Ermənilərin nəsibinə cəhənnəmin qır qazanı düşüb TƏHLİL

Ermənilərin nəsibinə cəhənnəmin qır qazanı düşüb TƏHLİL

Sanki atəşkəsdən sonra kabus bitəcəkmiş, amma Ermənistan üçün atəşkəs yeni bir kabusu ortaya çıxardı. Ermənistan cəmiyyəti çaxnaşmalar, kataklizmlərlə üz-üzə qalıb və işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır. Məğlubiyyətini həzm edə bilməyən erməni cəmiyyəti günah keçisi axtarışındadır və indi hər bir erməni səs-küy salmağa, qarışıqlığa meyillidir və itaətsizlik barədə etirazçıların bəyənatı da əbəs yerə deyil.
Azərbaycan, eləcə də qardaş ölkə olan Türkiyə sevinc içərisindədir. Bir aydan çoxdur ki, biz zəfər, qələbə əhval-ruhiyyəsində olduğumuz halda Ermənistan cəhənnəmə, bu ölkənin küçə və meydanları isə “qır qazanına” çevrilib. "İrates" qəzetinin timsalında bu işğalçı ölkənin mətbuat orqanları eyni ilə sadalananlarla eyni fikirdədir və bu düşmən mediasında açıq-aşkar duyulur. İşğalçı ölkənin mediası açıq-aşkar yazır ki, Ermənistan bir ölkə kimi ancaq çaxnaşmalar içərisindədir. Bu ölkənin siyasi sisteminin çökməsi qənaətində olanlar gündən-günə artır və məhz işğalçı ölkənin mətbuatında bu qənaətdə olanların açıqlaması vaxtaşırı, ardıcıl olaraq yayımlanır.

Digər tərəfdən erməni cəmiyyəti son zamanlar istefa dalğası ilə rastlaşmalı olub. Hətta hakim, “Mənim addımım” partiyasından olan deputatlar belə partiyanı tərk edir, bir çox siyasətçilər mandatından belə imtina edir. Bəzi inzibati rayonların polis rəisləri belə vəzifəsindən imtina edib xalqa, idarəedilməz kütləyə qoşulduğunu elan edir və bu artıq ondan xəbər verir ki, güc strukturları, polis belə ən yaxın zamanda Ermənistan hakimiyyətinin yanında olmayacaq, əksinə etirazçılarla olacaq və bu da daha böyük toqquşmalardan, daha gərgin vəziyyəti proqnozlaşdırır.

Dünən, 10 dekabr tarixində Azərbaycan Zəfər Paradı keçirdi və öz hərbi texnikası, silah-sursatı ilə yanaşı, Ermənistan tərəfinin qoyub qaçdığı, Azərbaycan Ordusunun isə qənimət olaraq ələ keçirdiyi texnikaları nümayiş etdirdi. Hələ ölkəmizin arsenalında nələrin olduğunu, hansı zəngin bazaya malik olduğumuzu görən düşmənin qıcıqlanması başadüşüləndir. Başadüşüləndir ki, ölkəmizdə keçirilən bu son paradın ardınca Ermənistan cəmiyyəti niyə daha aqressiv olub. Əslində, məğlubiyyətləri fonunda, bu qədər rəzalətləri fonunda işğalçı ölkə ictimaiyyəti ideologiyalarının, iddialarının puç olduğunun fərqində olmalı, xəstə təxəyyüllərinin onlara ancaq bəlalar gətirdiyini anlamalı idi. Bu cəmiyyət anlamalı idi ki, əsrlər boyu aldadılaraq qırğınlara sürüklənən, yalnız işğalla məşğul edilərək itgilər verən toplum olaraq aqibətləri məhz bu şəkildə olmalıdır və onların nəsibinə yalnız cəhənnəmdəki qır qazanında yanmaq düşər. Anlamalı idi ki, bu xəstə təxəyyüldən, bu axmaq, yalançı, şişirdilmiş iddialardan əl çəkərək dünyaya normal, sağlam gözlə baxsalar daha məqsədəuyğun olar və nə zamansa ermənilər də normal insanlar kimi, indikindən fərqli olaraq sağlam insanlar kimi yaşaya bilərlər və bu onlara dəfələrlə təklif olunub da.

Kabus həqiqətən də bu gün Ermənistanı bürüyüb və məğlubiyyətlərinin tarixi ədalət olduğunu, bunun qaçılmaz olduğunu anlamaq istəməyənlər ölkəni daha acınacaqlı vəziyyətə sürükləyir. İşğal etdikləri ərazilərin, eləcə də onlara aid olmayan bu ərazilər uğrunda mənasız yerə insan itgisinin geri qaytarılmaz olduğunu anlamadıqca, Ermənistan daha çətin duruma sürüklənir. Bəli, küçələrində səs-küy, itaətsizlik müşahidə edilən bu ölkə cəhənnəmi xatırladır. Baş nazirini yumurta atəşinə tutan vətəndaşlar bundan sonra daha acınacaqlı vəziyyət yaradacaqlarını anlamaq istəmirlər.

Məsələ burasındadır ki, bu zamana qədər yalnız itgilər verən ölkənin qarşısında həlli vacib məsələlər həddindən artıq çoxdur. Ən aktual məsələlərdən sayılan məhbus mübadiləsi, cəsədlərin qaytarılması, yaralıların sağaldılması kimi problemlər göz qabağındadır və təcili məsələlərdir, amma göründüyü kimi bununla məşğul olan yoxdur. Vəziyyət o qədər müəmmalıdır ki, ölkə vətəndaşları, ələlxüsus övladı müharibədə itgin düşən valideyinlər öz ölkələri, öz hakimiyyətləri, hakimiyyət başçıları ola-ola Rusiyadan, bu ölkə prezidentindən kömək istəyir, kömək umur.

Bu işğalçı ölkədə həyatı vacib məsələlər saydıqca birməz, amma bu məsələlərə də sanki, ya əhəmiyyət verən yoxdur, ya da anlaşılan deyil. Ermənistan xırtdəyə qədərdir bataqlıq içərisindədir və batır desək belə yanılmarıq. Bir dövlət olaraq, hökumət olaraq qarşılarında çox vacib həyati bir məsələ var, sərhədlər problemi var ki, bu, günün reallığıdır. Bu ərəfədə, yəni müharibədən sonra tərəflər sərhədlərin müəyyənləşdirilməsi və bununla əlaqədar müvafiq işlərlə məşğul olmalıdır. Amma görünür Ermənistanda bu məsələ ilə məşğul ola biləcək bir ya bir hökumət yoxdur, ya da bunun fərqində olacaq cəmiyyət. Elə zənn edirlər ki, bunu da onlar üçün ruslar edəcək və bir növ öyrəncəli olublar. Amma vəziyyət heç də ötən əsrlərdəki, ötən əsrin əvvəlindəki və sonundakı kimi deyil. Bütün məsuliyyət Ermənistanın öz üzərinə düşür və reallıq budur ki, bununla məşğul olmaq məcburiyyəti yaranıb.

İş ondadır ki, prezidentdən başqa Ermənistanın qanuni bir hökuməti də yoxdur. 10 noyabr tarixində Nikol Paşinyan legitimlik tarixini bir imza ilə sildi. Üstəlik, 88 millət vəkilinin əksəriyyətini siyasi sahədən belə qovdu. Vəziyyətin özəlliyi ondadır ki, müvəqqəti hökumət belə indi qurulsa, hətta milli bir konsensusla qanuni ola bilməz. Çünki, bu hökumət seçkiləri parlament modelinə görə keçirir. Ermənistan ictimaiyyəti prezidentdən başqa heç bir siyasi qüvvənin, heç bir rəsmi şəxsin qanuni sayıla bilməyəcəyi bir dövrdədir. Məhz ona görə də erməni xalqı üçün Nikol Paşinyanla, onun komandası ilə danışıq aparmağın mənası da qalmayıb.

Mənasız bir şəraitdə, xaosun hökm sürdüyü mühitdə, qarışıqlıq şəraitində ciddi toqquşmalar önə çıxıb. Belə olan halda heç bir perspektivdən söhbət gedə bilməz. Təbii ki, Ermənistan hakimiyyət zəifdir. Heç bu ölkənin müxalifəti də vəziyyəti dəyişdirəcək gücdə deyil. Vəziyyətin bu və ya digər tərəfə çevrilməsi baxımından Ermənistan vətəndaşları özləri də hələ bir qənaətə gələ bilmirlər. Küçələrə çıxanlar sadəcə ehtiraslarının, aqressiyalarının diqtəsi ilə meydanlardadırlar və nə olur-olsun, kim olur-olsun məğlubiyyətin günahkarını axtarır, ondan intiqam almağa çalışırlar. Məhz bu intiqam, nifrət hissi, bu aqressivlik işğalçı ölkəni etirazlar cəhənnəminə çevirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə