Ermənistanla diplomatik müstəvidə danışmaq əbəsdir - MÖVQE ÖZƏL
"Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirlərinin Moskvada keçirilən görüşündə humanitar atəşkəslə bağlı əldə olunan razılaşmadan cəmi 12 saat sonra gecə saat 02:00 radələrində Gəncə şəhərinə raket zərbəsinin endirilməsi onu göstərir ki, Ermənistan imza atdığı razılaşmaya riayət etmədi və öz faşist mahiyyətini, riyakar xislətini yenidən nümayiş etdirdi. Bununla da əldə olunan razılaşma beləliklə mahiyyətini və legitimliyini itirmiş oldu". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, dinc əhaliyə gecə saatlarında raket zərbəsi endirmək bütün humanitar qaydaların, norma və prinsiplərinin kobudcasına pozulması deməkdir: "Ermənistan bununla bir daha nümayiş etdirdi ki, bu dövlətlə siyasi-diplomatik müstəvidə danışmaq və müəyyən razılaşmalar əldə etmək əbəsdir. Çünki humanitar atəşkəs rejiminin tətbiq edilməsidən sonra da, Ermənistan itirdiyi mövqeləri yenidən ələ keçirmək üçün hücuma keçdi və əldə olunan razılaşmaların müddəalarına əsasən həlak olanların bölgədən uzaqlaşdırılması üçün bu ərazilərə gələn sanitar maşınlara atəş açaraq yenidən hərbi vəziyyəti daha da alovlandırdı. Təbii ki, Azərbaycan silahlı qüvvələri bütün bu təxribatçı hərəkətlərin qarşısını alır və alacaq".
Politoloq bildirib ki, Ermənistan hazırki durumda yaydığı heç bir informasiya həqiqətə uyğun deyil: "Bu yalan xəbərlər bütün dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş növbəti addımlardır. Ermənistan yenidən Azərbaycan mövqelərini ələ keçirmək üçün çalışır, mülki təyyarələrin hərbi məqsədlər üçün istifadə olunması istiqamətində fəaliyyətini davam etdirir və bu fəaliyyət 1944-cü ildə qəbul olunmuş Çikaqo konvensiyasının tələblərini kobudcasına pozulması deməkdir. Bu məsələlərdə Ermənistana bir sıra erməni iş adamları və silah qaçaqmalçıları da kömək edirlər. Ermənistanın işğalçı fəaliyyətini davam etdirə bilməsi üçün ianələr toplanır və ermənilər itirdikləri mövqeləri qaytarmaq üçün müəyyən təşəbbüslər həyata keçirirlər".
İ.Hüseynov vurğulayıb ki, Gəncə şəhərinin raketlə vurulması onu göstərir ki, Ermənistan beynəlxalq-humanitar hüququ kobudcasına pozur: "Bütün müharibə cinayətlərinə imza atmaqla öz sonunu yaxınlaşdırır. Bu proseslər Azərbaycanın diqqətindədir. Hazırki vəziyyətdə də Azərbaycan adekvat addımlar atır və atacaq. Ermənistanın humanitar atəşkəs rejiminin pozması ilə bağlı hərbi müstəvidə də bütün zəruri addımların atılması yenidən gündəmə gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB