"Çıxdığımız yol ya sülh, ya müharibə yolu ilə tamamlanacaq" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Qarabağda ən şanlı tariximizi yazan Azərbaycan əsgəridir! O əsgəri qələbədən qələbəyə aparan təkcə öz maddi imkanlarımız hesabına aldığımız müasir silahlar deyil, onun peşəkarlığı, hünəri inamı və haqq yolunda olmasıdır. Azərbaycan əsgəri milllətinin tapdanmış qürurunu, ləyaqətini bərpa edir!". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, dünyanın çoxdan üzünə tüpürdüyü beynəlxalq hüququ, ədaləti bərpa edir! Azərbaycan əsgəri qanı, canı hesabına 30 ilə yaxındır öz qətnamələrini icra edə bilməyən dünyanın ən mötəbər qurumu sayılan BMT-nin işini görür! ATƏT-in Minsk Qrupunun illərdir icra etmədiyi prosesi çözür! Davam etməkdə olan zəfərin mübarək, Azərbaycan əsgəri! Sənin qazanmaqda olduğun qələbələri kiçiltmək üçün ortaya atılan uydurmalar hədəfinə çatmayıb və çatmayacaq. Artıq dünya Azərbaycan Ordusunun, onun hər bir əsgərinin nəyə qadir olduğunu görür. Etiraf etmək istəməsə belə...

Dünya Azərbaycan xalqının böyüklüyünü, Vətən yolunda hər cür fədakarlığa hazır olduğunu görür. Vətən, haqq, ədalət uğrunda bir yumruğa çevrilməyi bacaran millətin yenilməzliyini dərk edir.

Bu gün danışıqlar masasında güclü olmağımızın, dünyanın riyakarlığına, ikiüzlülüyünə, hər türlü yalanlarına sinə gərməyimizin müəllifi Azərbaycan xalqının birliyi, onun müzəffər Ordusudur! Bu gücə söykənən Ali Baş Komandan İlham Əliyev əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirərək Azərbaycanın, məhz öz gücü hesabına, təkbaşına qələbələrə imza atmasına rəhbərlik edir.

Düşmən bunu yaxşı anlayır və bütün sferalarda erməni lobbisinin imkanlarından yararlanaraq, dünyanın ədalətsizlyinə sığınaraq Azərbaycan Ordusunun gücünü, qazandığı qələbələrin əhəmiyyətini azaltmaq üçün məqsədyönlü fəaliyyətini davam etdirir.

Hərbi əməliyyatların ilk günündə qazandığımız qələbədən dərhal sonra Qarabağda muzdluların olması barədə feyk məlumatlar yayılması bu fəaliyyətin tərkib hissəsidir. Məqsədli şəkildə başladılan bu proses feyk məlumatlara həmsədr ölkə olan Fransa və Rusiya rəsmilərinin qoşulmasına qədər davam edib; Fransa prezidentinin, Rusiya isə Xarici Kəşfiyyat İdarəsi rəhbərinin şəxsində. Sonradan bu xora Qərbin, xüsuslilə Rusiyanın tanınmış media orqanları da qoşulub. Azərbaycan tərəfi dəfələrlə fakt tələb etsə də, ortada heç bir fakt yoxdur. Olmayacaq da...

Çünki bu informasiyanı yayanlar yalana ortaq olduqlarının fərqindədirlər. Dünya əvvəlki deyil. Müasir texnologiyanın artan imkanları hər yerin- hər küncün, hər bucağın müxtəlif yollarla izlənilməsinə imkan verir. Qarabağda hansısa əcnəbinin döyüşməsi ilə bağlı fakt olsaydı, çoxdan nəinki Azərbaycana təqdim olunmuşdu, bütün dünyaya yayılmışdı.

Dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələrində Prezident İlham Əliyevə demək olar ki, hər dəfə muzdlularla bağlı ittiham xarakterli suallar verilir. Və hər dəfə Prezident səbirlə bunu təkzib edir, həm Fransa, həm də Rusiya tərəfindən fakt tələb etdiyini, amma təqdim olunmadığını vurğulayır. Eyni zamanda, Azərbaycan Ordusunun imkanlarını, kifayət qədər ehtiyat qüvvələrimizin olmasını real rəqəmlərlə nəzərə çatdırır.

Fəqət döyüşlərin 1 ayının artıq arxada qalmasına baxmayaraq, düşmən tərəf və havadarları eyni havanı çalmaqda davam edir. Dünyanın ən obyektiv media orqanları əsl faktlara susmaqla ayrı-ayrı güclərin əlində alət olduqlarını sərgiləməkdədirlər.

Nədir bu real faktlar? Hələ hərbi əməliyyatlar başlamazdan öncə Ermənistanın beynəlxalq cinayət törədərək işğal altında olan torpaqlarda qanunsuz məskunlaşma aparması, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi, Dağlıq Qarabağa PKK-çıları gətirməsi, həlak olan hərbçilərinin üzərindən başqa ölkələrin pasportlarının çıxması, Ermənistan ərazisində Rusiyanın hərbi bazasının olması, Ermənistanın hələ də pulsuz silahlandırılmasının davam etdirilməsi, onun hərbi cinayətlər törədərək sivil insanları, uşaqları qətlə yetirməsi və s.
Bunlar hamısı faktlardır. Xarici dövlət borcu 8 milyard dollar olan, valyuta ehtiyatları isə 1,5 milyard dolları keçməyən, dilənçi kökündə olan Ermənistanın bitib-tükənməyən silah-sursatının mənbəyi heçmi dünyanın aparıcı KİV-lərini maraqlandırmır? Deməli, dünyanın aparıcı güclərinin ədalətsizliyi, mətbuatın ədalətsizliyi ilə tamamlanmaqdadır...

Nə yazıq ki, beynəlxalq hüquq deyilən anlayışı ən hörmətsiz şəklə salan, hərbi cinayətlər törədən, həmçinin daxildə hər cür cinayətlərə müəlliflik edən Ermənistan “toxunulmaz” statusunu qoruyub saxlamaqdadır. Erməni lobbisinin cazibəsi qarşısında ədalət, beynəlxalq hüquq anlayışları tapdalanır, neytral mövqe tutmalı olan həmsədr ölkələr düşmənə hər cür yardım edir.

Əvəzində haqq yolda olan Azərbaycana təzyiqlər üçün hər cür yola baş vurulur. Azərbaycana təzyiqlərin heç bir nəticə verməməsini gördükdə isə türlü-türlü təxribata əl atılır, yalanlar dövriyyəyə buraxılır.

Görünür, heç kim Azərbaycanın bu şəkildə gücləndiyini, təzyiqlərə sinə gərə biləcəyini gözləmirmiş. Azərbaycan Ordusunun qısa müddətdə düşməni məhv etmək qabiliyyətində olduğu təsəvvürlərinə belə gəlmirmiş. Həmişə daxildən zəiflədilən Azərbaycanın bu şəkildə birləşə biləcəyi ağıllarından keçmirmiş.

Bütün təzyiqlərə rəğmən Azərbaycan öz gücü hesabına haqq mübarizəsini qələbələrlə zənginləşdirməkdə davam edəcək. Haqq yolunda olan Azərbaycanın ərazi bütövlüyümüzü təmin edənə qədər durmayacağı birmənalıdır. Çıxdığımız yol ya sülh, ya müharibə yolu ilə tamamlanacaq. Aparılan hər cür çirkin kampaniya, edilən təzyiq bu müqəddəs işin qarşısında acizdir...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...