“Ordumuzun zəfər yürüşü qarşısında dayana bilməyən Ermənistan rəhbərliyi havadarlarının təzyiqləri, dünya erməni diasporunun geniş imkanları və lobbilərinin təsiri ilə Azərbaycanı durdurmağa çalışırlar. Dünən Fransanın xarici işlər nazirinin verdiyi məlumata görə, oktyabrın 8 və 12-də müvafiq olaraq Cenevrədə və Moskvada Qarabağa dair danışıqlar keçiriləcək. Nazirin dediyinə görə, məqsəd münaqişə tərəflərini atəşin dayandırılmasına inandırmaqdan ibarətdir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, informasiyanın natamamlığı suallar doğursa da, narahatlıq yaradan məqamlar daha çoxdur: “Bizə xoş gəlməyən ən əsas nüans görüşün təşəbbüskarının Fransa olmasıdır. Hər zaman erməniləri himayə edən Fransa bu gün açıq-aşkar Azərbaycan Ordusunun Qarabağda işğalçılara qarşı əks-hücumunun qarşısını almaq üçün dəridən-qabıqdan çıxır. Bu dövlətin prezidenti bütün qanunları və əxlaq normalarını pozaraq, Ermənistan- Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərlə bağlı saxta məlumatlar və şaiələr əsasında ölkəmizə qarşı böhtan yağdırır. Xalqımızın kəskin etirazlarına səbəb olan belə davranış Fransanın Minsk qrupunda həmsədr statusunda qərəzli olduğunun göstəricisidir. İşğalçı, terrorçu dövlətə qucaq açan, onu müdafiə edən bir ölkənin təşkilatçılığı və iştirakı ilə heç bir danışıqlara qatıla bilmərik. Uşaqlarımızı,qadınlarımızı, yaşlılarımızı,dinc sakinlarimizi amansızcasına qətlə yetirən, torpaqlarımızda soyqırımlar törədənlərı əzizləyən, onların yanında dayanan Fransa, ümumiyyətlə, həmsədr ola bilməz. Onun Minsk qrupunda qalması belə qəbuledilməzdir.
Təkcə Fransanın deyil, Rusiyanın, digər dövlətlərin də atəşkəs çağırışları bu gün milli maraqlarımıza daban-dabana ziddir. Bir anlığa təsəvvür edin ki, atəşi dayandırdıq. Bilirsiz nə baş verəcək? Həmin Fransa, Rusiya və başqaları dərhal Ermənistana indiki müharibənin ruhuna uyğun daha müasir, dağıdıcı silahlar ,bronetexnika, raketlər və s.verəcəklər.Heç şübhə yoxdur ki,İtkilərini bərpa edən, yaralarını sağaldan, himayədarlarından və maliyyə, siyasi, diplomatik dəstək alan düşmən yenidən üzərimizə gələcək.
Yadımıza salaq. 2016-cı il Aprel döyüşlərində Rusiya dərhal araya girdi,sözünə qulaq asıb atəşi kəsdik. Sonra nə oldu? Rusiya işğalçıya bizim gücümüzə uyğun silahlar,o cümlədən "İsgəndər" və digər orta mənzilli raketlər, yeni nəsil qırıcı təyyarələr verdi. Budur, ermənilər indi həmin silahlarla dinc sakinlərinlərimizı, şəhərlərımızı, mülki obyektlərimizi vururlar. Bizi danışıqlar masasına oturtmaq istəyi bir tələdir. Bu tələyə düşsək, tarix bizi bağışlamaz. Həyatın ən böyük səhvi - səhvlərdən nəticə çıxarmamaqdır. Biz artıq səhv edə bilmərik! Rusiyanın susqunluğuna da aldanmayaq. Onun beynindəkilər və qəlbindəkilər bizə yaxşı bəllidir. Kremlin məqsədi, üzünü Qərbə tutmuş Paşinyanla vidalaşmaq, Moskvanın köhnə dostu, Xocalı qətliamının komandanı Koçaryanı hakimiyyətə gətirməkdir.
Düşmənə aman vermək olmaz. Biz Vətən uğrunda, torpaqlarımızı azad etmək uğrunda müharibə aparırıq. Fransanın da, Rusiyanın da səs verdikləri BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini yerinə yetiririk. Ərazilərimizi terrorçulardan təmizləyirik. Heç kimin bizə təziq göstərməyə haqqı yoxdur!
Bu gün 30 il gözlədiyimiz ana,fürsətə yetişmışik. Qəhrəman Ordumuz şir kimi vuruşur, bir-birinin ardınca kəndlərimizi,qəsəbələrimizi azad edir. Xalqımız bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşib. Meydanda tək deyilik. Qardaş Türkiyə bizimlədir. Qardaşlarımız Pakistan, Əfqanıstan yanımızdadırlar. Bu, nadir fürsətdir. Sona qədər getməliyik. Fürsətlərdən faydalanmayanı Tanrı da sevməz! Bir millət kimi həyatımızı, bütün varlığımızı ortaya qoymalı və bu işi bitirməliyik!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB