“Prezidentin çızdığı xətlə davam etsək problem olmayacaq” ÖZƏL-ŞƏRH
“Biz üstün bir müstəvidəyik, biz qalib tərəfik, uzun illər həsrətində olduğumuz bir qələbəni əldə etmişik və düşmənə cəbhədə gücümüzü göstərmişik. Əvvəllər biz deyəndə ki, biz qələbəni qazana bilərik, düşmən deyirdi ki, bacarmazsınız, amma bu gün bacardığımız günün reallığıdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, indi qalıb bu qələbəmizi tam olaraq başa çatdırmaq, o mənada ki, artıq ermənilərin özləri belə etiraf etsinlər ki, bu məsaləni müzakirə etmirlər və bununla barışırlar.
“Əslində, ermənilər məğlubiyyətləri ilə barışmalıdırlar və barışırlar da, çünki, Nikol Paşinyan kapitulyasiyanı imzalayıb. Amma, ordan-burdan hərdənbir səslər gəlir ki, guya elə deyil, başqa cürdür. Ona görə də, düşünürəm ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ən yaxşı diplomatdır. Bu birmənalıdır və Cənab Prezident informasiya savaşında hamımızın önündə getdi. Biz jurnalistlər deyək ki, nə isə edirdik, amma ona çata bilmirdik. Cənab Prezident kifayət qədər çevik idi, kifayət qədər kəskin idi, kifayət qədər də məlumatlı bir lider olduğunu təsdiqlədi. Ona görə də informasiya savaşının önündə getdi. İndi bizim nə etməyimiz lazımdır? Bizim edəcəyimiz bu saat bu qələbənin o üst yapısını tamamlamaqdır. Yəni, cəbhədə biz qələbəni qazanmışıq və Türkiyəli qardaşlarımız da demişkən, masada da bunu rəsmiləşdirmək lazımdır. Ona görə də Azərbaycan Prezidentinin elə çızdığı xətlə davam etsək, mən düşünürəm ki, heç bir problem olan deyil. Yəni, birincisi Cənab Prezident, Ali Baş Komandan öz işini görür və görəcək də, buna heç kimin şübhəsi olmasın. İkincisi, bizim Xarici İşlər Nazirliyi sistemi bütövlükdə çalışmalıdır və nə qüsurlar varsa, onlar aradan qaldırılmalıdır. Xüsusən də, xarici ölkələrdəki səfirliklərimizlə bağlı narahatlıqlar varsa, biz onları müzakirə etmədik bu dövrdə, çünki lazım deyildi. Amma gördük və gördüklərimizi də müəyyən məqamlarda dilə gətirəcəyik. Yəqin ki, dövlətimiz də gördü ki, kim harda nə işlə məşğul olub. Üçüncü bir tərəfdən də, qeyri-hökumət təşkilatları sektorunun fəaliyyəti davam etməlidir, yəni, boş dayanmaq olmaz. Dördüncü də, biz media nümayəndələri mütləq bu işi davam etdirməliyik. Xüsusən də xarici dillərdə kontentin yaradılması və tirajlanması işini dayandırmaq olmaz. Bu tempdə, bu şəkildə də davam etmək lazımdır. Yəni, cəbhədə sakitlikdir, şükürlər olsun, amma, məsələnin tamamilə bitirilməsi üçün informasiya cəbhəsində də müharibəmizi davam etdirməliyik”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB