Peskov Ermənistan hakimiyyətini avantürizmdə ittiham etdi

Yalnız avantürizmdən uzaq olan balanslı və məsuliyyətli bir mövqe Moskvanın Dağlıq Qarabağdakı münaqişənin həllində vasitəçi rolunu effektiv şəkildə təklif etməsinə imkan verir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rejissor Karen Şahnazarovun Kremlin Qarabağ məsələsində bir fikir formalaşdırması lazım olduğu barədə dediklərini şərh edərkən söyləyib.

"Karen Şahnazarovun bir ictimai xadim kimi nə isə deməkdə müəyyən hüququ var, amma əlbətdə ki, burada ilk növbədə ATƏT-in müvafiq qrupunun məsul həmsədri olmağın vacibliyini başa düşməlisiniz. Rusiya Federasiyası və digər həmsədrlər balanslı bir mövqe, məsuliyyətli bir mövqe tutmaq üçün hər cür avantürizmdən uzaq olmaq lazım gəlir. Yalnız bu, Moskvanın bu münaqişənin həllində vasitəçi rolunu həqiqətən təsirli şəkildə təklif etməsini mümkün edir", deyə Peskov, rejissor Şahnazarovun Kremlin açıqlamasını qiymətləndirmə tələbinə cavab olaraq bildirib və Ermənistan hakimiyyəti bir növ avantürizmdə ittiham edib.

Xatırladaq ki, Ermənistan Qarabağda hərbi əməliyyatlar fonunda acizliyinin fərqində olduğu üçün bir çox ölkələrə, eləcə də Rusiyaya məsələyə mövqe bildirməsi barədə müraciətlər edir. Ermənistana məxsus mətbuat səhifələrində dərc olunan yazılarda Rusiya mövqe bildirməməkdə ermənilər tərəfindən ittiham olunur və indi Peskov işğalçı dövlətin avantüristlər tərəfindən idarə olunduğunu dolayı yolla bildirib, məhz Ermənistan hakimiyyətini avantürizmdə ittiham edib və Karen Şahnazarovun dediklərini şərh edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə