"Rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır" ÖZƏL - AÇIQLAMA
"Türk əsgərinin dünya güclərinə Cənubi Qafqazda özünü göstərməsi, həm də, bu bölgədə göstərmiş oldu ki, mütləq şəkildə rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, Türkiyə dövləti və onun ətrafında cərəyan edən siyasi prosesləri şərh edərkən deyib.
"Türkiyə dövlətinin tarixən olduğu kimi bu gün də təsir mexanizmlərindən istifadə etmək istəyən və onun geosiyasi gücünü zəiflətmək istəyən qüvvələr kifayət qədər çoxdur. Türkiyənin yerləşdiyi mühüm strateji coğrafiya, onun İslam və Türk Dünyasının lider ölkəsi olması, eyni zamanda regionda çox dərin izlərə malik olması, Yaxın Şərq, Aralıq dənizi hövzəsi, Cənubi Qafqaz və digər bölgələr uğrunda apardığı mübarizə bir çoox ölkələr üçün maniə rolunu oynayıb. Belə olduğu halda biz son zamanlar Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Yunanıstan kimi dövlətlərin Türkiyə qarşı açıq müstəvidə mübarizə aparmalarıının şahidi olmuşuq. Əslində sadalanan ölkələr təkcə bunlar deyil. Bu ölkələrə onlarla ölkə daxildir, hansı ki, bu gün rəsmi Ankaranın siyasətini çox böyük qısqanclıqla həzm etməyə çətinlik çəkirlər" - deyə, politoloq bildirib.
Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, Türkiyə dünyanın hər bir ölkəsindən həmişə xahiş edir ki, onun maraqları nəzərə alınsın, çünki, Türkiyə də həmin dövlətlərin maraqlarını nəzərə alır: "Amma belə olmadığı halda türk əsgəri, Türkiyə Hərbi Qüvvələri səhnəyə daxil olur. Biz artıq son illərdə də Suriyada, İraqda, Liviyada və digər bölgələrdə türk əsgərinin hansı gücə malik olduğu görürük. Türk əsgəri dünyanın ən qabaqcıl, hərbi siyasi cəhətdən lider ölkələrinə nümayiş etdirdi ki, bir çox aspektlərdən, bir çox parametrlərinə görə rəsmi Ankara daha güclü mövqelərə malikdir. Mütləq şəkildə türk əsgəri o bölgələrdə ki, harda ki, Türkiyənin maraqları nəzərə alınmır, həmin qüvvələrə və birliklərə qarşı cavab verəcəkdir".
Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan hər zamanki kimi Türkiyənin bütün qərarlarında rəsmi
Ankaranı dəstəkləyir və Türkiyə ilə Azərbaycan təkcə qardaş iki xalq deyillər, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycan-Türkiyə münasibətləri kimi güclü və möhkəm münasibətləri biz heç bir digər iki dövlət arasında müşahidə edə bilmirik: "Son zamanlar da elə Türkiyə ilə Azərbaycan arasında artan hərbi müstəvidə münasibətlər, dərinləşən münasibətlər, türk əsgərinin dünya güclərinə Cənubi Qafqazda özünü göstərməsi, həm də bu bölgədə göstərmiş oldu ki, mütləq şəkildə rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır. Mütləq şəkildə tarixi obyektivliyi və beynəlxalq hüququ qorumaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB