“Qolos Armeniya” cinayət artımı və vətəndaş müharibəsi barədə yazdı ANALİTİK

“Qolos Armeniya” cinayət artımı və vətəndaş müharibəsi barədə yazdı ANALİTİK

Nəşr: “Biz heç nəyi şişirtmirik, əslində, vətəndaş müharibəsi birinci atəşlə başlamır, daha tez – opponent düşmənə çevriləndə başlayır”

Ermənistanın rusdilli “Qolos Armenii” qəzetinin yazdığına görə, ölkədə koronavirus pandemiyası ilə bağlı elan olunmuş fövqəladə hal dövründə cinayətkarlıq sürətlə artıb. Erməni nəşri qeyd edir ki, “yeni Ermənistanın” hüquq-mühafizə orqanları Paşinyanın əlində sözəbaxan alətə çevrilib və birbaşa özlərinə aid olan vəzifələrini icra etmələri, yəni cinayətkarlıqla mübarizə aparmaq, vətəndaşların təhlükəsizliklərini və qanun-qaydaları təmin etmələri yerinə, əsasən, baş nazirin siyasi opponentlərini təqib etmək və istənilən etiraz aksiyalarının qarşısını almaq tapşırıqlarını yerinə yetirirlər.

“Ölkədə son 2 ildə nəzərəçarpacaq qədər artan cinayətkarlıq bizə ittiham və nəticələrimizi ictimailəşdirmək hüququnu verir”

SİTAT: “Mümkün ola bilər ki, biz səhv edirik. Mümkündür... Ancaq bu zaman hüquq-mühafizə orqanları ekvilibristik danışıqlarla məşğul olmağa son qoysunlar və konkret faktlarla sübut etsinlər ki, biz yanlışıq. Ölkədə son 2 ildə nəzərəçarpacaq qədər artan cinayətkarlıq bizə ittiham və nəticələrimizi ictimailəşdirmək hüququnu verir. Belə ki, mövcud kifayət qədər narahat vəziyyətin yaranmasında, məhz Paşinyanı və birbaşa ona tabe olan hüquq-mühafizə orqanlarını təqsirkar hesab edəcəyik, nə qədər ki, onlar əksini sübut edə bilməyəcəklərsə. Əgər cari ilin birinci yarımillik statistikasına baxarsaq, sonuncu təsəvvür ümidverici görünmür...”

Adıçəkilən nəşr bir sıra sübut və isbatları faktlarla ortaya qoyur. SİTAT: “Ehtimal etmək olar ki, fövqəladə hal rejimi anlayışa görə, ölkədəki cinayətkarlıq səviyyəsini cüzi olsa da azalda bilər. Lakin bütün ümidlər hansısa Bermud üçbucağındaca izsiz şəkildə yoxa çıxdı. Qara dəlikdə buxarlandı. 2020-ci ilin birinci yarımiliyində cinayətlərin sayı 13003-ü təşkil edib, hansı ki, 2019-cu ilin həmin dövründə onların sayı 12250 idi. Üstəlik, kiçik cinayətlərin artımı qeydə alınması ilə yanaşı, orta və ağır cinayətlər də artıb. Əgər ötən yarımillikdə odlu silahdan istifadə cinayətlərinin sayı 27 idisə, artıq 2020-ci ildə 54-ə çatıb. Hətta “Mənim addımım” blokunu təmsil edən deputat cinayətkar şəbəkə başçılarını cinayət törətdikləri yerdəcə güllələnmələrinə çağırış edib. Lakin cinayətkar birləşmələrin rəhbərləri adi dəstə üzvlərindən ona görə fərqlənirlər ki, əksər hallarda onların özləri heç bir xüsusi zorakılıq etmirlər və bu baxımdan, yerlərindəcə tutulub güllələnmələri mümkün görünmür. Cinayətkar başçının fəaliyyəti belədir ki, o, əmrlərini hətta evdə, divanda uzanarkən də verə bilər.

“İctimai təhlükəsizliyə və vətəndaşların sağlamlıqlarına qarşı yönəlmiş cinayətlər” qrafasında isə cinayətlərin sayı cari ilin ilk yarımilliyində 2124-ü təşkil edib, hansı ki, bu rəqəm ötən il 863-2 göstərirdi. Bu hal isə birinci yarımilliyin 3,5 ayının fövqəladə hal dövrünə təsadüf edir. Polisin gücləndirilmiş patrul xidmətinə baxmayaraq, “xuliqanlıq” maddəsi ilə törədilmiş hadisələrin də sayı artıb. Ötən ildə xuliqanlıq hala 129 idisə, bu il rəqəmlər 169-u göstərir. Üstəlik, xuliqanlıqlar əsasən silah tətbiq etməklə törədilir (ötən ilin 36 hadisəsinə qarşı 49 hadisə)”.

“Fövqəladə vəziyyət dələduzluq hallarının da artmasının qarşısını ala bilməyib”, yazan erməni nəşri qeyd edir ki, cari ilin ilk yarımilliyində 711 müvafiq cinayət qeydə alınıb. 2019-cu ildə isə bu rəqəm 594-ü göstərirdi.

“Belə bir prinsip fəaliyyət göstərir, “Poqos əlbəttə ki, it oğludur, ancaq o bizim it oğludur”, ancaq bədbəxtlik ondadır ki, “bizim it oğlu” formulu bütün tərəflərdən ciddi problemlər yaradır...”

Nəşr daha bir maraqlı araşdırmanı ortaya çıxarıb. SİTAT: “İndi isə, ən maraqlısına keçək. 2020-ci ilin birinci yarımilliyində 664 korrupsiya xarakterli cinayət qeydə alınıb, ötən ildə bu rəqəm 632 idi. Hadisələrin sayı artsa da, cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı azalıb. Ötən il onların sayı 415 idi (71-i vəzifəli şəxslər), 2020-ci ilin birinci yarım ilində isə 329 (onlardan 53-2 vəzifəli şəxs).

Həmvətənlər, bəs bunu necə anlamayaq? Korrupsiya cinayətlərinin sayı artır, ancaq korrupsiya xarakterli cinayətlər törətməkdə şübhəli bilinən vəzifəli şəxslərin sayları azalır? Belə bir prinsip fəaliyyət göstərir “Poqos əlbəttə ki, it oğludur, ancaq o bizim it oğludur”, ancaq bədbəxtlik ondadır ki, “bizim it oğlu” formulu bütün tərəflərdən ciddi problemlər yaradır... Necə olursa-olsun, ölkədə cinayətlərin sayının artması bir sıra səbəblərlə izah oluna bilər, hansı ki, onlardan ən əsasları bunlardır.

Birincisi, deyildiyi kimi, hüquq-mühafizə orqanları Paşinyanın əlində opponentlərinə qarşı alətə çevrilməklə öhdələrinə düşən vəzifələri icra etmirlər, yəni cinayətlə mübarizə aparmırlar, vətəndaşların təhlükəsizliyini və ölkədəki qanunları müdafiə etmirlər. Bunu anlamaq üçün isə hüquq-mühafizə orqanının əməkdaşı olmaq vacib deyil.

İkincisi, Paşinyan peşəkarları uzaqlaşdıraraq və onların yerinə baş nazir iradəsini və kaprizlərini kor-koranə icra edənləri gətirərək, son iki ildə faktiki olaraq hüquq-mühafizə sistemini məhv edib. Yerdə qalan peşəkarlar isə asılı vəziyyətdə qalaraq, ya da effektiv işləmək imkanında olmayaraq və işlərini itirmək təhlükəsini anladıqları üçün fəaliyyətlərini apara bilmirər. Xatırladaq ki, Paşinyan artıq üç polis rəisini və o qədər də Milli Təhlükəsizlik Xidməti direktorlarını dəyişib. Bizdə isə hər yeni rəhbərin gəlişi bütün strukturun silkələnməsi ilə müşahidə olunur.

Üçüncüsü, Paşinyanın dövründəki hüquq-mühafizə orqanlarında qanunun, cinayət kodeksinin, əsaslı sübutun, eləcə də sadə məntiqin hansı anlam daşıması ümumiyyətlə unudulub. Orada əsas məsələ rəhbərliyin istəklərini yerinə yetirməkdən ibarətdir...

Dördüncüsü, cinayətlərin sayının artmasının daha bir səbəbi cəmiyyətin dəhşətli vəziyyətdə olmasıdır. Bir tərəfdən vətəndaşların sosial vəziyyətləri pisləşir, digər tərəfdən, hakimiyyət tərəfindən məqsədli şəkildə mənəvi təməllərin məhv edilməsi cəmiyyətin aqressivliyini və nifrətini artırır. Belə bir təəssürat yaranır ki, bizdə vətəndaş müharibəsi gedir, mövcud situasiyada isə hər zaman cinayətlərin artması müşahidə olunur. Biz heç nəyi şişirtmirik, əslində, vətəndaş müharibəsi birinci atəşlə başlamır, daha tez – opponent düşmənə çevriləndə başlayır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə