Azərbaycan: bütün cəbhələrdə böyük qələbəyə - ANALİZ

Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin və mükəmməl ordu quruculuğunun bəhrələrini əldə edir

Bir neçə gündür ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib.

Qarabağ cəbhəsində mövqelərin nəzərdən keçirilməsi

Son 3 gündə ordumuzun apardığı əks-hücum kampaniyası və anti-terror əməliyyatları öz bəhrələrini verib. Xeyli yaşayış məntəqəsi və yüksəkliklər düşməndən azad edilib, yüzlərlə terrorçu məhv edilib. Cəbhədə əldə etdiyimiz sarsıdıcı üstünlükdən qorxuya düşən ermənilər işğal olunmuş ərazilərimizi kütləvi tərk etməyə başlayıb, erməni əsgərləri isə ya təslim olur, ya da geri çəkilir.

Ən əsası, ən ağır period olan ilk möhkəmləndirilmiş müdafiə səddi və minalanmış sahələr keçilib, artıq qısa müddətdə digər ərazilərin azad ediləcəyinə şübhə yoxdur. Ağdərə, Füzuli, Ağdam istiqamətlərində düşmənə sardıcı zərbələr vurulub və qoşunlarımız xeyli irəliləyib.

Çarəsiz qalan Ermənistan ordusu və xaricdən gətirdikləri terrorçular artıq müqavimətin mənasız olduğunu anlayıblar. Ordumuzun rəhbərliyi lüzumsuz qan tökülməməsi üçün mühasirəyə alınmış düşmən hərbi alaylarına təslim olmaq və geri çəkilmək haqda ultimatum verib.

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyəti etiraf etməmək üçün saysız nağıllar, əfsanələr uydurub dünya və ölkə mediasına göndərməklə məşğuldur. Gah deyirlər Azərbaycan Ordusunun filan qədər texnikasını vurmuşuq, amma ortada bircə foto və ya video yoxdur. Gah deyirlər Türkiyə bizimlə müharibə edir, amma yenə ortada bircə fakt yoxdur. Gah da deyirlər Azərbaycan Ordusu mülki şəxsləri qırır, buna aid də heç bir fakt yoxdur. Üstəlik, Qarabağ bölgəsində xeyli sayda xarici jurnalist var və onlar bunların yalan olduğunu öz gözləri ilə görürlər.

Siyasi və diplomatik cəbhədə vəziyyət necədir?

Ermənistan hökuməti beynəlxalq təşkilatlara və fövqəldövlətlərin rəhbərlərinə fasiləsiz yalvarsa da nə hərbi, nə də siyasi dəstək əldə edə bilməyib.

Rusiya rəhbəri Putin açıq mətnlə bəyan etdi ki, "biz digər ölkələrin daxili işlərinə qarışmırıq". Yəni, öz ərazisi olan Qarabağı terrorçulardan və işğalçılardan təmizləmək Azərbaycanın daxili işidir.

Ermənilərin dünyada ən böyük hamisi olan, Ermənistan hakimiyyətinin başına öz adamlarını qoyaraq ölkəni idarə edən, Qarabağdakı terrorçu rejimə hər il öz dövlət büdcəsindən açıq maliyyə yardımları göstərən yeganə dövlət olan Amerikanın rəhbəri Tramp belə "düşünürük, görək döyüşləri necəsə dayandıra bilərikmi" kimi mənasız bəyanatla yaxasını kənara çəkdi.

Fransa prezidenti Makrona yalvaran Paşinya heç bir nəticə əldə edə bilmədi, o da, çalışacağıq döyüşlərin dayandırılması üçün addım ataq" deyərək kənara çəkildi.

Beynəlxalq təşkilatlar isə "tərəfləri sülhə çağırırıq" tipli bəyanatla məsələni yola verdilər. Beləliklə, Ermənistan beynəlxalq aləmdə təkləndi. Bu, əlbəttə, havadan yaranan bir iş deyil. Bu, uzun illər səbrlə, əzmlə aparılmış xarici siyasətin, düşünülmüş diplomatiyanın zəfəridir.

Hazırda siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Azərbaycan rəhbərliyi həm yaranmış əlverişli beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.

Qarabağın azad edilməsi üçün tarixi şərait necə yetişdi?

Anti-terror əməliyyatlarının başlanması üçün ən uyğun vaxt yetişmişdi. Son illərdə Rusiya və Türkiyə arasında yaranmış və möhkəmlənməkdə olan dostluq və yaxın əməkdaşlıq münasibətləri, dünyanın, xüsusən də Amerika və Avropanın başının pandemiyaya qarışması, Ermənistanda sosial-iqtisadi böhranın kəskinləşməsi buna yaxşı fürsət yaratmışdı.

Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, həm təşkilat üzvü olan dövlətlər ayrılıqda, həm təşkilatın rəsmi bəyanatında Qarabağda aparacağı anti-terror əməliyyatlarına qarşı heç bir yardım göstərməyəcəyini bəyan etməsi də Yerevanı çətin vəziyyətdə qoydu.

Hakimiyyət başına Amerika agentlərinin gəlməsindən sonra ölkə ABŞ təsirinə keçmiş və Rusiyadan asılılığını lığv etməyə çalışırdı ki, bu da Moskvanı qəzəbləndirməyə bilməzdi. Buna görə də, Rusiya başlanmış prosesdə Azərbaycana qarşı heç bir etiraz və ya tələb irəli sürmədi.

İndi həm düşmən ölkə, həm də onun dünyadakı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya Ermənistan ordusu və terrorçu dəstələr könüllü şəkildə Qarabağdan çıxacaq, ya da Azərbaycan ordusu öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.

Bakı sülh üçün bütün imkanlardan istfadə etdi

30 ildir ki, Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edirdi. Lakin heç bir cavab və ya ciddi reaksiya yox idi. İndi anti-terror əməliyyatları başlayandan sonra əl-ayağa düşüblər. Əsasən də, ABŞ və Avropa cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.

Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?

Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, amma imkan verin, sizin yaratdığınız problemin ədalətli həllini biz özümüz həyata keçirək.

Sözdə terrora qarşı olduğunuzu deyirsiniz, indi Azərbaycan anti-terror əməliyyatı keçirəndə niyə narahat olursunuz ki? Azərbaycan sülh üçün mümkün olan hər şeyi etdi, çox uzun müddət gözlədi. Artıq bıçaq sümüyə dirənmişdi. Yalnız Ermənistan sülh üçün bütün imkanların tükəndiyini bəyan edəndən sonra Azərbaycan probelmin həlli üçün qalan yeganə yola əl atdı.

Qərbin maraqlarına kim daha çox cavab verir?

Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb. 50 milyardlıq strateji rezervlərimiz Qərb fondlarına qoyulub. Beləliklə, biz Qərb üçün nə verə biliriksə, vermişik.

İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.

Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmədiniz? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmədiniz? 30 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırsınız? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?

Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə.

Rusiyanın maraqları nəyi tələb edir?

Şimal qonşumuzla da həm iqtisadi əməıkdaşlığmız yüksək səviyyədədir, həm siyasi, həm də mədəni əlaqələr. Rusiyayav Azərbayan daha çox fayda verir, nəinki Ermənistan. Bu halda indiyədək Rusiya niyə Azərbaycanı müdafiə etməyib? Yəqin ki, Kremlə bu səhvlərini başa düşüblər.

Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.

Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur. Amerikanpərəst hakimiyyətin başına gəldiyi Ermənistan artıq Rusiyanın düşməni tərəfindən idarə olunur.

Faktiki olaraq, Rusiyanın maraqları Azərbaycanla strateji müttəfiqliyi tələb edir. Əgər vaxtında Rusiya torpaqlarımızı azad etməkdə bizə dəstək versəydi, biz onunla daha sıx əməkdaşlıq edərdik, məsələn neft və qazın ixracını Rusiya vasitəsilə həyata keçirərdik ki, Moskva da bundan həm iqtisadi, həm siyasi dividentlər əldə edərdi. Ermənistandan isə Rusiya heç bir divident əldə etmir, bu ölkə ilə əməkdaşlıq Rusiyaya zərər vurur.

Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin... birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır. Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki, başqa variant qoymadınız, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da haqqımız və gücümüz var.

Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir və biz öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə