“Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək lazımdır” Erməni əsilli kinorejissor

“Artıq reallıqları qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir”. SİA xəbər verir ki, bu sözləri Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın xalq artisti Karen Şahnazarov deyib.

O, çıxışı zamanı Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illuziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb. Həmçinin kinorejissor Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu da vurğulayıb.

"Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır, hansı ki, erməni əhalinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur", - deyə Şahnazarov qeyd edib.

Tanınmış kinorejissor həmçinin vurğulayıb ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur.

“Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbassla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur”, deyə Karen Şahnazarov fikirlərini gizlətməyib.

Vladimir Solovyov çıxışın bu hissəsinə müdaxilə edərək Şahnazarovun sözünə dəstək olaraq, bu məsələdə heç bir “soyqırım” təhlükəsinin olmadığını da vurğulayıb.

Karen Şahnazarov Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı çıxışlarına da toxunub.
“Necə yanaşmanızdan asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir! O, daim ermənilər və azərbaycanlıların birlikdə yaşayacağını deyir.

Bilirsiniz, situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyini heç kəs tanımayacaq”, deyə erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...