YAP Qaradağ rayon təşkilatı Ulu Öndərin anım gününü qeyd edib - VİDEOKONFRANS

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı rayon şurasının Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvləri, Şura üzvləri, ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirin moderatoru, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

YAP Qaradağ rayon təşkilatının sədri məruzə ilə çıxış edərək bildirib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir: "Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə insanlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz belələrindəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir".

A.Hüseynov qeyd edib ki, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi: "Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır".

Məruzə ətrafında çıxışlar olub. YAP Qaradağ Rayon təşkilatının sədr müavini, Qaradağ RİH başçısı Süleyman Mikayılov çıxış edərək Ulu Öndərin Azərbaycanın taleyüklü məsələlərinin həllində öndə durduğunu, bütün çətin anlarda çiynini ən ağır yükün altına verməkdən çəkinmədiyini qeyd edib: "1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılmış - daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrilmişdir".

Videokonfransın digər iştirakçıları - YAP Qaradağ RT İdarə Heyətinin üzvü, QEZ-in direktoru Akşin Paşayev, YAP Qaradağ RT Şurasının üzvü, SOCAR TTM direktoru Nazakət Məmmədova, YAP Qaradağ RT Şurasının üzvü, 106 saylı məktəbin direktoru Təranə Quliyeva, YAP Qaradağ RT Şurasının üzvü, Bakı poçt daşıma idarəsi şöbə müdri Əlizamin Məmmədov çıxış edərək Heydər Əliyevin xilaskarlıq, quruculuq və vətənə xidmət missiyasının, liderlik keyfiyyətlərinin, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan bugünkü əsas vəzifələrdən biri olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə