Rusiya sülhməramlılarını Qarabağda yerləşmək iddiasından əl çəkmir - MÖVQE

Qabil Hüseynli: “5 rayonun qaytarılması məsələsi əvvəldən Azərbaycan üçün məqbul olunmayıb, indi də məqbul deyil”

Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə – "Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır" fikirlərini bildirib.

Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Politoloq Qabil Hüseynli bildirib ki, Rəsmi Moskva tərəfindən Azərbaycanın işğal altında olan cəmi 5 rayonunun qaytarılması ilə bağlı səslənən fikirlər digər ərazilərin Ermənistanın işğalında qalmasına rəvac verməməlidir. Azərbaycan tərəfi 5 rayonun qaytarılması təklifi ilə razılaşa bilməz: “Həm ABŞ, həm də Avropa ölkələri hesab edir ki, Dağlıq Qarabağın ətrafında bütün işğal edilmiş rayonlardan Ermənistan qoşunları çıxmalıdır. 7 rayonun azad edilməsi isə gündəlikdə olsa, müvəqqəti məqbul variant kimi qəbul edilə bilər. Bir də Rusiyanın bölgəyə sülhməramlı qüvvələrinin gətirilməsini irəli sürməsi ürəyi bulandıran bir şeydir. Biz heç zaman deməmişik ki, azad olunmuş bölgəyə sülhməramlı qüvvələr gətirilsin. Sülhməramlı qüvvələr gətirilsə, Rusiya KTMT-dən ibarət ordunu ora yerləşdirəcək. Bu isə çox təhlükəli haldır. Sergey Lavrovun söylədikləri qəbuledilməzdir. Azərbaycan torpaqları heç bir şərt olmadan azad olunmalıdır. İlkin mərhələdə Azərbaycan 7 rayonun azad edilməsinə razı ola bilər. Sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu ətrafında müzakirələr aparıla bilər. Biz Dağlıq Qarabağa Azərbaycanın suverenliyi altında ən yüksək və dünyada misli görünməyən muxtariyyət təklif edə bilərik. Cənubi Qafqazda vəziyyət artıq dəyişir. Türkiyə artıq bu regiona qayıtmaq və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak etmək istəyir. Rusiyanın hazırkı təklifi status-kvonu qorumaq istəyindən xəbər verir. 5 rayon məsələsinin Sergey Lavrovun dilindən səsləndirilməsi hər hansı hüquqi qiymətə malik deyil".

Lavrovun söylədikləri bütövlükdə sülhyaratma prosesinə əngəl törətməkdən başqa bir şey deyil və onun ətrafında hər hansı bir mükalimə aparmaq olmaz: “Rusiya Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən susi-istifadə edir”.

Q.Hüseynlinin fikrincə, ümumiyyətlə, Lavrovun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb nizamlanma prosesi haqqında məlumat verməsinin özü təəccüblüdür. Çünki bu məsələ haqqında yalnız Putin nələrsə söyləyə bilər: “Azərbaycan tərəfi yalnız 7 rayonun qaytarılacağı, ondan sonra Dağlıq Qarabağın statusunun razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi haqqında fikir mübadiləsi apara bilər. Ümumiyyətlə sülhməramlı qüvvələrin bölgəyə gətirilməsinin tərəfdarı deyilik. Belə olan surətdə Rusiya bölgəyə və Qarabağa “nizamlanmanı” birdəfəlik əlinə ala bilər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri kimi öz qüvvələrini bölgəyə yeridə bilər”.

Q.Hüseynli, həmçinin ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qoblun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərində həqiqət payı olduğunu da deyib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşsa da, onun təklif edəcəyi həll variantları hələlik gözə dəymir. Söhbətlər hələ ki 5 rayonun geri qaytarılması, əvəzində Dağlıq Qarabağa hansısa statusun verilməsi ətrafında fırlanır. Bu nöqteyi nəzərdən, 2019-cu ildə Dağlıq Qarabağla bağlı pozitiv dəyişikliklərin olacağını ehtimal etsək də, Rusiyanın bu məsələdə hansısa konstruktiv rol oynayacağına bel bağlamaq demək olar ki, çətindir. Pol Qobl da indiyə kimi Rusiyanın oynadığı rolu nəzərə alaraq, elə bir qənaətə gəlib”.

Amerikalı politoloqun “Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq” fikrinə gəlincə, Qabil Hüseynli qeyd edib ki, burada da müəyyən qədər həqiqət payı var: “Bu səbəbdən ki, Azərbaycan müstəqil siyasət yürütməyin tərəfdarıdır. Azərbaycan Rusiya ilə tam yaxınlaşmamaq, yəni ölkə suverenliyinin əsas parametrlərini qoruyub saxlamaq istəyir. Bu nöqteyi-nəzərdən, Pol Qoblun özü də şahidi olub ki, Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz”.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə