-ci ildən sonra isə ümumilli liderin nüfuzunu qiymətləndirmək üçün təkcə başlıca siyasi hakimiyyət olan siyasi büronun tərkibinə baxmaq kifayət edir. Nazirlər Soveti sədrinin birinci müavini–böyük SSRİ-nin faktiki idarəçisi. Yəni Azərbaycanın ucqar bir bölgəsində kasıb ailədə doğulan biri dünya siyasətinə təsir edə bilən bir qüvvədir. Bu sadə bir pafos deyil. Məsələn, Rusiyanın gələcək prezidenti B.Yeltsin həmin vaxt Heydər Əliyevdən aşağı vəzifədə idi. Təsəvvür edin ki, Yeltsin namizədlikdən üzvlüyə keçmək üçün Heydər Əliyevə ərizə yazmalı idi. Yalnız Heydər Əliyevin razılığından sonra, kimsə siyasi büroya namizəd və ya namizədlikdən üzvlüyə keçə bilərdi. Bəlkə də bir Azərbaycanlının bu cür nüfuzuna qısqanclıqla yanaşanlar onun gələcəkdə müstəqil Rusiyanın rəhbəri olması qorxusundan ona qarşı haqsız təxribatlara başlamışdılar. Ümumilli lider isə heç vaxt vəzifə düşkünü olmadığı üçün özü şəxsən tutduğu vəzifələrdən istefa verdi. Bəlkə bunun özü də bir zərurət idi. Belə çətin dövrlərdə böyük rəhbərin öz vətəni qarşısında daha böyük tarixi vəzifələri var idi. Yalnız qeyri-adi qabiliyyətə və şəxsi keyfiyyətlərə–yüksək zəkaya, tükənməz enerjiyə və təşəbbüskarlığa, qətiyyət və cəsarətə malik olan biri tarixin onun qarşısına qoyduğu bu çətin vəzifəni yerinə yetirə bilərdi. Bu o deməkdir ki, yalnız Heydər Əliyevin şəxsi keyfiyyətləri 90-cı illərdəki ictimai tələbata dolğun surətdə uyğun idi. Bu ictimai tələbat isə xalqın öz çətin günündə Heydər Əliyevi özünə rəhbər görmək arzusu idi. Bu arzu da xalqın ürəyində boş yerə formalaşmamışdı".
Əli Babazadə bildirib ki, Azərbaycan müstəqillik qazansa da, bu müstəqillik özü ilə bərabər çoxlu çətinliklər gətirib: "Xalqa demokratiya, gözəl güzəran, var-dövlət, az qala qızıldan osfalt vəd edənlər nəinki vədini yerinə yetirə bilmədi, hətta yarıtmaz idarəçiliyi ilə xalqı daha ağır vəziyyətə saldılar. Torpaqlarımız işğal olundu, xalqa qarşı qətliamlar törədildi. Hakimiyyətin seçdiyi yanlış dövlət ideologiyası nəticəsində separatizm və anarxiya bütün ölkəni bürüdü. Dövlət çevrilişlərinə cəhdlər, regionlarda xarici qüvvələrdən asılı qüvvələrin qiyamları və s. bunun bariz nümunəsi idi. Bütün bu proseslərin baş verdiyi dövrdə xalqın istəyi, qabaqcıl ziyalıların müraciəti və birliyi ilə ümumxalq partiyası olan “Yeni Azərbaycan Partiyası”nı yaratdı. İctimai tələbata uyğun olaraq, yaranan bu partiya xalqın ən dərin arzularını ifadə etməyi, xalqın mənafeyini sədaqətlə qorumağı bacardı, geniş kütlələrdən hədsiz etimad və dəstək gördü. Ümumilli liderin bu partiya haqqında– “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai proseslərin daxilindən çıxan zərurətdir. Bu partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir. Və hamı bilsin ki, bu partiya saflıq və saf mənəviyyat partiyasıdır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu bir milli çərçivədə olan partiya deyil.” –sözləri böyük bir həqiqətdir. Bu həqiqət isə zaman-zaman bu ideyalarla addımlayanlar üçün sönməz bir məşəldir.
Xalqın öz rəhbərinə dəstəyi ilə 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi ilə ümumilli lider ölkə başçısı seçildi. Qısa zaman ərzində Heydər Əliyev cəsarətli addımlarla parçalanmış bir ölkədən müstəqil və güclü Azərbaycan respublikası yaratdı. Bu dövlətin bayrağı dünya dövlətlərinin bayraqları ilə eyni sırada dalğalandı. Ölkədə sülh və sabitlik bərpa olundu. Xalq öz rəhbərinin səsinə səs verdi. Bu rəhbərə etimad göstərdi. Bu etimaddan güc alan böyük rəhbər Azərbaycanı daha da güclü etmək üçün əlindən gələni əsirgəmədi. Bu kiçik dövlətin rəhbərinə isə dünya liderləri xüsusi heyranlıqla qibtə edirdi.
Məsələn, Zbiqnev Bjezinski onu şəkksiz lider kimi, Jak Şirak onu qeyri-adi şəxsiyyət kimi, Şavarnadze onu qarşısına qoyduğu məqsədə qarşı sarsılmaz sədaqətli biri kimi qiymətləndirirdi. Hillari Klinton onu ABŞ–da vətəndaş müharibəsinə son qoyan prezident Avraham Linkolnla müqayisə edirdi. Dünyanın ən nüfuzlu liderlərindən olan Vladimir Putin isə onu siyasət nəhəngi hesab edirdi və onun yoxluğunu hətta beynəlxalq aləm üçün ağır itki kimi qiymətləndirirdi. Yalnız belə bir lideri olan ölkə dünyaya səs salmağı bacara bilərdi.
Bunun nəticəsində Azərbaycan üçün yeni bir siyasi era başladı. Bu tərəqqinin kökündə isə ulu öndər siyasətinin mərkəzində duran “Azərbaycançılıq ideologiyası”, ümumilli liderimizin inkişaf etmiş cəmiyyət görmək arzusu dayanırdı. O, bu inkişafı təhsildə görürdü, bu inkişafı gənclərə dəstəkdə görürdü, mütərəqqi olmayan hər bir şeylə barışmaz mübarizədə görürdü. Bu siyasi xətt böyük rəhbərin uğurlu davamçısı tərəfindən uğurla davam etdirilir və ölkənin davamlı inkişafını təmin edir. Bütün bunlara görə demək olar ki, Heydər Əliyev həqiqətən də, böyük şəxsiyyət idi. Azərbaycanı sevən, azərbaycanlı olduğu ilə hər yerdə fəxr edən böyük rəhbər. Bu ifadəni dərindən dərk edənlər, Heydər Əliyev ideyalarını yüksək qiymətləndirənlər bu ifadənin dərinliyinə varıb öz ümumilli lideri ilə hər zaman fəxr edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB