"Azərbaycan xalqı Ordusuna və Ali Baş Komandanına güvənir" Sədaqət Vəliyeva

“Bu gün Azərbaycan Ordusu tarix yazır. Ali Baş Komandanın güclü siyasi iradəsinə əsaslanaraq haqq, ədalət missiyasını yerinə yetirir”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bu 5 gün ərzində qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və başqa bir sıra ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördük: “Lakin digər dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, dırnaqarası məsləhətlər verdilər. Başa düşə bilmirəm, məgər həmin dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın necə uşaq, qadın, qoca demədən qətlə yetirdiyini görmürlərmi? Yaxud, Naftalanda 2-i uşaq olmaqla bir ailəni tamamilə məhv etməsini görmürlərmi? Məgər Ermənistan silahlı qüvvələri Tərtəri, Goranboyu, Daşkəsəni, Ağdamı və digər əraziləri bombardman edərkən beynəlxalq hüququn pozulması baş vermirmi? Lakin Azərbaycan əhalisini qorumaq və işğal edilmiş tarixi torpaqlarını geri qaytararkən qanun, hüquq pozmuş olur? Buradan da görünür ki, Azərbaycana qarşı qərəzli mövqe, ikilistandartlı yanaşma açıq-aşkar ortadadır”.

Sədaqət Vəliyeva vurğulayıb ki, bu gün xalq-Ali Baş Komandan-Ordu birliyi öz sözünü deyir: “İnanmayanlar, Azərbaycanı “militarist” adlandıranlar gəlib öz gözləri ilə Qan Bankının qarşısında könüllü olaraq qan vermək istəyən minlərlə insanı, yaxud səfərbərlik idarələri qarşısında könüllü olaraq döyüşmək istəyən minlərlə vətənpərvəri görə bilərlər”.

“Qarabağın azad olunması xalqın istəyidir. 30 ildir məsləhət verdilər bəsdir. Azərbaycan xalqı da 30 ildir səbr etdi, bəsdir. Artıq işğal olunmuş torpaqlarımızın azad olunması 50 milyonluq azərbaycanlının birinci həyat amalıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, döyüşlərlə, tətbiq olunmuş hərbi vəziyyətlə bağlı, şəhidlərimiz, yaralılarımızla bağlı yalnış məlumat yayanlara, xüsusilə də Ermənistan mətbuatının və sosial mediasının yaydığı saxta xəbərləri tirajlayan radikal müxalifətçilər nəzarətə götürülməlidir: “Onlar görünür müharibə şəraitindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi poza bilmədiklərindən sosial şəbəkələrdə təxribat törətməyə çalışırlar”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan xalqı Ordusuna və Ali Baş Komandanına inanır, güvənir: “İnanıram ki, yaxın zamanda torpaqlarımızın azad olunması münasibətilə bir-birimizi təbrik edəcəyik”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə