Milli genefondumuz- çoxuşaqlılıqdan “cırtdan ailə” modelinə keçid təhlükəsi - ARAŞDIRMA
Güclü dövlətləri güclü millətlər, güclü müllətləri güclü ailələr formalaşdırır. Güclü ailələrin təməlini isə çoxuşaqlılıq təşkil edir. Bəzi qlobal qüvvələr illərdir “doğuma nəzarət”, “ailə planlaması” adı altında insan genefonduna qarşı mübarizə aparır, ölkələrdə əhali artımına nəzarəti əlində cəmləməyə çalışır. Burada hədəf, əlbəttə, əsasən şərq ölkələridir, çünki qərb ölkələrində bu proses təbii olaraq gedir və tezliklə bunun nəticəsində dünyadakı güc balansı pozula bilər.
Dövlət müavinət verir, amma 6 uşağın olarsa...
Ailələrdə uşaqların sayı ilə bağlı müzakirə hər zaman aktual olub. Azərbaycan cəmiyyətində də bu məsələ həmişə gündəmdə olub, müzakirə edilib. Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilib. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi.
Hazırda ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa- 385 manat və verilir.
Sosioloq Aydın Sadıqov hesab edir ki, hazırkı reallıqda “Çoxuşaqlı ailə” məfhumu 3-dən çox uşağı olan ailələrə şamil olunmalıdır: “fikrimcə indi 3 uşaq çoxuşaqlılıq hesab edilməməlidir, bu normal ailə tərkibi hesab edilməlidir. Məncə bu rəqəm 4 olsa, yəni 4 uşağı olan ailəçoxuşaqlı ailə kimi qeydiyyata alınsa və dövlət onlara müəyyən imtiyazlar tanısa daha ədalətli olar”.
Qeyd edək ki, ölkəmizdə 3 və ya daha çox uşağı olan qadınlar 57 yaşdan sosial müavinət ala bilirlər, bu qadınlar üçün ayda dövlət 130 manat müavinət ödəyir.
Statistik məlumatlara görə 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdisə, indi 4-5 uşaq doğanlar bu statusun qeyri-rəsmi, 6 və daha çox uşaq doğanlar isə rəsmi daşıyıcısıdır. Əgər 80-ci illərdə nəsilvermə qabiliyyətinə malik qadınlar 35-40, bəzən hətta 50 yaşında da dünyaya uşaq gətirirdisə, indi 35 yaşı ötən qadınlar bundan imtina edir. Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.
Dünya Bankının hesabatında da göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər 5 nəfərdən 1-nin yaşı 65-dən yuxarı olacaq. Əgər vaxtilə 6-7 uşaqlı ailə çoxuşaqlı ailə sayılırdısa, indi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. 50-60 il əvvəlki bu ailələrin uşaqları qocalma dövründədir. Doğumun səviyyəsi aşağı düşdüyündən gənclik də gözə onlar kimi dəymir.
Çoxuşaqlılıq dünyada: Hansı imtiyazlar var?
Ailəsində çox uşağı olanlar üçün ən sərfəli şərtlər Fransadadır. Burada hətta uşaq dünyaya gəlməmiş anası doğulacaq övladına görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağının doğulmağını gözləyən anaya 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən hər ay 975 avro pul alır. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə dövlət ailəyə 870 avro ödənilir.
Rusiyada bir uşaq üçün aylıq müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi də artır. Bundan əlavə 3-cü uşaqdan sonra ailəyə ev və sair daşınmaz əmlak da verilir.
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar birdəfəlik müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay və ya sonrakı uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Avstriyada birinci uşağa 10 yaşına qədər ayda 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.
İsrail dövləti birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
“Cırtdan ailə” modeli təhlükəsinə qarşı nə etmək olar?
Dünya təcrübəsi tək övladı olan ailələri "cırtdan ailə” adlandırır. Bu problem Avropa ölkələrinin ən çox yayılmış, aktual milli-sosial problemlərindən biridir. Elə bizim ölkəmizdə də son illərin ən ciddi sosial problemlərindən biri məhz ailə fərdlərinin minimum saya enməsi hesab edilir.
"Cırtdan ailə”lər adətən bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman cəmiyyətlərində qız övlad nəsil davamçısı hesab edilmədiyindən, oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, "cırtdan ailə” modelini böyütməyə qərar verirlər.
"Sağlam Cəmiyyət" İctimai Birliyinin eksperti Leyla İsmayılovanın fikrincə, cavan valideynlər çoxuşaqlı olmaqdan qorxurlar, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər. Bəzən də doğuşa hazır olmurlar, ilk doğuş ağır keçir, ana qorxub stress keçirir və bir daha doğmaq istəmir.
Düzdür, hazırda Azərbaycan öz klassik ailə modelini (2-4 uşaq) prinsipini də qoruyur, amma bu təkuşaqlı ailələrin çoxalmasına maneə deyil. İkiuşaqlıların sayı çox olsa da təkuşaqlı ailələrə yaxın saydadır, bu da təbii ki, nəsil şəcərəsinin şaxələnməsinə maneə törədir. Əvvəl nəsil 5-6 qoldan böyüyürdüsə, indi yalnız bir uşaqdan davam edir. Bu çox təhlükəli tendensiyadır və qarşısı alınmalıldır".
Çox gəzən yox, çox doğan çox yaşayır
Dünyaya daha çox uşaq gətirən qadınların ömrünün daha az uşaq anası olan həmcinslərinə nisbətən uzun olması barədə hər il araşdırmalar aparılır. Bu araşdırmalar xüsusilə də, Avropa ölkələrində həyata keçirilir və nəticələr KİV-də geniş yayımlanır. Çünki əksər ailələrin 1 və ya 2 uşaqlı olması bəzi ölkələrdə çoxuşaqlılıq anlayışını zamanla unutdurur və bu da demoqrafik vəziyyətə ciddi təsir göstərir.
Tədqiqatçıların fikrincə, dünyaya daha çox uşaq gətirən qadınların xərçəngə tutulma ehtimalı azdır. Bu risk ailənin digər üzvlərində də aşağıdır. Sürix Universitetinin silsilə tədqiqatları 178 ölkənin ümumiləşdirilmiş statistikasını yayımlayanda bu fikrin iddia yox, təsdiqlənmiş fakt olduğu sübut olundu. Nəticələrə görə ailə nə qədər az uşaqlı olarsa, xərçəngə tutulma riski bir o qədər yüksəkdir.
Təbii ki, digər amillərin də təsirinin mütləq olduğunu hesab edən bir çox alim bunu absurd adlandırdı, onlar hesab edirdi ki ailənin maddi vəziyyəti, təhsil səviyyəsi, yaşadığı mühit və s. risk dərəcəsinə mütləq təsir göstərir. Lakin Sürix Universitetinin genişmiqyaslı araşdırması xərçəngə yoluxmada ailədə uşaq sayının ən vacib faktor olduğunu sübut etdi. Xüsusən də, 10 və ya daha çox uşaq dünyaya gətirən qadınlarda döş və reproduksiya orqanlarının xərçəngi riski 25%-ə qədər azalır.
Əgər qadın 20 yaşınadək övlad dünyaya gətirirsə, onun döş xərçəngi riski 30 yaşdan sonra övlad dünyaya gətirən analara nisbətən yarıbayarı azalır. Alimlərin müşahidələrinə görə, 10 və ya daha çox uşağı olan qadınlarda dəri, məmə və tiroid vəzi xərçəngi riski azdır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni, 6 uşaq sahibi olan ananın ömrü digər anaların ömründən daha çoxdur.
Cırtdan ailələrin məcburən və ya könüllü olaraq kiçiltdiyi, fərdlərini azaltdığı ailə modelinin zədələdiyi milli şəcərəni çoxuşaqlı ailələr şaxələndirəcək. Onlara xüsusi dövlət dəstəyi, ödənişsiz ali təhsil imkanları və sair güzəştlər yaratmaq lazımdır.
Bundan başqa, əıksər sosioloqlar hesab edirlər ki, indiki reallıqda 3 və daha çox uşağı olanlara xüsusi müavinətlər verilməlidir. Heç olmasa, hazırda aktual olan və tətbiqi gözlənilən aylıq uşaqpulu bərpa ediləndə 3 və daha uşaqlaı ailələrə üstünlük verilməlidir. Əgər dövlət bütün uşaqlara aylıq müavinbət evrə bilmirsə, heç olmasa minimum 3 uşağı olan ailələrə müəyyən yardım ödəməlidir. Bu həm həmin uşaqların daha sağlam böyüməsinə, həm cırtdan ailə təhlükəsindən qurtulmağa, həm də əhalimizin artımına müsbət təsir göstərəcək.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB