"Ermənistan rəsmiləri bunu etiraf etmək istəmirlər" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan rəsmiləri bunu etiraf etmək istəmirlər" ÖZƏL-MÜNASİBƏT

“Ermənistan hərbi birləşmələri atəşkəsin imzalandığı 1994-cü ildən indiyə qədər qoşunların təmas xəttində dəfələrlə təxribatlara əl atıblar. Düşmən ölkə daim hərbi imkanlarını möhkəmləndirmək və qoşunların təmas xəttində - cəbhədə Azərbaycan Ordusunun mövqelərini müşahidə altında saxlamaq niyyətini gizlətməyib. Məhz buna görə də erməni kəşfiyyat bölmələri təmas xəttini keçərək təxribat əməliyyatları həyata keçirirlər və yaxudda keçirməyə cəhd edirlər”. Bunu SİA-ya Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, son 5 ildə Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu mövqelərdə bir-birinin ardınca ağır zərbələrə məruz qalıblar: “Onların bu təxribat hərəkətlərinin nəinki qarşısı alınıb, hətta əks-zərbə ilə bəzi istiqamətlərdə mövqelərini itirmək məcburiyyətində qalıblar. 2016-cı il aprel ayında baş verən döyüşlər bunun bariz nümunəsi ola bilər. Həmin vaxt Ermənistan ordusunun təxribatı Azərbaycan hərbi birləşmələri tərəfindən 3 istiqamətdə həyata keçirilən əks-zərbə nəticəsində bizim xeyrimizə qələbə ilə yekunlaşdı. Azərbaycan həmin istiqamətlər üzrə döyüşün taleyini həll edə biləcək vacib yüksəklikləri geri aldı və ermənilərin mövqelərinə müşahidə imkanını genişləndirdi. 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı da buna növbəti misal ola bilər. Bu ilin iyulunda isə Tovuz döyüşləri zamanı isə ermənilərin təxribatı Ermənistanın ərazisindəki - dərinlikdə yerləşən hərbi məntəqələrinin darmadağın olunması ilə nəticələndi.

Goranboy istiqamətindən həyata keçirilən təxribatda isə Ermənistan ordusunun kəşfiyyatçısı əsr götürüldü. Ümumiyyətlə erməni hərbi birləşmələri 2016-cı ildəki aprel döyüşlərindən sonra Goranboy istiqamətindəki mövqelərini gücləndirmək, bizim postları ələ keçirmək üçün davamlı kəşfiyyat-təxribat hərəkətləri etməyə cəhd edirlər. Bu da növbəti cəhdlərdən biridir. Lakin bu dəfə Azərbaycan Ordusunun həmin istiqamətdə xidmət aparan hərbçiləri vəziyyəti düzgün qiymətləndirərək, erməni kəşfiyyatçısını pusquya sala bildilər. Bu hadisə Ermənistanın Qarabağda vəziyyəti yenidən gərginləşdirmək niyyətindən xəbər verir. Əlbəttə, Ermənistan rəsmiləri bunu etiraf etmək istəmirlər. Əslində erməni tərəfinin bunu etiraf etməsini gözləməyin özü də yanlışdır. Xocalı faciəsini törətdiklərini inkar edən Ermənistan, bunu etiraf edəcəyini gözləmək sadəlövhlük olardı.

Digər tərəfdən bu münaqişə zamanı dəfələrlə Ermənistan hərbçilərinin əsr götürülməsi faktı olub. Azərbaycan hər zaman əsrlərə beynəlxalq hüquqa uyğun şəkildə yanaşaraq, hər hansı bir qeyri-insani rəftara yol verməyib. Ermənistan əsl faktı gizlətmək üçün növbəti dəfə siyasi həyasızlıq edərək, əsrlə rəftar məsələsini gündəmə gətirmək istəyir. Məncə, Ermənistan həmin kəşfiyyatçının Azərbaycan Ordusunun nəzarətində olan mövqelərə hansı məqsədlə gəldiyini etiraf etsin və buna aydınlıq gətirsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə