"Daxili "bayraktarlar" daha təhlükəlidir" Andranik Köçəryan

Daxili “bayraktarlar” daha təhlükəlidir və Ermənistanın daxilində təhlükəli başqa proseslərin yarandığını görürəm. SİA Ermənistana məxsus armenianreport.com saytına istinadən xəbər verir ki, bu sözləri Müdafiə və təhlükəsizlik daimi parlament komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryan 29 oktyabr tarixində keçirilən ənənəvi brifinqlər zamanı Ermənistan Milli Məclisində Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, belə bir müraciət 27 oktyabrda edildiyi üçün bu daha təhlükəlidir. Qeyd edək ki, 1999-cu ilin bu günü Ermənistan parlamentində terror aktı baş verib və görünür, Andranik Köçəryan hələ də bunun təsiri, qorxusu altındadır.

Köçəryan onu da əlavə edib ki, xalq tərəfindən qəbul edilməyən qüvvələr sakitləşə bilmir.

Xatırladaq ki, keçmiş baş nazir və keçmiş müdafiə naziri Vazgen Manukyan hökuməti istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb. Siyasətçinin açıqlamasında deyilir ki, indiki dövr Ermənistan üçün “tarixin biabırçı və dağıdıcı səhifələrindən biridir və yalnız Qarabağ deyil, eyni zamanda xalqın məskunlaşdığı Ermənistan da təhlükə altındadır”.

Onu da qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Manukyanın açıqlamasına reaksiya göstərib. Birgə açıqlamalarında "bəzi siyasi dairələrin siyasi rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq" cəhdləri kimi qınanılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə