Qarabağa erməni ailələri deyil, yaxşı təlim keçmiş erməni silahlıları köçürülür - ŞƏRH ÖZƏL
"Dağlıq Qarabağ münaqişəsi atrafında baş verənlər, Ermənistanın danışıqlardan yayınaraq, qanunsuz məskunlaşma apararaq müharibə ritorikasından çıxış etməklə müharibəni qaçılmaz edir. Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürür. Bununla yanaşı, qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür. Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur. Bu faktı jurnalist işləyən Misir ermənisi Üsamə Eidanın çəkdiyi sənədli videokadrlar təsdiq edir. Bu kadrlarda Misir ermənilərinin Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi düşərgələrdə təlim keçdiyi görünür. Bütün bu cəhdlər regionun demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlib". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir, amma buna baxmayaraq, bu ölkənin hakimiyyəti erməni diasporunun dəstəyi ilə bu qətnamələri icra etmir: "ATƏT-in Minsk Qrupu isə Ermənistanın danışıqlardan yayınmasına, qanunsuz məskunlaşma aparmasına və müharibə ritorikasından çıxış etməsinə susqunluq nümayiş etdirir. ATƏT-in Minsk Qrupunun həmsədrləri atdıqları addımlara hörmətlə yanaşmalıdırlar. Deklorativ bəyanatlar, lazımsız görüşlər keçirmək əsas prioritet olmamalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş konkret addımlar atılmalıdır. Ermənistan hakimiyyətinin, qondarma qurumun siyasi və digər problemlərlə bağlı verdikləri bəyanatlara ATƏT-in Minsk Qrupu ciddi reaksiya verməlidir. Bu, miqrasiya, silahlanma, müharibə anonsu və digər məsələlərlə bağlıdır. ATƏT həmçinin vermiş olduğu bəyanatların praktik olaraq həyata keçirilməsinə çalışmalıdır. Əks halda bu görüşlərin heç bir əhəmiyyəti olmayacaq. Amma buna baxmayaraq, sülh danışıqları bütün hallarda dəstəklənir".
Politoloq bildirib ki, reallıqda isə başqa mənzərənin şahidi oluruq: "Çünki istər qondarma qurumun, istərsə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi mövcud status-kvonun qorunub saxlanılmasından ibarətdir. Eyni zamanda, düşmən tərəfinin bəyanatları və çirkin addımları ATƏT-in gözü qarşısında baş verir. Ona görə də bu görüşlərdən hansısa müsbət irəliləyişlə bağlı gözləntilər öz aktuallığını itirib. Çünki hümanitar və digər sahələrdə ATƏT-in Minsk Qrupu vermiş olduğu qərarların icrasına təsir edən vacib addımlar atmalıdır. Hal-hazırda danışıqlar dalana dirənib və danışıqlar prosesi getmir. Azərbaycan tərəfi olaraq öz şərtlərimizi ortaya qoymuşuq. Azərbaycan tərəfinin istəyi və əsas məqsədi ondan ibarətdir ki, ərazi bütövlüyümüz bərpa edilsin".
İ.Hüseynov vurğulayıb ki, danışıqlar bir nəticə verməsə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sonu böyük müharibə ilə nəticələnə bilər: "Belə olan halda, artıq regional aktorlar deyil, eyni zamanda, digər dövlətlər də beynəlxalq səviyyədə bundan zərər çəkəcəklər. Ermənistan təxribatçı hərəkətləri ilə regionda müharibə ocağını alovlandırmaq istəyir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla qardaş Türkiyə arasında hərbi müttəfiqlik istiqamətində çox ciddi addımlar atılıb, birgə təlimlər həyata keçirilib. Ümid edirik ki, Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində regionda baş verə biləcək istənilən ssenarinin qarşısını almaq mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB