"Prezidentin cəsarəti, hünəri təkcə haqlı olmaqla bağlı deyil" ÖZƏL-RƏY

"Prezidentin cəsarəti, hünəri təkcə haqlı olmaqla bağlı deyil" ÖZƏL-RƏY

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif ikitərəfli görüşlərdə, beynəlxalq müstəvilərdə heç kimdən, heç nədən çəkinmədən sistemli şəkildə ölkəmizin maraqlarına xidmət edən bəyanatlara müəlliflik edib. Ölkə başçısı bu dəfə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən öz cəsarətli çıxışı ilə diqqəti cəlb edib. İlham Əliyev böyük siyasi ustalıqla Yunanıstanın bundan əvvəlki hökumətinin Azərbaycana qarşı anlaşılmaz və qərəzli mövqeyini, Kipr ilə Ermənistanın hərbi sahədə əməkdaşlığını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizin həmişə heç bir tərəddüd etmədən qardaş ölkə Türkiyənin mövqeyini müdafiə edəcəyini vurğulayıb". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi ustalıqla yönləndirib nəzərə çatdırdığı bəyanatlar, təkcə onun ixtisasca diplomat olması, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirməsi, diplomatik qaydaları yüksək səviyyədə bilməsi ilə bağlı deyil: "İlham Əliyevin diplomatik qaydalara daima riayət etməklə yanaşı, vətənpərvərliyi, milli maraqları həmişə birinci yerdə tutması heç kimə sirr deyil. Ən mötəbər tədbirlərdə İlham Əliyev ölkəmizin maraqlarına söykənən mövqeyindən bir addım olsun belə geri durmayıb.

Prezident Yunanıstanın səfiri ilə də açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları onun üçün ən vacib məsələdir və bu məsələdə hansısa gizli, qaranlıq heç bir məqam ola bilməz.

Prezident İlham Əliyevin olduqca açıq, milli maraqlarımıza əsaslanan çıxışının bəzi məqamlarına diqqət edək. Dövlət başçısı nəzərə çatdırıb ki, iki ölkə arasında əməkdaşlığa mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşulub və “DESFA”ya sahib olmaq hüququnu qazanıb. Bu legitim hüquqYunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə olunub, lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquq tanınmayıb. “Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq”-, deyə Azərbaycan Prezidenti bəyan edib.

Prezident İlham Əliyevin qaldırdığı ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı olub: “Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.

Ölkə başçısının toxunduğu sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlik olub. Azərbaycan Prezidenti vurğulayıb: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Təbii ki, burada üzərində dayanılan önəmli məqamlardan biri Azərbaycan Prezidentinin Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməsidir. Vurğulamaq yerinə düşər ki, qardaş ölkə istər son hadisələrdə, istərsə də bundan əvvəl ayrı-ayrı beynəlxalq tribunlararda qəti şəkildə Azərbaycanın yanında olduğunu nümayiş etdirib. Azərbaycan da eyni qətiyyətlə Türkiyənin yanında olduğunu göstərib və indi olduğu kimi qardaş ölkənin mövqeyinə dəstəyini bəyan edib. Bu xüsusda prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavabını xatırlatmaq yertinə düşər: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir. İlham Əliyevin cəsarəti, hünəri təkcə haqlı olmaqla bağlı deyil. Bu həm də Azərbaycanın güclü dövlətə çevrilməsindən, öz imkanları hesabına ayaqda durmasından, siyasi və iqtisadi baxımdan heç kimdən asılı olmamasından irəli gəlir.

Bu gün İlham Əliyev

- dünyanın ən güclü 50 ordusu sırasında yer alan ordunun Ali Baş Komandanıdır;

- İlham Əliyev Azərbaycanı iqtisadi baxımdan güclü, həmçinin bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdıran layiqli liderdir;

- İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirib və ölkəmizin bundan sonra mövqelərinin daha da güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar var.

Kimin nə deməsindən asılı olmayaraq, bu, birmənalıdır ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə edib, əzm və iradə göstərib. Azərbaycanı bütün auditoriyalarda güclü təqdim edən prezidentin nümayiş etdirdiyi cəsarət notlu çılpaqlıq, Azərbaycan sevgisi, vətən təəssübkeşliyi, həm də ölkənin daxilində yaşından asılı olmayaraq bütün nəsillərin Vətən, milli maraqlar davası təbliğatına qoşulması üçün gözəl bir örnək yaradır...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə