Qafqazın ortasındakı “Çernobıl” və ya "Dom Feyzulla bomba rabatay"

Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, dünya isə susur…

Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik Stansiyası partlamağa və milyonlarla insanı məhv etməyə hazır olan bomba rolunu oynayr. Belə ki, stansiyanın reaktoru həddən artıq köhnə və istismar müddətini başa vurmuş olduğundan qəza ehtimalı 90 faizdən çoxdur.

"Feyzulla"nın evində fitili çəkilmiş "nüvə bombası"

Beynəlxalq təşkilatların və ekspertlərin qənaətinə görə, Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. “Metsamor”da köhnə texnologiyadan istifadə edilməsi, modernləşdirilməməsi, yüksək seysmik zonada yerləşməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Dünyada 4-cü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” tipli AES-lər çoxdan fəaliyyətini dayandırıb.
1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatmışdı. Lakin müddət daha 13 il uzadıldı. Bu müddət də 2014-də başa çatdı, orada yeni stansiya tikilməli idi, lakin hələ ki, bu, reallaşmayıb. Yeni stansiya tikilənə qədər “Metsamor” təhlükəli vəziyyətdə işləməli olacaq…
Stansiya yüksək seysmik zonada yerləşir ki, bu da güclü seysmik aktivlik zamanı regionda zəlzələdən daha böyük fəlakət yarada bilər. 1988-ci ildə baş verən zəlzələ nəticəsində “Metsamor” da yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda “2-ci Çernobıl” baş vermədi. Spitak zəlzələsindən sonra stansiya bağlanmışdı, lakin beynəlxaql təzyiqlərə baxmayaraq 1995-ci ildə fəaliyyəti bərpa edildi.
Bundan başqa, “Metsamor”un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyil. Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. Artıq bu "nüvə bombası"nın fitili alışmış vəziyyətdədir…

“Metsamor"un bağlanması niyə baş tutmadı?

BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
“Metsamor”un region üçün böyük təhlükə olduğunu dərk edən Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Avropa İttifaqı bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan həyasızcasına 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.
Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial vəziyyətdə olduğunu, ölkənin alternativ enerji mənbələrinin olmadığını bəhanə edir. Anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə Ermənistan əhalisi məhv olacaq.
Ekspertlərə görə, stansiyada baş verəcək hər hansı bir qəza çox ciddi fəsadlara gətirə və bundan təkcə Ermənistan deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və İran da ciddi ziyan çəkə bilər. Lakin təəssüf ki, region ölkələrinin bu haqda birgə təzyiqi yoxdur. Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, Türkiyə narahat olur, Gürcüstan və İran isə susur...

"Metsamor" 5 ölkəni fəlakətə düçar edə bilər

Əgər "Metsamor"da partlayış olsa, bunun faciəvi fəsadları bütün region ölkələrində, o cümlədən də Azərbaycanda özünü göstərəcək. Buna görə də, Azərbaycan bütün mötəbər tribunalardan “Metsamor” AES-in region üçün təhlükə olduğunu elan edir və həyəcan təbili çalır.
Hələ 2002-ci ildə MAQATE-nin o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev ondan xahiş etmişdi ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın.
Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bu problemi qaldırmışdı.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi də mütamadi olaraq Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqinlərində “Metsamor” təhlükəsini qabardır.
Lakin beynəlxalq təşkilatlar bunun üçün Yerevana lazımi dərəcədə təzyiq göstərmirlər. Düzdür, bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Amma hələlik, Ermənistan bu qərarlara əhəmiyyət vermir. Yerevan enerji və maliyyə çatışmazlığını bəhanə edərək nə stansiyanı dayandırır, nə də onun texnologiyasını yeniləyir.

Qafqazda 3-cü “Çernobıl”ın qarşısı alınmalıdır

...Çernobılda qəza olanda butun Şərqi Avropada dəhşətli təsirləri oldu. "Fukuşima" qəzası isə Sakit Okeanın yarısını radiasiya ilə zəhərlədi. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər.
Turkiyəli eskpertlərin verdiyi açıqlamalara görə, “Metsamor”un radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutulmüş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə müvafiq orqanlarını həyəcan təbili çalmağa vadar edib.
AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı rəsmi məlumatların olmaması daha bir böyük probemdir. Bəzi məlumatlara görə, Ermənistan radiaktiv tullantıları Azərbaycanın işğal edilmiş Qarabağ zonasında basdırır. Bu isə regional ekoloji fəlakətə səbəb ola bilər.
Yeri gəlmişkən, bu AES-in radiasiyalı tullantılarının yearltı boru xətti ilə Araza axıdılması haqda ciddi məlumatlar var. Bu da ciddi araşdırılmalı məsələdir. Ümumiyyətlə, "Metsamor" bombası hər an partlamağa hazırdır və bu, böyük bir regionda dəhşətli faciələrə gətirə bilər.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə