"Minsk qrupunun yanaşma tərzi Azərbaycanın mövqeyini gündəmə gətirə bilər" - ŞƏRH

"ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun qalmasında maraqlıdır. Qeyd edək ki, sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirib, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar. Müzakirələr zamanı, həmçinin, müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib. ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi həmsədrləri regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlandırıb. Onun regionda ATƏT-in monitorinqlərinin bərpasına yönəlmiş hazırlıq prosesi ilə bağlı təklifləri həmsədrlər tərəfindən yüksək qiymətləndirilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

O, söyləyib ki, həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar: "Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər. Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər. Hesab edirəm ki, görüşdən sonra həmsədrlərin verdiyi bəyanat Minsk Qrupunda təmsil olunan dövlətlərin mövqelərinə aydınlıq gətirir. ATƏT-in Mİnsk Qrupu bu bəyanatla mandatına statusuna uyğun olaraq proseslərə nəzarət etdiyini və tərəflərə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi tövsiyə edir. Amma Minsk Qrupunun bu bəyanatında Tovuzda və Gədəbəydə baş vermiş son olaylar zamanı Ermənistanın törətdiyi təxribata təəssüf ki, münasibət bildirməyib".

Politoloq bildirib ki, eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı hadisələrə dair də hər hansı mövqe ortaya qoymayıb: "Sanki Minsk Qrupunun münaqişə tərəflərini ortaq məxrəcə gətirmək üçün əlində olan bütün imkan və resursları tükənib. Çünki həmsədrlərin müraciətində tərəflərin ortaq məxrəcə gətirilməsi üçün model və təkliflər yoxdur. Əvvəllər irəli sürülən model və təkliflərə Azərbaycanın münasibəti konstruktiv olsa da, Ermənistanın qeyri-konstruktiv davranışı, bu gün isə Paşinyann iqtidarının “yeni müharibə, yeni ərazilər” doktrinası kontekstindən çıxış etməsi və ATƏT-in Minsk Qrupunun işğalçı tərəfin bu mövqeyinə qiymət vermək istəyindən uzaq olması göstərir ki, vasitəçilər danışıqların danışıqlar xatirinə aparılması ənənəsindən imtina etməyib. Həmsədrlər status-kvonun qalmasında maraqlıdır. Bu da ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin özündə baş verən hadisələr nöqteyi-nəzərindən dəyərləndirilməlidir".

E.Manafov vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazda maraqları nə qədər anlaşılan olsa da Kremlin hədəfində olan əsas məsələ Belarusda “narıncı inqilab”ın qarşısını almaq və Lukaşenkonun hakimiyyətdə qalmasına nail olmaqdır: "Əks təqdirdə, Rusiyanın MDB məkanında təsir imkanları daha da kiçildilə bilər. ABŞ-a gəlincə, bu ölkədə iki aydan sonra prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasının əsas qayəsi seçkilərdə Trampın qələbəsinə nail olmaqdır. Hətta Trampın ağır pandemiya şəraitində belə, Amerika iqtisadiyyatının qapanmayacağı ilə bağlı mövqeyi məhz seçicilərin səslərini itirməmək istəyindən irəli gəlir. Tramp yaxşı başa düşür ki, koronavirusun ikinci dalğasının baş verəcəyi halda ABŞ-da yoluxanların sayı artacaq. Bu səbəbdən, respublikaçılar mövqeyindən geri çəkilmir. Fransanın siyasi hədəfləri bu gün Türkiyə ilə Yunanıstan arasında baş verən hadisələrə, daxili problemlərə və Avropa Birliyinin daxilində yaşanan proseslərə münasibətdən, eləcə də rəsmi Parisin NATO ilə əlaqələrində yaranan gərginlikdən ibarətdir. Hər üç ölkə sanki hazırda Cənubi Qafqazın iki ölkəsi arasında baş verən münaqişəyə diqqət yetirməyə ya vaxtı yoxdur, ya da düşünürlər ki, hadisələrin nəzarətdən çıxması ehtimalı azdır. Amma ATƏT-in Minsk Qrupu daha səmərəli fəaliyyət nümayiş etdirə bilər. Proseslərə vasitəçilərin belə yanaşması, Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmasına dair Azərbaycan dövlətinin və xalqının mövqeyini gündəmə gətirə bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə