Beynəlxalq təşkilatlar erməni terrorunu təsdiq edir, amma..! ANALİTİK

Hər şey “Human Right Watch” və “Amnesty International”ın bəyanatları ilə bitməməlidir

Təcavüzkar Ermənistanın terrorçuluq siyasəti fonunda dinc əhalimizin və şəhərlərimizin ballistik raketlərlə və kassetli bombalarla hədəf seçilməsi, nəticədə insanlarımızı qətlə yetirilməsi, əslində, bütün beynəlxalq təşkilatların diqqətində olmalı və işğalçıların qanlı əməlləri yalnız bəyanatlar çərçivəsində ittiham edilməməlidir. Müharibənin də öz qaydalarının olduğu kimsəyə sirr deyil. Daha dəqiq desək, müharibədə hədəf olaraq yalnız həbri infrastrukturlar, hərbi texnikalar və hərbiyə aid canlı qüvvələr hədəfə alınır ki, əslində, həmin məsələdə də müəyyən konvensiyalar, qaydalar qəbul edilib. Lakin hərbi əməliyyatların aparıldığı bir zamanda cəbhədən kənar, heç bir hərbi mükəlləfiyyətə aid olmayan qadınların, uşaqların, qocaların, habelə mülki obyektlərin raket zərbələrinə məruz qoyulması artıq qoyulan bütün qırmızı xətləri keçir, tapdalayır. Belə olan vəziyyətdə, sadəcə, bəyanatlarla kifayətlənməməli, həmin faktlar hüquqi baxımdan da mühüm beynəlxalq instansiyalarda müzakirəyə çıxarılmalı, cinayətkarların cəzalandırılmaları üçün birmənalı addımlar atılmalıdır. Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Göygöl, Ağcabədi, Goranboy, Daşkəsən kimi cəbhədən aralı olan şəhər və rayonlarımızın dəfələrlə hədəfə alınması nəticədə mülki insanlarımızın qətlə yetirilmələri ilə başa çatır.

Təəssüf ki, Avropa Birliyi, yaxud digər beynəlxalq təşkilatlar və ya ayrı-ayrı dövlətlər guya humunizm prinsiplərindən çıxış edərək, “narahat” olduqlarını bəyan edirlər, bununla da işlərini bitmiş bilirlər…

Xüsusilə, Gəncədə törədilmiş erməni vəhşiliyindən sonra növbəti hədəf olaraq Bərdənin raket zərbələrinə məruz qoyulması artıq düşmənin nə qədər vicdandan kənar, şərəfsiz, qansız olması reallığını kifayət qədər sübut edir.

Təəssüf ki, bu kimi hallarda Avropa Birliyi, yaxud digər beynəlxalq təşkilatlar və ya ayrı-ayrı dövlətlər guya humunizm prinsiplərindən çıxış edərək, “narahat” olduqlarını bəyan edir, tərəfləri (?!) humanitar atəşkəsə çağırır, amma günahkarı – yəni terror siyasəti yürüdən Ermənistanı nədənsə birmənalı qaydada ittiham atəşinə tutmurlar. Göründüyü kimi, ikili standartlar, həmçinin bəlli təəssübkeşlik bu dəfə də özünü bütün çılpaqlıqları ilə ortaya qoymaqdadır.

Ədalətli olardı ki, bu bəyanatlar qısa zamanda digər aparıcı insan hüquqları təşkilatları tərəfindən də verilsin!

Bu arada iki beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları - “Human Right Watch” və “Amnesty International” 21 dinc sakinin həlak olduğu, 70 nəfərdən çox insanın yaralandığı Bərdə hücumunu pisləyən bəyanat yaymaqla, ermənilərin konvensiyalar əleyhinə kassetli bombalardan istifadə etdiyini hesabat şəklində açıqlayıblar. Misal üçün, “Human Right Watch”ın hesabatında qeyd olunub ki, Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır. Sözügedən hesabatda o da vurğulanır ki, bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub. “Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”, - təşkilatın mütəxəssisi Belkis Ville bəyan edib.

Eləcə də, “Amnesty International” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan istifadə etdiyini təsdiqləyib və bununla bağlı hesabatını təqdim edib. “Amnesty International” təşkilatının böhranla mübarizə üzrə ekspertləri fotolara (Vice News tərəfindən Bərdədə çəkilmiş şəkillər) əsasən, şəhərə erməni silahlı qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərinin 9N235 saylı “claster” tipli sursat parçaları olduğunu təsdiqləyiblər. “Kassetli bombaların mülki obyektlərə qarşı istifadəsi amansız və qəddar davranışdır. Bu, çoxsaylı ölüm və xəsarətlərə səbəb olur”, deyə bəyan edən“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers deyib ki, bu kimi bombaların istifadəsi beynəlxalq humanitar qanunlara əsasən qadağandır.

Bəli, bütün bunlar bəllidir və o da bəllidir ki, Bərdə hadisəsi düşmənin aldığı ağır, sarsıdıcı məğlubiyyətlərinin acısıdır. Amma düşmənin mülki, günahsız insanları hədəfə götürməsi onun məhvinin daha da sürətləndirməkdədir. Çünki Azərbyacanın Qarabağda zəfər yürüşü edən, torpaqlarımızı ian azad edən müzəffər ordusu istər Bərdənin, istər Gəncənin, istərsə də digər şəhərlərimizin qisasını kifayət qədər artıqlaması ilə alır və almaqda davam edəcək. Ancaq daha ədalətli olardı ki, bu bəyanatlar qısa zamanda digər aparıcı insan hüquqları təşkilatları tərəfindən də verilsin və bütün dünya bilsin, dərk etsin ki, əgər bu gün erməni terrorunun qarşısı alınmasa, sabah həmin təhlükə nəinki regiona, həm də regiondan kənarda da tüğyan edə bilər. Hər halda, düşünməyə dəyər…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə