Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir Əli Əhmədov

“XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir. Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda keçirilən videokonfransda deyib.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “facebook” və “tvitter” iştirakçılarının sayı artır. Belə ki, “facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “tvitter” istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “facebook” və “tvitter” kimi platfarmalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirkaçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələrdə də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrın yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğaımn aparılması geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır. Onun sözlərinə görə, belə hallara qarşı ictimai qınaq da effekt vermir. YAP Sədrinin müavini qeyd edib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə