Türkiyədə Yeni Qanunvericilik ili ilə bağlı parlamentdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop nitqində Azərbaycana dəstək mesajı verib. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda qeyd olunduğu kimi, Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin sözlərinə görə, Türkiyə beynəlxalq aləmdə hər zaman hüququn, qanuniliyin tərəfdarı olub.

“Ermənistanın sentyabrın 26-da Azərbaycana hücumları ilə bağlı böyük kədərimizi bildirmək istəyirəm. Şəhidləri rəhmətlə anır və yaralananlara təcili şəfa diləyirəm. Türkiyə haqq mübarizəsində, vətən müdafiəsində bundan sonra da Azərbaycanın yanında olacaq”, deyə məlumatda bildirilir.

M.Şentop bildirib ki, Türkiyənin dəstəyi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də açıq şəkildə bəyan edilir.
“Bu qətiyyət sentyabrın 28-də bir daha TBMM-də nümayiş olundu. Ermənistanın işğal etdiyi torpaqları ən qısa müddətdə tərk etməsinin zəruriliyini bir daha ifadə etmək istərdim”, deyə Mustafa Şentop bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə