“15 sentyabr – tariximizin ən əziz günlərindən biridir” ÖZƏL-MÜNASİBƏT

"Bu gün Bakının erməni daşnak-rus bolşevik hərbi işğalından xilas edilməsinin 102-ci ildönümüdür. Əfsanəvi komandan Nuru paşanın başçılıq etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrindən ibarət Qafqaz Türk-İslam Ordusu müzəffər döyüş yolu keçərək, 15 sentyabrda Bakıya daxil olub, şəhəri işğaldan qurtarıb." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Əkbər Qoşalı qeyd edib ki, 1918-ci ilin mayında Tiflisdə Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin önəmli hissəsi, o cümlədən Bakı və ətraf bölgələr erməni-bolşevik işğalında idi.
"Yenicə elan olunmuş Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Osmanlı dövləti Nuru paşanın komandanlığı ilə könüllü seçim əsasında formalaşmış hərbi qüvvələrini qardaş yardımına göndərdi. Özü də, Osmanlı həmin dövrdə heç də yaxşı günlər yaşamırdı, buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin çağırışlarına cavab verildi, qəhrəman Qafqaz Türk-İslam Ordusu təşkil olundu və möhtəşəm qələbələrə imza atıldı. 15 sentyabrda Bakı azad edildi və iki gün sonra hökumət keçici paytaxt Gəncədən Bakıya daşındı.
Qafqaz Türk-İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti ərazilərinin, özəlliklə, Bakının azad olunması uğrunda hərbi əməliyyatlarda 1130 şəhid verib. Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Tikintisinə 1999-cu il iyunun 24-də başlanmış, açılış törəni o zamankı dövlət başçılarımız Ümummilli Lider Heydər Əliyev və Süleyman Dəmirəlin iştirakı ilə 2000-ci il aprelin 9-da olmuş abidə, açılışdan bu yana qədirbilən xalqımızın aralıqsız ziyarət yeridir. Azərbaycan 1991-ci ildə növbəti dəfə dövlət müstəqilliyi qazandıqdan bəri, hər il sentyabrın 15-də Bakıda, eləcə də, Şamaxıda, Göyçayda və digər bölgələrimizdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qardaş ölkə əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış "Bakı Türk Şəhidliyi" abidə kompleksi önündə anım törənləri keçirilir.
15 sentyabrın qeyd olunması həm ümumxalq səciyyəsi daşıyır, həm də dövlət səviyyəsində əziz tutulur. İki il bundan öncə Bakı küçələrində bir daha canlandırılan böyük coşqu və sevgini yaxşı xatırlayırıq, daha dorğusu, o möhtəşəm günü heç unutmadıq! Bakının işğaldan qurtulmasının 100 illiyi münasibəti ilə Azərbaycan və Türkiyə əsgərlərinin iştirakı ilə keçirilmiş möhtəşəm hərbi paradı Azərbaycan və Türkiyə dövlət başçıları birgə izləmişdi.
Bu gün də Azərbaycan-Türkiyə əbədi qardaşlığı, sarsılmaz dostluğu və strateji müttəfiqliyi bütün dünya üçün örnəkdir və dostlarımız bu örnəkdən güc alır, sevinir. Bu il iyulunda işğalçı Ermənistanın Tovuz istiqamətində növbəti hücum cəhdi ilə başlayan sərhəd toqquşmasına qardaş Türkiyə dövlət və xalq birliyi ilə öz sərt, qəti mövqeyini bildirdi, Azərbaycanın haqq işini müdafiə etdi. Şəxsən qardaş ölkənin Cümhurbaşqanı, həmçinin, Xarici İşlər naziri, Müdafiə naziri, TBMM təmsil olunan 4 əsas partiya, vətəndaş cəmiyyəti təmsilçiləri, nüfuzlu ziyalılar və başqaları Tovuz hadisələri ilə bağlı birmənalı açıqlamalarla, eləcə də, operativ məsləhətləşmələr, qarşılıqlı səfərlərlərlə, xalqımızda ruh yüksəkliyi yaratdı, qardaşlıq hüququmuzu möhkəmlətdi. Eyni ilə Azərbaycan da birmənalı olaraq və hər zaman qardaş Türkiyənin yanındadır və əslində, belə tərəddüdsüz dəstəklərlə müşayiət olunan Azərbaycan-Türkiyə sarsılmaz birliyi Qafqazlarda, Yaxın Şərqdə sülhə, təhlükəsizliyə xidmət edir. Arzu edən digər dövlətlər də, bu təbii əsaslı birliyə qoşula, bölgə və dünya sülhünə, birgə yaşayış sahəsində işbirliyinə töhfələr verə bilər.
Yeri gəlmişkən, sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın başçılığı ilə Bakının erməni və bolşevik işğalından azad edildiyini qeyd edən dövlət başçımız, bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
Cənab Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar qardaş ölkənin dövlət başçısına təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Bir vətəndaş olaraq, dərin məmnuniyyətlə vurğulamaq istərdim ki, dövlətimizin başçısı əcdadlarımızın əziz xatirəsinə, irsinə sadiqliyin örnəyi olaraq, 15 sentyabrın bir bayram kimi bu gün də qeyd olunduğunu qeyd edib.
Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə Azərbaycan Prezidentinə təşəkkür edərək, öz təbriklərini çatdırıb, bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib.
Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.
Telefon danışığı zamanı, hazırda ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub, işbirliyinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Tam da bugünlərdə Azərbaycan və Türkiyə qırıcılarının Gəncə üzərində birgə uçuşlar keçiricəyini oxuduq, az öncə Naxçıvanda hərbi təlimlərin yeni raundunun keçirldiyini bildik, ondan bir qədər öncə Yunanıstan səfirini qəbul edən Azərbaycan Prezidentinin tarixi nitqinin şahidi olduq… Bunlar ilk baxışda ayrı-ayrı hadisələr təsiri bağışlaya bilər, ancaq elə bilirəm, ən doğrusu, hadisələrə böyük tabloda baxmaqdır. Belə olduqda, atılan addımların sistematikliyi öz qürurvericiliyi ilə çox aydın görünür.
Bəli, 15 sentyabrda biz Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd edirik. 102 il öncənin çətinliklərinə baxmayaraq, qardaş ölkə bizdən öz yardımını əsirgəməyib. Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçərək, yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından qurtardı. Xalqımız üçün, qardaşlıq hüququmuz üçün, ortaq keçmişdən ortaq gələcəyə boylanmaq üçün, birlik və bərabərlik, ümid və inam üçün 15 sentyabr olduqca əlamətdar şanlı tarixdir.
Nuru Paşa və silahdaşlarının ruhu şad olsun!
Azərbaycanın, Türkiyənin dövlət və qardaşlıq bayraqları göylərin üzündən əskik olmasın!", deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...