Azərbaycanın müstəqil mətbuatında daha bir yenilik
Azərbaycanın müstəqil mətbuatında özünəməxsus yeri və rolu olan “SƏS” qəzeti ölkədə daha bir ilkə imza atıb. SİA xəbər verir ki, artıq qəzetin oxucuları bir sıra informasiyaları videogörüntü vasitəsi ilə də izləyəcəklər. Belə ki, videoxəbərləri izləmək üçün android sistemli telefonlara və smartfonlara QR Code Reader skine proqramını yükləmək və kamera bölümünə daxil etməklə informasiyanın linkinə daxil olmaq lazımdır. Qeyd edək ki, İphone (Ayfon) tipli telefonlara həmin proqramı yükləməyə ehtiyac yoxdur. Belə ki, bu model smartfonların kameralarını QR Code-yə yaxınlaşdırmaq kifayət edir.
Yeniliklə bağlı “SƏS” Media Qrupunun rəhbəri, qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib ki, müasir texnologiyalar dövründə bütün sahələrdə olduğu kimi, qəzetçilik sahəsində də yeniliklərə, kreativliklərə ehtiyac duyulur. “Məhz bu baxımdan, qərara gəldik ki, ideyanı ilk olaraq biz - “SƏS” qəzeti olaraq reallaşdıraq və çox sevindirici haldır ki, bu yeniliyi biz həyata keçirdik”, deyən Bəhruz Quliyev bunu bütövlükdə ölkə mətbuatının uğuru kimi qiymətləndirib: “Hesab edirəm ki, bu, yalnız “SƏS” qəzetinin uğuru deyil, həm də bütövlükdə mətbuatımızın uğurudur. Bu münasibətlə həmkarlarımı təbrik edir və növbəti yeniliklərə imza atmalarını arzulayıram”.
Baş redaktor əlavə edib ki, "SƏS" qəzetinin balansında "SƏS" İnformasiya Agentliyi və "SƏS" İnternet Televiziyası da fəaliyyət göstərir və internet TV-nin də ilk olaraq bu media qurumunda fəaliyyətə başlaması vaxtilə ilklərdən olub. "Bu baxımdan da sevindiricidir ki, növbəti kreativliyə və yeniliyə biz imza atmışıq", Bəhruz Quliyev sonda vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB